Press "Enter" to skip to content

Nadir Azəri: Dövlət suverenliyinin tam bərpası Konstitusiyanın hüquqi qüvvəsini bütün ölkə ərazisində təmin etdi

Nadir Azəri

BAYRAQDAR MEDİA – “Konstitusiya hər bir müstəqil dövlətin siyasi, hüquqi və idarəçilik sisteminin əsasını təşkil edir. Azərbaycan üçün isə bu ali hüquqi sənəd dövlət idarəçiliyinin çərçivələrini müəyyənləşdirməklə yanaşı, müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün və milli dövlətçilik ənənələrimizin qorunmasının fundamental təminatıdır”.

Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri, siyasi şərhçi Nadir Azəri deyib.

O, qeyd edib ki, 1995-ci il noyabrın 12-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsinə çıxarılan və qəbul edilən Azərbaycan Respublikasının ilk Konstitusiyası müstəqil dövlət quruculuğunun hüquqi əsaslarını formalaşdıran tarixi sənəd oldu. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın milli Konstitusiyasını qəbul etməsi dövlətçiliyimizin möhkəmləndirilməsi və beynəlxalq hüququn müstəqil subyekti kimi mövqeyinin təsdiqi baxımından mühüm əhəmiyyət daşıyırdı. Konstitusiya, eyni zamanda, dövlətin kimliyini, idarəçilik sistemini, suverenliyini və vətəndaşlarla münasibətlərinin hüquqi əsaslarını müəyyən edən ali sənəddir.

Güclü Konstitusiya dövlətin dayanıqlı inkişafının və siyasi sabitliyinin başlıca şərtlərindəndir. Hakimiyyət qollarının fəaliyyət prinsipləri, hüquq və azadlıqların qorunması, qanunun aliliyi və dövlət institutlarının davamlı fəaliyyəti məhz konstitusion normalara əsaslanır. Bu baxımdan, güclü dövlət yalnız iqtisadi və hərbi potensialla deyil, həm də möhkəm hüquqi əsaslara söykənən idarəçilik sistemi ilə səciyyələnir.

Nadir Azəri onu da xüsusilə qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası Konstitusiyamızın əhəmiyyətini daha da artıran tarixi hadisədir: “Uzun illər torpaqlarımızın işğal altında qalması dövlət hakimiyyətinin və konstitusion normaların ölkəmizin bütün ərazisində tam həyata keçirilməsinə imkan vermirdi. Rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməsi, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatları nəticəsində suverenliyimizin tam bərpa olunması Azərbaycan tarixində yeni mərhələnin əsasını qoydu. Bu tarixi nailiyyət təkcə ərazi bütövlüyümüzün bərpası deyil, həm də dövlətimizin konstitusion hüquq və səlahiyyətlərinin bütün ölkə ərazisində həyata keçirilməsi üçün real imkanların yaranması deməkdir”.

Siyasi şərhçi bildirib ki, Konstitusiyanın 7-ci maddəsində Azərbaycanın demokratik, hüquqi, dünyəvi, unitar respublika olduğu, 11-ci maddəsində isə dövlət ərazisinin vahid, toxunulmaz və bölünməzliyi təsbit edilib. Dövlət suverenliyimizin tam bərpası həmin müddəaların ölkəmizin bütün ərazisində təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi və onların konstitusion hüquqlarının reallaşdırılması da bu prosesin mühüm tərkib hissəsidir: “Bütün bunlar təsdiq edir ki, Konstitusiya yalnız dövlətin ali hüquqi sənədi deyil, həm də müstəqilliyimizin, suverenliyimizin və gələcək inkişafımızın fundamental təminatıdır. Azərbaycan xalqı torpaqlarını işğaldan azad etməklə tarixi ədaləti bərpa edib, dövlət suverenliyini ölkənin bütün ərazisində təmin edib. Qarşıda duran əsas vəzifə isə bu tarixi nailiyyətləri möhkəmləndirmək, hüquqi dövlət quruculuğunu daha da inkişaf etdirməkdir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.