BAYRAQDAR MEDİA – İran İslam Respublikasının Azərbaycan Respublikasına qarşı apardığı qəbuledilməz siyasət həmin ölkənin müxalif kəsiminin də narazılığına səbəb olub. Bununla bağlı İranda Demokratik Millətlər Koalisiyası Bəyanat yayıb. Sənədin əhəmiyyətini nəzərə alaraq tam mətnini təqdim edirik:
İran İslam Respublikasının Azərbaycan Respublikasına müdaxilələrinin pislənməsi və Azərbaycan xalqının və dövlətinin milli suverenlik hüququnun müdafiəsi haqqında Bəyanat
İran İslam Respublikası 1979-cu il inqilabından sonra hakimiyyətə gəldiyi ilk günlərdən etibarən öz sərhədləri daxilində vətəndaşların rifahına, inkişafına və hüquqlarına diqqət yetirmək əvəzinə, strateji siyasətini “inqilabın ixracı” və özünün irticaçı, ideoloji norma və meyarlarını sərhədlərdən kənara qəbul etdirmək üzərində qurub. Bu müdaxiləçi yanaşma İraq, Səudiyyə Ərəbistanı, Suriya, Türkiyə, Livan və digər İslam ölkələri də daxil olmaqla Yaxın Şərq ölkələrini bu hakimiyyətin dağıdıcı fəaliyyətlərinin həyata keçirildiyi məkanlara çevirib.
Qeyd etmək lazımdır ki, Soyuq müharibə dövründə Sovet İttifaqında və kommunist Çində müsəlman vətəndaşların qanlı və sistematik şəkildə repressiyaya məruz qalmasına baxmayaraq, İran hakimiyyəti onların hüquqlarını müdafiə etmək üçün hər hansı ciddi etiraz və ya mövqe bildirməkdən çəkinib və çəkinməkdə davam edir. Lakin açıq ziddiyyət təşkil edən bir siyasətlə, dəyişiklik imkanlarının daha geniş olduğu müsəlman və qonşu ölkələrin daxili işlərinə davamlı müdaxilə edərək gərginlik yaratmağı gündəminə daxil edib.
Sovet İttifaqının dağılması və yeni respublikaların müstəqillik qazanması ilə İran İslam Respublikası öz geosiyasi və ideoloji hədəflərinin əhatə dairəsini genişləndirib. Bu dəfə yeni müstəqillik əldə etmiş ölkələrin daxili nizamının, təhlükəsizliyinin və siyasi sabitliyinin pozulması Tehran rejiminin əsas məqsədlərindən biri kimi müəyyənləşdirilib.
Bu arada Azərbaycan Respublikası ən uzun ortaq sərhədə malik olması, əhalisinin əksəriyyətinin şiə müsəlmanlardan ibarət olması, eləcə də Araz çayının bu tayında yaşayan milyonlarla azərbaycanlı ilə dərin mədəni və dil bağları səbəbindən İranın ekspansionist siyasətinin əsas və məqsədyönlü hədəflərindən birinə çevrilib.
İran İslam Respublikası son otuz ildən artıq müddətdə aşağıdakı vasitələrdən istifadə edərək yeni qurulmuş Azərbaycan dövlətinin sabitliyini sarsıtmağa çalışıb:
• Azərbaycan Respublikasının daxili və siyasi işlərinə davamlı müdaxilə;
• Terrorizmin və təhlükəsizliyin pozulmasının təşviqi və ixracı;
• Vilayəti-fəqih ideologiyasına bağlı dini tələbə və agent şəbəkələrinin təşkil edilməsi, təlim keçməsi və silahlandırılması;
• Azərbaycan Respublikasına narkotik maddələrin qaçaqmalçılığı;
• Düşmənçilik məqsədli televiziya kanallarının və müxtəlif internet saytlarının yaradılması.
Azərbaycan Respublikasında son həftələr baş verən hadisələr və proseslər İranın təhlükəsizlik və kəşfiyyat qurumlarının bu respublikada sabitliyi pozmaq cəhdlərindəki açıq rolunu bir daha nümayiş etdirib.
Biz, bu bəyanatı imzalayanlar, İran İslam Respublikasının region ölkələrinin, xüsusilə Azərbaycan Respublikasının daxili işlərinə davamlı müdaxilələrini qətiyyətlə pisləyərək vurğulayırıq:
Yalnız region ölkələrinin xalqları və Azərbaycan Respublikasının xalqı öz müqəddəratları, idarəetmə formaları və həyat tərzləri haqqında qərar vermək hüququna malikdirlər. Heç bir xarici dövlətin onların milli iradəsinə müdaxilə etmək hüququ yoxdur.
İran sərhədləri daxilində demokratiya tərəfdarı olan qüvvələri vəhşicəsinə repressiyaya məruz qoyan, vətəndaşların, xüsusilə qadınların bütün fundamental azadlıqlarını tapdalayan, ümumölkə etirazlarında, o cümlədən Dey ayı faciələrində on minlərlə azadlıqsevər insanı qanına qəltan edən bir hakimiyyətin başqa ölkələrin vətəndaşlarının hüquqlarını müdafiə etmək iddiasında bulunmağa heç bir səlahiyyəti, legitimliyi və hüququ yoxdur.
İranda yaşayan xalqların hüquqlarını qəsb edən bir rejim başqa xalqların hüquqlarının müdafiəçisi olduğunu iddia edə bilməz.
Yaşasın Azərbaycan xalqının mübarizəsi!
İrticaçı İran İslam Respublikası rejimi devrilsin!
İranda Demokratik Millətlər Koalisiyası:
1. Azərbaycan Milli Dirəniş Təşkilatı — Dirəniş
2. Güney Azərbaycan Demokrat Partiyası — GADP
3. Azərbaycan Mərkəz Partiyası — AMP
4. Azərbaycan Öyrənci Hərəkatı — AZOH
5. Qaşqayı Azadlıq Yolu Partiyası — QAYI
6. Əhvazın Azadlığı Üçün Ərəb Mübarizə Hərəkatı — Əl-Nizal
7. Bəlucistan Raci Təpaki Gəl Partiyası






İlk şərhi yaza bilərsiniz