Press "Enter" to skip to content

CASCFEN-dən yeni və mühüm qərarlar

Əməkdaşlıq müqavilələri yenidən nəzərdən keçiriləcək, Məşvərət Şurasının adı dəyişdiriləcək, üzvlük vəsiqələri yenilənəcək

BAYRAQDAR MEDİA – “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) yeni rəhbər heyətinin genişləndirilmiş (İdarə Heyəti və Nəzarət-Təftiş Komissiyasının birgə) ilk iclası keçirilib.

CASCFEN-in Mətbuat Xidmətindən bildirilib ki, onlayn formatda keçirilən iclasda təşkilatın yeni fəaliyyət dövrü ilə bağlı bir sıra mühüm məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Qərara əsasən, CASCFEN-in bu günədək istər Azərbaycanda, istərsə də türk dövlətlərində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və beyin mərkəzləri ilə imzaladığı əməkdaşlıq müqavilələrinə yenidən baxılacaq. Bu məqsədlə mövcud əməkdaşlıqların şərtlərinin təhlil edilməsi, həmçinin tərəfdaş qurumların rəsmi qeydiyyatının və hüquqi statusunun dəqiqləşdirilməsi nəzərdə tutulur. Qərarın qəbul edilməsi zərurəti barədə məlumat və bəhs edilən əməkdaşlıqlarla bağlı yeni təkliflər qarşı tərəflərə təqdim ediləcək. Həmçinin, fəaliyyəti dayandırılan mövcud əməkdaşlıqlarla bağlı yeni şərtlər əsasında müqavilələrin imzalanması məsələsinə da ilin sonunadək baxılacaq.

İclasda CASCFEN-in Məşvərət Şurasının adının dəyişdirilməsi barədə də qərar qəbul edilib. Bundan sonra Şura Məşvərət və Təəssübkeşlər Şurası adlandırılacaq. Rəhbər heyətin iclasında CASCFEN üzvlərinin vəsiqələrinin yenilənməsi ilə bağlı da qərar qəbul olunub. Qərara əsasən, ilin sonunadək təşkilat üzvlərinin siyahısı yenidən dəqiqləşdiriləcək, üzvlük statusları yoxlanılacaq və bundan sonra yeni vəsiqələr hazırlanacaq.

İclasda CASCFEN-in xarici ölkələrdəki təmsilçiliklərinin fəaliyyəti ilə bağlı da məsələ müzakirə edilib. Bildirilib ki, əməkdaşlıq müqaviləsi imzalanmış xarici təşkilatların nümayəndələri CASCFEN-in üzvləri və ya rəsmi təmsilçiləri hesab edilmir və bundan sonra da edilməyəcək.

Eyni zamanda CASCFEN-in Azərbaycandan olan Türkiyə və Balkan ölkələrindəki təmsilçilərinin fəaliyyətinin gücləndirilməsi, digər xarici ölkələrdə isə Azərbaycan vətəndaşları, diaspor nümayəndələri və azərbaycanlı tələbələr arasından təşkilatın təmsilçilərinin müəyyənləşdirilməsi qərara alınıb.

İclasda CASCFEN sədrinin Budapeşt mərkəzli Avropa üzrə xüsusi müşavirinin fəaliyyətə başlaması ilə bağlı da məlumat verilib. Ayxan Həsrətin Budapeştdə təhsil aldığı müddətdə CASCFEN-in Avropada əməkdaşlıqlarının güclənməsi və digər istiqamətlər üzrə fəaliyyətinə dəstək göstərəcəyi bildirilib.

Bundan başqa, CASCFEN-in internet və sosial şəbəkə resursları ilə bağlı yaxın aylar ərzində yeni addımların atılmasına dair müvafiq qərar qəbul edilib. Xüsusilə də İctimai Birliyin internet resursunun müasir tələblər səviyyəsində yenilənməsi üçün müvafiq addımların atılması məqsədəuyğun hesab edilib.

CASCFEN-in Mətbuat Xidmətindən bildirilib ki, qəbul olunan qərarlar təşkilatın yeni fəaliyyət dövründə daha sistemli və qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanan fəaliyyətinin təmin edilməsinə, üzvlük sisteminin təkmilləşdirilməsinə və beynəlxalq əlaqələrinin daha səmərəli qurulmasına xidmət edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.