Press "Enter" to skip to content

Bu cinayətlrə bütün dünyanın gözü qarşısında törədilib

Nadir Azəri

BAYRAQDAR MEDİA – “44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan əraziləri tamamilə işğaldan azad edildi. Lakin işğal dövründə törədilmiş cinayətlərin və Azərbaycan ərazilərinə vurulmuş zərərin izləri hələ də qalmaqdadır.

Bu azmış kimi həmin vaxt Azərbaycan ərazilərini tərk edərkən də ermənilər tərəfindən yaşayış məntəqələrinin və meşələrin yandırılması, evlərin talan edilməsi və digər dağıntıların törədilməsi faktı bütün dünyanın gözü qarşısında olub. Ermənilərin 2020-ci ildə Kəlbəcər və Laçın rayonlarından çıxmaq ərəfəsində meşələri yandırması da deyilənlərin əyani sübutudur”.

Bunu CASCFEN sədri Nadir Azəri deyib.

O, qeyd edib ki, sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə də bu məqama toxunulub. Dövlət başçısı çıxışında bildirib ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan edilib, kəsilib, satılıb və artıq İkinci Qarabağ müharibəsindən sonra yandırılıb, o müddətdə ki, erməni silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarından çıxmalı idi, orada onlara 2-3 həftə vaxt verilmişdi. Hamının yaxşı xatirindədir, onlar həm ağacları məhv edirdilər, həm də santexnikanı yaddan çıxarmayıblar. Görünür, onlar üçün ən qiymətli iki məsələ var idi: biri Azərbaycan təbiətini tamamilə məhv etmək, ikinci də ən qiymətli santexnika cihazlarını özləri ilə aparmaq. O işğal dövrünün onlar üçün əsas yadigarı yəqin ki, odur. Qeyd olundugu kimi o cümlədən bizim təbii resurslarımız – qızıl, mis, molibden yataqlarımız talan edilirdi.

N.Azəri bildirib ki, bu məqamda həm işğal dövründə, həm də 2020-ci ildə Vətən müharibəsindən sonra 2023-cü ilin sentyabrına qədər Qarabağın bir hissəsində separatçı rejimin nəzarətində qalan ərazilərdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı, talan edilməsi faktını qeyd etmək vacibdir: “Xatırladaq ki, Azərbaycanın müvafiq qurumları bu fəaliyyətlə bağlı araşdırmalar aparıb, cinayət işləri başlayıb və bir sıra şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülüb. Bu proseslə bağlı adı çəkilən şəxslərdən biri də Ruben Vardanyandır. Vardanyan 2022-ci ildə Qarabağa gəldikdən sonra separatçı rejimin qondarma “dövlət naziri” vəzifəsini tutub. Həbs edildikdən sonra isə ona qarşı bir sıra ağır cinayətlərlə bağlı ittihamlar irəli sürülüb. Son dövrlərdə isə xaricdəki bəzi dairələrin və erməni separatçılarının Vardanyanı “təmizə çıxarmaq” müsbət cəhdləri müşahidə olunur. Bu baxımdan işğal dövründə və 44 günlük Vətən müharibəsindən sonrakı üç il ərzində təbii sərvətlərin qanunsuz istismarının xatırladılması xüsusi əhəmiyyət daşıyır. Bunun ən konkret nümunələrindən biri Zəngilan rayonunun Vejnəli kəndində yerləşən qızıl yatağıdır. Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, İsveçrədə qeydiyyatdan keçmiş “Vallex Group” şirkətlər qrupunun filialı olan “Base Metals” QSC 2009–2017-ci illərdə Vejnəli yatağında qanunsuz sahibkarlıq fəaliyyəti həyata keçirib və nəticədə 301 milyon 918 min manat məbləğində gəlir əldə edib”.

Qeyd edilib ki, həmin iş üzrə “Vallex Group”un maliyyə investoru, İsveçrə vətəndaşı Vartan Sirmakes, qrupun rəhbəri Valeriy Mejlumyan və “Base Metals”in icraçı direktoru Artur Mkrtumyan haqqında təqsirləndirilən şəxs qismində beynəlxalq axtarış elan edilib. İsveçrə vətəndaşı Vartan Sirmakes “Franck Muller Group” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru olub. Azərbaycan tərəfinin məlumatına görə, Sirmakes Vejnəli kəndindəki qızıl mədəninin açılışında iştirak edib və bununla bağlı ona qarşı cinayət işi başlanıb. Bununla yanaşı, “Gold Star” şirkətinin də Vejnəli yatağının istismarında iştirak etdiyi barədə araşdırmalar mövcuddur.

Məsələ 2020-ci ildə Vətən müharibəsindən sonra da gündəmdə qaldı. 2022-ci ilin dekabrında Azərbaycan QHT-lərinin nümayəndələri və ekofəallar Laçın–Şuşa yolunda etiraz aksiyasına başladılar. Aksiyanın əsas tələblərindən biri Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması və həmin ərazilərdə ekoloji monitorinq aparılmasına şərait yaradılması idi.

“Beləliklə, mənim də iştirakçısı olduğum Azərbaycan QHT-ləri və ekofəalların aksiyası təsadüfi təşəbbüs deyildi. Bu aksiya işğal dövründən qalan təbii sərvətlərin qanunsuz istismarı problemini, Qarabağdakı mədənlərin fəaliyyətini və ekoloji təhlükəsizlik məsələlərini gündəmə gətirən vətəndaş cəmiyyəti təşəbbüsü idi” , – deyə N.Azəri bildirib.

Sonda o da qeyd edilib ki, sadalanan faktlar Azərbaycanın işğal altında olmuş ərazilərində ermənilər tərəfindən azərbaycanlılara, yaşayış məntəqələrinə və infrastruktura vurulan zərərlə yanaşı, torpağın və yeraltı sərvətlərin də uzun illər ərzində necə vəhşiliklə talan edildiyini göstərir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.