Kənan Qurbano: 2026-cı ilin sonunadək elektron CMR üzrə ilk daşımanın həyata keçirilməsi gözlənilir
BAYRAQDAR MEDİA – “Orta Dəhliz üzrə bütün multimodal daşımalarında avtomobil nəqliyyatı mühüm rol oynayır. Dəmir yolu və avtomobil daşımaları rəqabət aparan sahələr deyil. Əksinə, dəmir yollarının genişlənməsi və inkişafı ilə paralel olaraq avtomobil daşımaları da inkişaf edir.
Bunu Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) baş katibi Kənan Qurbanov Bakıda keçirilən 5-ci “Qara dəniz və Xəzər Yük Forumu 2026: Dəhlizlər, İnfrastruktur, İnvestisiyalar” beynəlxalq konfrans-sərgidə çıxışı zamanı deyib.
O, qeyd edib ki, 2026-cı il ərzində avtomobil daşımalarının inkişafı istiqamətində böyük işlər görülüb.
“Dünyada geosiyasi vəziyyət dəyişdikdə, xüsusilə Orta Dəhliz daha aktiv fəaliyyət göstərməyə başladıqda buna ilk reaksiya verən məhz avtomobil daşımaları olur. Avtomobil nəqliyyatının daha çevik olması Asiya, Avropa və Çin arasında iqtisadi-ticarət əlaqələrinin qurulmasına və daşımaların sürətlənməsinə mühüm töhfə verir. Bu sahədə bizneslə dövlət arasında koordinasiya da böyük rol oynayır. Cari il ərzində rəqəmsallaşma, o cümlədən Orta Dəhlizin rəqəmsallaşdırılması istiqamətində mühüm işlər həyata keçirilib. Bu prosesdə aparıcı ölkə kimi Azərbaycan lokomotiv rolunu oynayıb. Hazırda Azərbaycan beş ölkə ilə elektron icazə blanklarının mübadiləsini həyata keçirir. İcazə sistemi artıq tamamilə elektronlaşdırılıb. Bu ölkələr Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandır. Digər ölkələrlə də bu istiqamətdə işlər aparılır. İlin sonunadək bir sıra digər dövlətlərin də xalis elektron icazə blankları ilə işləməyə keçməsi gözlənilir”.
Daşımalar üçün vacib sənədlərdən birinin də “e-CMR” olduğunu deyən K.Qurbanov Azərbaycanın da digər dövlətlər kimi elektron CMR Konvensiyasına qoşulduğunu bildirib: “Hazırda Türkiyə və Rusiya ilə bu istiqamətdə iş aparılır. İlin sonunadək elektron CMR üzrə ilk daşımanın həyata keçirilməsi gözlənilir. Bununla yanaşı, elektron TIR üzrə də ilk daşıma artıq həyata keçirilib. Ötən ay Türkmənistan və Azərbaycan arasında, daha sonra isə Türkmənistan və Özbəkistan istiqamətində TIR üzrə ilk daşıma uğurla həyata keçirilib. Növbəti mərhələdə “eTIR” üzrə ilk daşımanın Türkiyə ilə həyata keçirilməsi nəzərdə tutulur. Üç əsas sənədin elektron formata keçirilməsi və kağız sənəd dövriyyəsindən imtina daşımaların sürətlənməsinə mühüm təsir göstərəcək”.
ABADA-nın baş katibi qeyd edib ki, Orta Dəhlizin inkişafında ” e-CMR”in işə düşməsi də mühüm əhəmiyyət daşıyır. Sənəd dövriyyəsinin elektron formata keçirilməsi avtomobillərin dövlətlərarası sərhədlərdə daha az gözləməsinə və bununla da daşımaların sürətinin artırılmasına imkan verəcək.






İlk şərhi yaza bilərsiniz