Press "Enter" to skip to content

Türk milliyyətçiliyinə həsr edilmiş həyat

Alparslan Türkeş

Ekrem Arıkoğlu: Alparslan Türkeş deyəndə ilk ağla gələn məhz türkçülük və milliyyətçilik olur

Bayraqdar.info – “Bu gün – aprelin 4-ü türk milliyyətçiliyində xüsusi yerə sahib olan Alparslan Türkeşin vəfatının 25-ci ildönümüdür. Türkiyədə Alparslan Türkeş deyəndə ilk ağla gələn məhz türkçülük və milliyyətçilik olur. Elə bir türkçülük ki, bunun əsası on doqquzuncu əsrin sonlarına gedib çıxır”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Qırğızıstan-Türkiyə Manas Universitetinin müəllimi, Prof. Dr. Ekrem Arıkoğlu deyib.

Onun sözlərinə görə, Türkiyədə türk milliyyətçiliyi fikri on doqquzuncu əsrin sonu, iyiriminci əsrin əvvəlində inkişaf etməyə başlayıb: “Həmin vaxt Türkiyəyə xaricdən, o cümlədən Azərbaycandan, Krımdan gələn türk aydınları tərəfindən türk milliyyətçiliyi inkişaf etdirilmişdi. Bu ziyalıların önündə Əli bəy Hüseynzadə, Yusuf Akçura və İsmayıl bəy Qaspıralının getdiyini deyə bilərik. Bu şəxslər təkcə Türkiyədə deyil, ümumilikdə dünyada türkçülüyün inkişafında özünəməxsus rol oynayıblar. Onu da xüsusi olaraq vurğulayım ki, Mustafa Kemal Atatürkün fikir babası olaraq qəbul etdiyi Ziya Gökalp Əli bəy Hüseynzadənin fikirlərindən təsirlənib”.

Professor qeyd edib ki, 1920-ci ilə qədər gələn bu hərəkat ondan sonra Türkiyədə Hüseyn Nihal Atsızın vasitəsilə davam etdirilib: “Hüseyn Nihal Atsız Türkiyədə türkçülüyün inkişafında ən önəmli rol oynayan şəxsiyyətlərdən biridir. 1940-cı illərdən etibarən isə bir hərbçi olan Alparslan Türkeş türk milliyyətçiliyi fikri üzərində dayanıb. Qeyd edim ki, 1917-ci ildə indiki Kıbrısda, Lefkoşada anadan olan A.Türkeş 1939-cu ildə leytenant rütbəsi ilə ordu sıralarına qatılıb. Bu illərdə milliyyətçi ədəbi dərgilərdə şeir və məqalələr çap etdirən A.Türkeş 1944-cü ilin may ayında böyük türkçü-turançı Nihal Atsız və digər arxadaşları ilə birgə “irqçilik və Turançılıq” ittihamı ilə həbs edilib, məhkəmə nəticəsində 1945-ci ilin aprel ayında bəraət alaraq azad olub. Onu da deyim ki, 1960-cı ildəki hərbi çevriliş zamanı öndə gedənlərdən olan A.Türkeş Milli Birlik Komitəsinin ölkənin idarəçiliyini ələ keçirdiyini açıqlayan bəyanatı oxuyan şəxsdir və “inqilabın qüdrətli polkovniki” kimi tanınıb. O, inqilabi hökumətdə Başbakanlık Müşteşarı olub və bu vəzifədə 25 sentyabr 1960-cı ilə qədər işləyib”.

Qeyd edilib ki, 4 aprel 1997-ci ildə Ankarada vəfat edən A.Türkeşin həyatı türk milliyətçiliyinə həsr edilmiş bir həyatdır: “Bəhs etdiyim 1960-cı il hərbi çevrilişindən bir müddət sonra onunla digər hərbçilər arasında fikir ayrılığı yaranıb, 19 noyabr 1960-cı ildə Türkiyənin Hindistandakı səfirliyinin müşaviri kimi bu ölkəyə göndərilən A.Türkeş nəhayət 22 fevral 1963-cü ildə vətənə dönüb, 31 mart 1964-cü ildə Cümhuriyyətçi Köylü Millət Partiyasına üzv qəbul edilib, 31 iyul 1965-ci il qurultayında partiyanın başqanı seçilib. Əslində, bu partiya A.Türkeşin təşəbbüsü ilə qurulmuşdu və sözügedən partiyanın qurulması türk milliyyətçiliyinin siyasiləşməsinə təkan vermişdi. 1969-cu ilin fevral ayında partiyanın adı dəyişdirilərək Milliyyətci Hərəkat Partiyası olub və A.Türkeş bu partiyanın başqanı seçilib”.

Müsahibimiz deyib ki, A.Türkeş kapitalizm və kommunizmin türk milliyətçilyinin fəlsəfəsinə uyğun olmadığını düşünürdü: “Buna görə də o, istər Cümhuriyyətçi Köylü Millət Partiyasının, istərsə də Milliyyətçi Hərəkat Partiyasının özülünü təşkil edən “Doqquz işıq” doktrinasının əsasını qoymuşdu. A.Türkeş güclü liderik keyfiyyəti ilə Türkiyədə türk milliyyətçiliyi fikrinin qısa müddət ərzində siyasi partiya səviyyəsində inkişafına təkan verdi”.

“A.Türkeşin başqa bir tarixi xidməti də odur ki, o, 1960-ci illərdə Avropanın da kabusuna çevrilən kommunizmin Türkiyədə ayaq tutmasına mane oldu. Milliyyətçiliyi siyasi partiya səviyyəsinə gətirən A.Türkeş həm də milliyyətçi gənclərin ülkü ocaqları ətrafında yetişdirilərək kommunizmə qarşı mübarizə aparan gücə çevrilməsinə yol açdı. Bununla da Türkiyənin kommunizm kimi ziyanlı ideologiyanın təsirinə düşməsinin qarşısı alındı. Həm bu sadalananlar, həm də ölümündən 25 il sonra da belə Başbuğ kimi hörmətlə anılması, onun fikirlərinə bu gün də müraciət edilməsi A.Türkeşin nə qədər böyük bir lider və türk milliyyətçisi olduğunun sübutudur. Mən A.Türkeşi həm də xoşbəxt bir şəxsiyyət kimi dəyərləndirirəm. Çünki o, uzun illər mücadilə etdiyi digər türk respublikalarının da azadlığa qovuşduğunu gördükdən sonra bu dünyaya göz yumdu. Bu gün biz türk dünyasının sıx inteqrasiyasını qürurla seyr etməklə yanaşı zamanında bu ideya uğrunda mübarizə aparan A.Türkeş kimi şəxsiyyətləri də hörmətlə yad edirik”, – deyə E.Arıkoğlu sonda bildirib.

Mission News Theme by Compete Themes.