Press "Enter" to skip to content

Molla-Ariyançı İran dövrü və Güney Azərbaycan Milli Hərəkatı – 5-ci yazı

Faiq Ələkbərli

Son yeniləmə: 17 Sentyabr 2021 10:22

Faiq Ələkbərli (Qəzənfəroğlu),
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru

Millət vəkili Sabir Rüstəmxanlıya görə, artıq Güney Azərbaycanlılar federallaşmadan, mədəni muxtariyyatdan əl çəkib milli istiqlala doğru getməkdədir: “İndi Güneydə fikirlərin aydınlaşma prosesi gedir. Mövcud düşüncə fərqləri müzakirə edilir. Güneylilərin bir qismi İranın hamısına bir türk dövləti olaraq baxır və İranda Türk-Azərbaycan idarəçiliyinin yenidən gerçəkləşdirilməsini düşünürlər. Bir qisim Güneyli İranın federativ bir dövlətə çevrilməsini də məqbul sayır. Bunların yanında mədəni muxtariyyat istəyənlər, insan haqlarının bərpasını yetərli sayanlar da var. Amma çoxluq istiqlalını istəməkdədir. Dünya Azərbaycanlıları Konqresi də son söylədiklərimin yanındadır. Biz İran türklərinin istiqlalını doğru yol olaraq qəbul edirik. Çünki bunun böyük bir tarixi, dövlətçilik ənənəsi var”.

Bütöv Azərbaycan Hərəkatının (BAH) sədri Yasəmən Qaraqoyunlu hesab edir ki, artıq Güney Azırbaycanda İranlılıq paradiqması çökdüyü halda, Azərbaycanlılıq paradiqması yayılmaqdadır. Onun fikrincə, SSRİ-nin parçalanması və Quzey Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra Güney Azərbaycan milli hərəkatı istiqlal hərəkatına çevrilmişdir.

Y.Qaraqoyunlu yazır: “Azərbaycanlılaşma, Türkləşmə, Çağdaşlaşma Güney Azərbaycan Milli hərəkatının əsas ideyasıdır. Güney Azərbaycanın siyasi gələcəyinin təsbitində Quzey Azərbaycan Respublikası bir model, örnək rolunu oynayır. Məhz bu baxımdan Quzey Azərbaycanda rəsmi dil, və milli kimlik, tarixi şüur, mədəniyyət, din kimi məsələlərdə, ideoloji-humanitar siyasətdə hər zaman Güney Azərbaycanla birləşmə perspektivinə əsaslanan siyasət yeridilməlidir. Güney Azərbaycan artıq öz gələcəyini qurmaq məqsədilə təşkilatlanmaqdadır”.

Y.Qaraqoyunluya görə, əvvəlki dövrlərlə müqayisədə bu gün Güney Azərbaycan təşkilatlarının çoxunun əsas amalı Güney Azərbaycanın istiqlalı, ortaq ideyaları isə türkləşmək və azərbaycanlılaşmaqdır. Onun fikrincə, artıq Güney Azərbaycan Türkləri bu günə qədər olan bütün hərəkatlardan, o cümlədən 21 Azər hərəkatından ciddi dərs çıxarmalı və yalnız Güney Azərbaycanın müstəilliyi uğrunda mübarizə aparmalıdır.

Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa (Qəzənfəroğlu) da hesab edir ki, yeni dövrdə “Bütöv Azərbaycn ideyası”nı dilə gətirən və siyası hədəfə çevirən Əbülfəz Elçibəy olmuş, daha sonra özü də daxil olmaqla bir çox təbliğatçılar meydana çıxmış, təşkilatlar yaranmışdır. Ancaq artıq Bütöv Azərbaycan ideyasına bir qədər fərqli rakursdan yanaşdığını deyən F.Mustafaya görə iki yüz il öncə çar Rusiyasının işğal etdiyi Quzey Azərbaycanda bu gün müstəqil, dünyəvi Azərbaycan Respublikası olduğu halda, Güney Azərbaycanda yenə də danışılan, savaşılan, müqavilə bağlanan İran var.

O, yazır: “Və bir də İranın içərisində beş yüz il, iki yüz il öncəkindən düşüncə sisteminə görə fərqlənməyən əhali var, bu əhalinin də adı azərbaycanlılardır. Ayrılma yoxdursa, birləşmə ifadəsini haradan götürmüşük? Biz İrandan qurtulmuşuq, qopmuşuq, Səfəvi-molla zehniyyətindən qismən qurtularaq anti-İran mahiyyətli 1918-ci il Cümhuriyyətini qurmuşuq və bugünkü müqəddəs dəyərimiz olan bu dövlət də həmin Cümhuriyyətin varisidr. Artıq ağlı başında olan insanlar bilir ki, dünən atəş altında geridə qoyduqlarımızı qayıdıb götürmək həm də qazandığımızın itirilməsi mənasına gələcək. Bu gün Güney Azərbaycanda yaşayan insanlar da, Borçalıda, Dərbənddə yaşayanlar da bizim canı, qanı, dili bir qardaşlarımızdır. Ancaq vahid bir coğrafiyanın içində onları yaşatmaq xəyallarını qurmaq əvəzinə, yaşadıqları ərazinin hüquqlu, zəngin, dövlət idarəçiliyinə təsir gücü olan vətəndaşlarına çevrilməsinə yardım etməliyik”.

