BAYRAQDAR MEDİA – Noyabrın 4-də Bakıda yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının rəsmi açılış mərasimi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “FHN və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian, Rusiyanın fövqəladə hallar naziri general-polkovnik Aleksandr Kurenkov, Belarusun fövqəladə hallar naziri daxili xidmət general-mayoru Vadim Sinyavski, Özbəkistanın fövqəladə hallar nazirinin birinci müavini polkovnik Sanjar Zuparov, Qırğızıstanın fövqəladə hallar nazirinin müavini polkovnik Almazbek Asanov, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, Federasiyanın üzvü olan ölkələrin komandaları və nümayəndə heyətləri, yarışın hakimləri, digər yerli və xarici qonaqlar iştirak ediblər. Tədbirdə, əvvəlcə Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının əsas hakimlər kollegiyasının üzvləri və iştirakçı ölkələrin komandalarının təntənəli keçidi olub”.
Daha sonra xəbərdə, “Dövlət Bayrağı və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının bayrağı meydana gətirildikdən sonra Azərbaycan Dövlət Himni və Federasiyanın Himni səsləndirilib. Mərasimdə K.Heydərov açılış nitqi ilə çıxış edərək iştirakçıları salamlayıb. Nazir Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın qlobal miqyasda nüfuzlu bir idman dövlətinə çevrildiyini bildirib. Son illərdə ölkədə beynəlxalq standartlara cavab verən müasir idman infrastrukturunun qurulması, idmanın müxtəlif növlərinin inkişafına göstərilən ali diqqət və qayğı sayəsində idmançıların ən mötəbər turnirlərdə, dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında yüksək nailiyyətlər qazanaraq üçrəngli bayrağımızı ucaldırlar. Eyni zamanda, Azərbaycan nüfuzlu beynəlxalq idman yarışlarına mükəmməl ev sahibliyi etməklə dünyada güclü idman mərkəzi kimi tanınır.
Nazir Bakıda keçirilən bu çempionatın yanğınsöndürmə və xilasetmə idmanının inkişafına, müxtəlif ölkələrin müvafiq qurumları arasında peşəkar əlaqələrin genişlənməsinə və təcrübə mübadiləsinə mühüm töhfə verəcəyini qeyd edib” deyə diqqətə çatdırılır.
Xəbərdə həmçinin deyilir ki, “K.Heydərov qarşıdakı yarışların yüksək idman ustalığının, ədalətli mübarizənin və qarşılıqlı hörmətin parlaq nümunəsinə çevriləcəyinə, eyni zamanda, iştirakçılar arasında peşəkar əlaqələrin möhkəmləndirilməsi baxımından əlverişli imkanlar yaradacağına əminliyini ifadə edib. O, yanğın və xilasetmə idmanının inkişafının sağlam həyat tərzinin təbliğinə, eləcə də gənc nəslin idmana və cəmiyyətə xidmətə marağının artırılmasına mühüm töhfə verdiyini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb. Sonra A.Çuprian, Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının direktoru Andrey Kalinin və baş hakim Aleksandr Klitonçik çıxış edərək Azərbaycanda dünya çempionatının yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini bildirib, yarışın keçirilməsi üçün yaradılmış şəraiti və görülmüş təşkilati işləri yüksək qiymətləndirdiklərini vurğulayıb, iştirakçılara uğurlar arzulayıblar. Sonra yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı açıq elan olunub. Mərasimdə Azərbaycanın zəngin tarixi və mədəniyyətini tərənnüm edən, eləcə də dünya çempionatına həsr olunmuş videoçarxlar nümayiş olunub, Azərbaycanın milli musiqi və rəqs nümunələrindən ibarət bədii proqram təqdim edilib”.
Ardınca xəbərdə, “çempionatın proqramına uyğun olaraq hücum nərdivanı ilə qalxma növü üzrə kişilər arasında yarımfinal və final, qadınlar arasında isə final yarışları keçirilib. Yarışların yekununda qaliblər və mükafatçılar müəyyənləşib. Kişilər arasında yanğın-xilasetmə idmanı üzrə hücum nərdivanı ilə 4-cü mərtəbəyə qalxma növündə I yeri Dmitri Qrebenşikov – Rusiya, II yeri Zelimxan Kubayev – Rusiya, III yeri isə Stanislav Titorenko – Rusiya tutub. Qadınlar arasında yanğın-xilasetmə idmanı üzrə hücum nərdivanı ilə 2-ci mərtəbəyə qalxma növündə I yerə Mariya Kataseva – Rusiya, II yerə Aleksandra Lasenkova – Belarus, III yerə isə Yekaterina Sidorenko – Rusiya layiq görülüblər. Qalib və mükafatçılara medalları K.Heydərov, A.Çuprian təqdim ediblər. Mükafatlandırma mərasimində qalib ölkələrin dövlət himnləri səsləndirilib” deyə bildirilir.
Qeyd edək ki, çempionat çərçivəsində idmançılar dörd növ üzrə qüvvələrini sınayırlar: hücum nərdivanı ilə tədris qülləsinin 2-ci və 4-cü mərtəbələrinə qalxma, 100 metr məsafəyə maneəli qaçış, 4×100 metr məsafəyə yanğın estafeti və döyüş açılışı.






İlk şərhi yaza bilərsiniz