BAYRAQDAR MEDİA – Bitlis vilayətinin ərazisində yerləşən və hər il yerli, eləcə də xarici turistlərin ziyarət etdiyi Nemrut Kalderasının simvoluna çevrilmiş ayılar yenidən görünməyə başlayıb.
Bu barədə ardahanhaber.com.tr saytı məlumat yayıb.
Bildirilib ki, Bitlisin Ahlat, Güroymak və Tatvan rayonlarının sərhədlərində yerləşən Nemrut Kalderasında yaşayan və bölgənin rəmzi hesab olunan “Nemrutun maskot ayıları” qış yuxusundan oyandıqdan sonra ilk dəfə görüntülənib.
Aylarla davam edən qış yuxusundan sonra havaların istiləşməsi ilə yenidən ortaya çıxan boz ayılar qida ehtiyaclarını ödəmək məqsədilə xüsusilə axşam saatlarında və hava qaraldıqdan sonra krater göllərinin ətrafında yem axtarırlar.
Bölgədə düşərgə quran və piknik edən insanların geridə qoyduğu qida qalıqları ayıların ən çox üz tutduğu qida mənbələri arasında yer alır.
Hər il yerli və xarici turistlərin böyük maraq göstərdiyi Nemrutun maskot ayıları bölgədə təbii həyatın ən diqqətçəkən mənzərələrindən birini yaradır.
Krater gölü ətrafını yaşayış sahəsi kimi istifadə edən ayılar ziyarətçilərə unudulmaz anlar yaşatsa da, mütəxəssislər vətəndaşlara vəhşi heyvanlara yaxınlaşmamaq və onları qidalandırmamaq barədə xəbərdarlıq edirlər.
Dəniz səviyyəsindən təxminən 2 min 900 metr yüksəklikdə yerləşən və “Avropanın Seçilmiş Destinasiyaları (EDEN)” layihəsi çərçivəsində ön plana çıxan Nemrut Kalderası isti və soyuq krater gölləri, buz mağarası, buxar bacaları, zəngin bitki örtüyü, çoxsaylı quş və vəhşi heyvan növləri ilə seçilir. Təbii gözəllikləri sayəsində ilin bütün fəsillərində turistləri qəbul edən kaldera, boz ayıları ilə də bölgənin ən mühüm turizm dəyərlərindən biri olmağa davam edir.






İlk şərhi yaza bilərsiniz