BAYRAQDAR MEDİA – Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev Lənkəran Dövlət Universitetinə səfər edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AXA-dan daxil olub.
Xəbərdə deyilir ki, “səfər çərçivəsində universitet rəhbərliyi ilə keçirilən görüşdə aqrar təhsil, elmi tədqiqatlar, innovativ texnologiyaların tətbiqi və kənd təsərrüfatı sahəsi üçün yüksəkixtisaslı kadr hazırlığının inkişaf perspektivləri müzakirə olunub. Səfərin əsas məqsədi universitetin aqrar istiqamətlər üzrə mövcud elmi-praktiki bazası ilə tanış olmaq, tədris prosesində istifadə olunan infrastrukturun imkanlarını qiymətləndirmək, eləcə də gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək olub. Proqram çərçivəsində Agentliyin sədri universitetin Baytarlıq Klinikasında yaradılmış şəraitlə yaxından tanış olub. Klinikada fəaliyyət göstərən süni mayalanma, rentgen, cərrahiyyə, diaqnostika, müayinə və digər ixtisaslaşmış otaqlara baxış keçirilib, burada tətbiq olunan müasir avadanlıqlar və laboratoriya imkanları barədə ətraflı məlumat verilib. Bildirilib ki, klinika tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsinə, eyni zamanda, regionda baytarlıq xidmətlərinin keyfiyyətinin artırılmasına mühüm töhfə verir”.
Daha sonra xəbərdə, “görüş zamanı kənd təsərrüfatı sahəsində ixtisaslı kadr hazırlığının daha da təkmilləşdirilməsi, tələbələrin praktik bilik və bacarıqlarının artırılması, elmi tədqiqatların istehsalatla əlaqələndirilməsi, təcrübə proqramlarının genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Tərəflər AXA ilə sözügedən Universitet arasında gələcəkdə baytarlıq, aqronomluq və digər kənd təsərrüfatı istiqamətləri üzrə birgə təlimlərin, elmi-praktiki tədbirlərin, təcrübə proqramlarının və innovativ layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, belə əməkdaşlıqlar müasir bilik və texnologiyaların tətbiqinə, peşəkar mütəxəssis hazırlığının gücləndirilməsinə və ölkənin aqrar sektorunun davamlı inkişafına mühüm töhfə verəcək” deyə diqqətə çatdırılır.






İlk şərhi yaza bilərsiniz