BAYRAQDAR MEDİA – İyulun 29-da gənclər və idman naziri Fərid Qayıbov Qazaxıstanın Astana şəhərində səfərdə olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “nazir burada fəaliyyət göstərən “Alem.AI” Beynəlxalq Süni İntellekt Mərkəzində keçirilən “Phygital Sports Summit Astana 2026” beynəlxalq idman sammitində iştirak edib. Sammit çərçivəsində F.Qayıbov “Fijital idmanın gələcəyinin formalaşdırılması: dövlət, siyasət və qlobal liderlik” mövzusunda keçirilən sessiyada çıxış edib. Tədbirdən sonra iştirakçılar “Gələcəyin oyunları”nın rəsmi açılış mərasimini izləyiblər. Açılış mərasimində Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri də iştirak ediblər. Səfər çərçivəsində F.Qayıbov Qazaxıstanın turizm və idman naziri Yerbol Mırzabosınov və Özbəkistanın idman naziri Ədhəm İkramovla da ikitərəfli görüşlər keçirib”.
Daha sonra xəbərdə, “F.Qayıbov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin baş qərargahını da ziyarət edib. Ziyarət zamanı Azərbaycanın hazırda sədrlik etdiyi AQEM (CICA) Gənclər Şurası çərçivəsində son iki il ərzində ölkəmizdə təşkil olunan tədbirlərdə könüllü kimi fəal iştirak etmiş və fərqlənmiş gənclərlə görüş keçirilib. Görüşdə gənclərə AQEM Katibliyinin fəaliyyəti, təşkilatın əsas istiqamətləri və beynəlxalq təşkilatlarda karyera imkanları barədə ətraflı məlumat verilib. Nazir həmçinin AQEM-in Baş katibi Kayrat Sarıbay ilə görüşüb. Görüşdə AQEM ilə gənclər sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz