BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “bu çərçivədə Agentliyin əməkdaşları tərəfindən Şəmkir rayonu, “Ağ dağlar” yolunun yaxınlığında fəaliyyət göstərən fərdi sahibkar Əliyev Nəriman Yalçın oğluna məxsus maye qazdoldurma məntəqəsində təkrar yoxlama aparılıb. Yoxlama zamanı müəyyən olunub ki, Agentliyin müfəttişləri tərəfindən bir müddət əvvəl istismarı dayandırılmış 2 ədəd təzyiq altında işləyən tutumla bağlı pozuntular aradan qaldırılmayıb və qanunsuz şəkildə istismarı bərpa edilib. Belə ki, tutumların bundan əvvəl aşkar olunmuş istismar müddətinin bitməsi, tam texniki müayinələrinin aparılmaması, həmçinin nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmaması kimi pozuntular bir daha müəyyən olunub”.
Aşkarlanmış pozuntuların insan həyatı və sağlamlığı üçün ciddi təhlükə yaratdığı nəzərə alınaraq 2 ədəd təzyiq altında işləyən tutumun istismarı yenidən dayandırılıb. Həmçinin pozuntuların aradan qaldırılması üçün tərtib edilmiş aktın və Agentliyin müvafiq qərarının surəti sahibkara təqdim edilib.






İlk şərhi yaza bilərsiniz