Bayraqdar.info – Prezident İlham Əliyev aprelin 4-də AŞ Baş katibi Mariya Peyçinoviç Buriçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Prezidenin Mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Prezident İ.Əliyev AŞ Baş katibi statusunda M.P.Buriçi Azərbaycanda görməkdən məmnun olduğunu bildirdi və 2019-cu ilin aprelində Xorvatiyanın Baş nazirinin müavini, xarici və Avropa işləri üzrə nazir qismində ölkəmizə səfərini və səfər çərçivəsində görüşlərini qeyd etdi.
“Dövlət başçısı özünün Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi vaxtilə AŞPA-dakı fəaliyyətini xatırlatdı. Preziden İ.Əliyev Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığının konstruktiv dialoq əsasında inkişaf etməsinin vacibliyi bildirərək, Avropa Şurasına üzvlük çərçivəsində ölkəmizin qanunvericilik bazasının müasirləşdirilməsi istiqamətində ardıcıl addımların atıldığını diqqətə çatdırdı.
“Ölkəmizə səfər etməkdən məmnunluğunu bildirən M.P.Buriç Azərbaycanın AŞ-da üzvlüyünün yüksək dəyərləndirildiyini dedi və üzvlük prosesi çərçivəsində ölkəmizin Avropa Şurasının çox sayda konvensiya və müvafiq sənədlərinə qoşulduğunu və bu əsnada işin aparıldığını bildirdi.
“Söhbət zamanı Azərbaycanla AŞ arasında 2022-2025-ci illəri əhatə edən Fəaliyyət Proqramının qəbul olunacağı məmnunluqla qeyd edildi və bu Proqramda bir sıra sahələrdə əməkdaşlığın nəzərdə tutulduğu vurğulandı.
“Prezident regionda yaranmış yeni vəziyyət, Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırılması üçün irəli sürdüyü təkliflər, həmçinin işğaldan azad olunmuş ərazilərdə mövcud vəziyyət barədə Avropa Şurasının Baş katibinə məlumat verdi.
“Dövlət başçısı birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən 3 min 890 nəfər azərbaycanlının itkin düşdüyünü qeyd etdi və onların taleyinin müəyyənləşdirilməsi üçün Ermənistan tərəfindən kütləvi məzarlıqların yerləri haqqında məlumatın verilməsinin vacibliyini vurğuladı. İşğaldan azad olunmuş ərazilərdə Azərbaycanın mina problemindən ciddi şəkildə əziyyət çəkdiyini, 2020-ci il 10 noyabr Bəyanatından bəri 200-dən çox insanın minaların partlaması nəticəsində həlak olduğunu və ya yaralandığını diqqətə çatdırdı. Prezident İlham Əliyev bildirdi ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan beynəlxalq humanitar hüququn təməl prinsiplərinə ciddi şəkildə riayət edib. Ancaq buna baxmayaraq, müharibə dövründə Ermənistan tərəfindən çox sayda hərbi cinayətlərin törədildiyini bildirən dövlətimizin başçısı hərbi əməliyyatlar zamanı Ermənistanın şəhərlərimizi raketlərlə atəşə tutması, nəticədə aralarında uşaq və qadınlar da olmaqla 100-dən çox mülki şəxsin həlak olması faktını vurğuladı.
“İ.Əliyev AŞ-ın da iki ölkə arasında etimad quruculuğu prosesinə və inteqrasiya olunmuş Cənubi Qafqaz regionunun qurulması işinə töhfə verə biləcək bir platforma rolunu oynaya biləcəyini qeyd etdi.
“AŞ Baş katibi Azərbaycanın bu sahədə nümayiş etdirdiyi yüksək siyasi iradənin təqdir olunduğunu bildirdi.
“M.P.Buriç AŞ-ın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və iki ölkənin cəmiyyətləri arasında etimadın qurulması prosesində platforma rolunu oynamağa hazır olduğunu qeyd etdi.
“Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı”, – deyə məlumatda bildirilir.









