BAYRAQDAR MEDİA – Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Aqrar Təlim Mərkəzi (ATM) tərəfindən Lənkəran rayonunda “Aqrar sahədə müasir suvarma sistemlərinin təşviqi” mövzusunda 3 günlük interaktiv təlim proqramına başlanılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “təlim proqramı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş suvarma suyundan səmərəli istifadə mexanizmlərinin inkişaf etdirilməsi, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, informasiya-məsləhət xidmətləri və innovasiya yayımı sisteminin inkişaf etdirilməsi üzrə prioritet istiqamətlərə uyğun olaraq təşkil olunub. Tədbirin açılışında çıxış edən AXA sədri Sərdar Hacıyev bildirib ki, aqrar sahənin dayanıqlı inkişafı, məhsuldarlığın artırılması, innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi və iqlim dəyişikliklərinə uyğunlaşma əsas prioritet istiqamətlərdəndir. O qeyd edib ki, ATM tərəfindən cari il ərzində 52 rayon üzrə təşkil olunan 628 təlimdə ümumilikdə 16 min 709 fermer iştirak edib”.
Daha sonra xəbərdə, “proqram çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə təqdimatlar keçirilib. Təqdimatlar zamanı ənənəvi və müasir suvarma üsullarının müqayisəsi, müasir suvarma sistemlərinin üstünlükləri, damcı və yağmurlama kimi intensiv suvarma texnologiyalarının tətbiqi, su itkilərinin əsas səbəbləri və onların azaldılması yolları, suvarmaya təsir göstərən iqlim, torpaq və bitki amilləri, eləcə də müasir suvarma sistemlərinin düzgün layihələndirilməsi və planlaşdırılması prinsipləri ətraflı izah olunub. İştirakçılar mövzular üzrə praktiki nümunələr və beynəlxalq təcrübə ilə tanış olublar, onları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb” deyə qeyd olunur.
Qeyd edək ki, üç gün davam edəcək proqram çərçivəsində Təlimçilər üçün Təlim (Training of Trainers – ToT) proqramı da təşkil olunacaq. Proqramın üçüncü günü isə Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən nümunəvi təsərrüfatda praktiki məşğələ keçiriləcək. İştirakçılar burada müasir suvarma sistemlərinin tətbiqini praktik olaraq öyrənmək və onların iş prinsipi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.






İlk şərhi yaza bilərsiniz