Üstəlik, F.Mustafa Bütöv Azərbaycançı ideoloqlardan fərqli olaraq hesab edir ki, bu gün Bütöv Azərbaycançıların ümid etdiyinin əksinə olaraq, hazırda İran türkünün özünü Azərbaycan türkü kimi tanıması prosesinin güclənməsi əvəzinə, daha çox din faktorunun, yəni şiəliyin təsiri ilə Azərbaycan türkünün İranlı kimliyinə bağlanışı prosesinin gücləndiyi müşahidə edilir. Onun fikrincə, yaşadığımız bölgədə Azərbaycan türklərinin məskunlaşmasını daha qədimlərə daşıma cəhdləri də bizi daha güclü və qədim İran mədəniyyətinin, fəlsəfəsinin, dini ənənələrinin içində əritməyə yönləndirir. Ona görə, bütün bunları bir kənara qoyub, Azərbaycan türkləri düşüncəsini, tarixini İran kültür məkanından qopararaq daha irəliçi Türk kültür dairəsinin güclənməsinə dəstək verməyə sərf etməlidir.

F.Mustafa yazır: “İndi düşünək, Azərbaycan türklüyü farsların milli dini olan şiəliklə öz arasında sərhədləri cızaraq, Peyğəmbər Məhəmmədin təbliğ etdiyi İslama qovuşarsa; ən azı otuz milyona yaxın insanımız Allaha daha güclü və təqiyyəsiz bir imanla bağlanacaq, Allaha başqa qulların vasitəçiliyilə üz tutmayacaq, Allahın dinini də bir qrup Səfəvi mollasının inhisarına, İrançı zehniyyətə təslim etməyəcəkdir. Fars dininin daşıyıcısı olaraq, bizlər bu gün əslində Türk vücudu ilə düşünən İranlılarıq. Bu cür dəyişməz formada mühafizə edilən dini-fəlsəfi dünyagörüşün ictimai tərəqqiyə müsbət mənada təsir göstərmək imkanları isə xeyli azdır. Acı bir həqiqtədir ki, şimalda olan qismimiz Türkmənçay hadisəsi ilə 1828-ci ildə İran bataqlığından qurtulub modern dünya haqqında təsəvvürə sahib olma şansı qazansa da, böyük çoxluğumuz cənubda hətta İrana nifrət edən İrançı olaraq qalmağa davam edirik”.

Deməli, F.Mustafa Bütöv Azərbaycan ideyasını artıq bir kənara qoyub, daha çox Azərbaycan Respublikasının güclənməsi və onun sərhədlərindən kənarda yaşayan azərbaycanlıların, o cümlədən Güney Azərbaycan türklərinin də mövcud olduqları dövlətlərin tərkibində bütün sahələrdə birləşib önə çıxmalarını daha uyğun görməkdədir.

BAO Mərkəzi Şurasının üzvü, tanınmış ziyalı, tarixçi alim Aydın Qasımlı isə hesab edir ki, Güney Azərbaycan Milli Hərəkatının ideya qaynağı istiqlal və bütövlük məfkurəsini də öz içində barındıran Azərbaycan Mərkəzli Türk Düşüncə Sistemidir: “Azərbaycan Mərkəzli Türk Düşüncə Sistemi Azərbaycan Türklərinin iqtisadi, siyasi, sosial və mədəni inkişafını qapsayan milli səadətini Azərbaycanlılıqda görən, Azərbaycan Türk kimliyini mərkəz qəbul edən, Azərbaycan Türklərinin dil, tarix, coğrafiya və mədəni düşüncəsini ortaya qoyan, istiqlal və Bütövlüyü Azərbaycanlılıq kimliyinin nəticəsi hesab edən, Güney Azərbaycan Türklərinin problemlərinin İran mərkəzli arayışların içərisində həll olunmayacağını irəli sürən, fars və İran mərkəzli hər cür arayışları Azərbaycan və Azərbaycanlılıq varlığına təhdid və təhlükə olaraq görən və Azərbaycanı mərkəz qəbul edən və Azərbaycan Türk milliyyətçiliyndə milliyyətçilik və dövlətçiliyi birləşdirən bir dünyagörüşdür. Bu dünyagörüşün başlıca hədəfi Azərbaycan Türk kimliyini qorumaq və bu kimlik içərisində Azərbaycan Türklərini iqtisadi, siyasi və mədəni inkişafa erişdirməklə sonda Müstəqil, Demokratik Güney Azərbaycan Dövlətini yaratmaq, Azərbaycanın Bütövlüyünə nail olmaq və onu əbədi qoruyub saxlamaqdır”.

