Press "Enter" to skip to content

Avropa birinciliyi: Daha üç boksçu dörddə bir finala vəsiqə qazanıb

Bayraqdar.info – Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir.

Xəbər bayraqdar.info-ya Azərbaycan Boks Federasiysından verilib.

Xəbərdə bildirilir ki, yarışın dördüncü günündə Azərbaycan millisinin 5 üzvü rinqə çıxıb. Belə ki, səkkizdə bir final mərhələsi çərçivəsində baş tutan qarşılaşmada Fərhad Şeydayev (63 kq) Martin Rusnakla (Çexiya) üz-üzə gəlib. Azərbaycan boksçusu rəqibini 5:0 hesabı ilə məğlub edərək, mərhələ adlayıb. O, dörddə bir finalda israilli Adham Kayoufla qarşılaşacaq.

Ziya Həsənovun (66 kq) da ilk görüşü uğurlu alınıb. O, Valentin Volokova (Moldova) heç bir şans verməyib – 5:0. Z.Həsənov dörddə bir finalda gürcüstanlı Mehman Namazovu sınağa çəkəcək.

Boksçulardan Eldar Əsədli (80+ kq) isə səkkizdə bir finalda ilk görüşdə Bəyazit Atilir (Türkiyə) üzərində texniki qələbə qazanıb. O, növbəti mərhələdə Aleksandr Zelinski (Ukrayna) ilə qarşılaşacaq.

Xəbərdə deyilir ki, komanda yoldaşlarından fərqli olaraq Fuad Babayev (60 kq) və Lətif Həsənov (70 kq) məğlub olublar. Onlar müvafiq olaraq, Paulius Bublis (Litva) və Maksim Naumova (Ukrayna) uduzublar.

Qeyd edilir ki, bundan əvvəl yığmanın üzvləri Kənan Babayev (48 kq) və Məhəmmədəli Qasımzadə (54 kq) də uğurla çıxış edərək dörddə bir finala yüksəliblər.

Dörddə bir final mərhələsinin görüşləri iyulun 8-də, final görüşləri iyulun 11-də keçiriləcək.

Qitə birinciliyində 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçu mübarizə aparır.

Mission News Theme by Compete Themes.