Tanınmış ziyalı-alim, Prof. Vaqif Sultanlı isə hesab edir ki, dünya təcrübəsindən çıxış edərək hazırda Güney Azərbaycan mühacir dövlətinin yaranmasına ehtiyac var. O, yazır: “Ümumiyyətlə, qeyd olunmalıdır ki, dünya təcrübəsində mühacir dövlətlərin yaranması əsasən iki aspektdə özünü göstərir: 1) mövcud siyasi rejimə və onu devirmək məqsədli, 2) istiqlalliyət və öz müqəddəratını təyinetmə missiyasını gerçəkləşdirmək məqsədli. Güney Azərbaycan mühacir dövlətinin yaradılmasının milli haqlarımızın daha çevik şəkildə siyasi gündəmə gətirilməsinə təkan verəcəyi şübhə doğurmur. Çünki burada problem rejimi dəyişməyə deyil, istiqlal məfkurəsinin gerçəkləşməsinə, milli haqların tanınmasına, millətlərin müqəddaratını təyinetmə prinsiplərinə əsaslanır”.

Ümumiyyətlə, bu gün Güney Azərbaycan türklərinin, ümumilikdə Azərbaycan türklərinin gələcək müqəddəratı, siyasi statusu ilə bağlı dörd istiqamətdən, ya da dörd mülahizədən bəhs etmək mümkündür:

1-Güney Azərbaycanın İran adlanan ölkənin tərkibində mədəni muxtariyyat qazanmasını istəyənlər və bu istiqamətdə çalışanlar (Türk dilinin status qazanması, Türk mədəniyyətinin status əldə etməsi, Türk dilində orta və ali məktəblərin olması və s.);
2-Güney Azərbaycanın mərkəzə bağlı məhəlli və ya milli muxtariyyat qazanmasını istəyənlər və bu yöndə çalışanlar (daha çox ölkənin federallaşmasından çıxış edənlər və Güney Azərbaycan Muxtar Respublikasının yaranmasını istəyənlər);
3-Güney Azərbaycanın müstəqillik qazanması və gələcəkdə Quzey Azərbaycanla birləşməsi yönündə çalışanlar (istiqlalçılar və bütövlük tərəfdarları);
4-İran adlanan ölkədə hakimiyyətin Türklər tərəfindən bərpa olunmasını, hətta bundan sonra Quzey Azərbaycanın da həmin dövlətdə birləşdirilməsini istəyənlər və bu yöndə çalışanlar (turançılar).

Əslində bu gün milli-mədəni muxtariyyatdan daha çox Qacarlar dövləti dövründə olduğu kimi, milli-məhəlli muxtariyyatı tələb edənlər və bununla da federallaşmaya meyl göstərənlər daha çoxdur. Hər halda Güney Azərbaycan türkləri Səfəvilər, Əfşarlar və Qacarlar dövründə olduğu qədər olmasa da, ən azından Azərbaycanın muxtariyyat statusunu bərpa etmək istəyirlər. Əgər bu status da mərkəzi hökumət, yəni rəsmi Tehran tərəfindən gerçəkləşdirilməyəcəksə, o zaman Güney Azərbaycan türkləri bu dövlətin tarixi, hüquqi və faktiki qurucuları olmalarına baxmayaraq, onun tərkibindən çıxıb ayrıca dövlət olmaq haqqını gerçəklədirməli olacaqdır.

Bu o deməkdir ki, hazırda “İran İslam Respublikası” adlanan dövlətdə Güney Azərbaycan və onun xalqı bu dövlətin qurucusu olaraq nəinki haqq etdiyi yerdədir, üstəlik ən çox haqsızlığa məruz qalmaqdadır. Təbii ki, bu, sonsuza qədər belə davam edə bilməz. Bu anlamda problemin həlli milli mədəni muxtariyyatda deyil, ən azından milli-məhəlli muxtariyyatdadır. Milli-məhəlli muxtariyyat isə o deməkdir ki, Güney Azərbaycan “İran İslam” adlanan ölkədən ayrlmır, ancaq onun idarəetmə orqanları, qanunvericilik orqanları, bələdiyyə orqanları əsasən Güney Azərbaycan xalqının özü tərəfindən müəyyənləşdirilir. Şübhəsiz, bu da daha çox “İran”ın federallaşması deməkdir ki, Qacarlar dövründə (məşrutəyə qədər də, məşrutədən sonra da) də məhz ölkə bu yöndə idarə olunmuşdur. Sadəcə, məşrutədən sonra bu kimi məsələlər həm hökumət, həm də parlament tərəfindən bir az da inkişaf etdirilmişdir.

Mission News Theme by Compete Themes.