Son yeniləmə: 20 Aprel 2023
BAYRAQDAR MEDİA – Mayın 5-də qardaş Qırğızıstanın müstəqillik dönəmində qəbul etdiyi Konstitusiyanın 30 illik yubileyi tamam olur. Bu münasibətlə Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev BAYRAQDAR MEDİA ilə fikirlərini bölüşüb.
-Cənab səfir, qardaş ölkənin Əsas qanunun qəbulundan keçən 30 illə bağlı ilkin olaraq nəyi qeyd etmək istərdiniz?
-Müstəqil Qırğızıstanın Konstitusiya hüququnun tarixi artıq 30 ilə çatıb. Ölkənin ilk Konstitusiyası 5 may 1993-cü ildə qəbul edilib. Lakin bu nisbətən qısa tarixi dövr ölkənin həyatındakı qaynar siyasi-konstitusion olaylarla müşayiət edilib. Ölkədə siyasi rejimlər dəyişib. İdarəetmə forması dəyişib. Bəzən prezidentli, bəzən də prezidentli-parlamentli idarəetməyə keçilib. Fərdlərin, ayrı-ayrı dövlət qurumlarının statusu ilə bağlı konstitusion-hüquqi dəyişikliklər olub. Özü də bir çox illər ərzində bu dəyişikliklər konyunktur siyasi maraqlar baxımından gerçəkləşdirilib.
-Yeni Konstitusiyanın qəbulu nə demək idi?
-11 aprel 1993-cü ildə Qırğızıstan Respublikası Konstitusiyasının ümumxalq səsverməsi ilə qəbul edilməsi ölkənin ən yeni tarixində olduqca önəmli hadisə idi. Bu hadisə dövlətin qurulması və cəmiyyətin inkişafını köklü şəkildə dəyişdirdi. Yeni Əsas qanun əhəmiyyətli dərəcədə hakimiyyətin xalqdan uzaq düşməsinin qarşısını alır. Qəbul edilmiş Konstitusiya sadəcə milli təcrübəni özündə ehtiva etmədi. O həm də bir çox sahələrdə fərqli prezidentli respublikaların dövlət quruluşu təcrübəsini də mənimsədi. Qırğızıstan Prezidenti Sadır Caparov 5 may 2021-ci ildə Konstitusiyanın imzalanma mərasimində demişdi ki, “yeni Konstitusiya məhz ölkəmiz üçün aktual olan çağırışların hesaba alınmasıyla yazılıb. O bizim bir xalq kimi söykəndiyimiz dəyərləri, cəmiyyət olaraq can atdığımız idealları əks etdirir”. Ona görə də hazırda qüvvədə olan və 11 aprel 2021-ci ildə qəbul edilmiş Konstitusiya mətni birmənalı şəkildə Qırğızıstan tarixində konstitusion-hüquqi baxımdan yeni mərhələni ehtiva edir. 11 aprel 2021-ci ildə referenduma çıxarılmış qanun layihəsi Qırğızıstanın keçmişdə üzləşməli olduğu ən çətin məsələlərin həllinə yönəlik idi.
-Əsas qanun daha çox hansı məsələlərlə diqqət çəkir?
-Qeyd etmək lazımdır ki, Konstitusiyanın preambulasında əsas yer hüququn aliliyinə, ictimai ədalətin təmininə, xalqın iqtisadi rifahı və mənəvi inkişafına ayrılır. Bundan başqa, əcdadlarımızın təbiətlə iç-içə, birlik, sülh və qarşılıqlı anlaşma içində yaşamaqla bağlı vəsiyyətlərinə bağlılıq da qeyd edilir. Bu nəsihətlər əfsanəvi “Manas” eposundan irəli gəlir. Böyük Manasın 7 nəsihəti bunlardır:
1. Xalqın birliyi və həmrəyliyi;
2. Millətlərarası həmrəylik, dostluq, iş birliyi;
3. Milli şərəf, vətənsevərlik;
4. Yorulmaz əmək və bilgilər yoluyla çiçəklənmə və rifaha doğru;
5. Humanizm, alicənablıq, dözümlülük;
6. Təbiətlə harmoniya;
7. Qırğız dövlətinin möhkəmlənməsi və qorunması.
-Dövlətin qorunması, suverenlik məsələləri haqqında nə deyə bilərsiniz?
-Konstitusiyanın preambluasında yer almış əsas istiqamətlərdən biri qırğız dövlətinin inkişafı və möhkəmləndirilməsi, dövlət suverenliyi və xalqın birliyinin qorunmasını ehtiva edir. Qırğız dövlətçiliyini göz bəbəyi kimi qorumaq ölkə rəhbərliyinin, dövlət qurumlarının, həmçinin bütövlükdə xalqın ilkin vəzifəsidir.
-Bəs demokratiya, azadlıq məsələləri?
-Azad və müstəqil demokratik dövlət quruculuğu Qırğızıstan cəmiyyətinin əsas məqsədi kimi qalır. Qırğızıstanda ali dəyərlər kimi həyat, sağlamlıq, insanın haqq və azadlıqları elan edilib. Qırğız xalqının dilinin və mədəniyyətinin, təhsil, elm və mənəviyyatın inkişafı ölkənin uğurlu sabahlarının təminatçısıdır. Söz yox ki, dövlət siyasəti milli anlaşmanı, vətəndaş və millətlərarası anlaşmanı möhkəmləndirməyə xidmət etməlidir. Bu və digər dəyərlər ölkənin Əsas qanununun preambluasında qeyd edilib.
-Bir də Qırğızıstan inqilablar dövrü keçib. Konstitusiya bu məsələləri necə həll edir?
-2005, 2010 və 2020-ci illərdə yer almış siyasi gərginliklərə baxmayaraq Qırğızıstan sülhü, qarşılıqlı anlaşma və müstəqilliyi qorumağı, ölkəni demokratiya yoluna qaytarmağı, beynəlxalq arenada dövlətin nüfuzunu yüksəltməyi bacarıb. Özünün ən yeni tarixində Qırğızıstan həyatın bütün sahələrini ciddi şəkildə dəyişən kardinal keçidin öhdəsindən gələ bilib. Müstəqilliyin əldə edilməsi köhnə ideologiyanın yox edilməsi və yeni baxışlar sistemi aramaları ilə müşayiət olundu. Bu aramalar uğurlu cəmiyyətin və yeni vətəndaş tanımının müasir, dinamik əsasını təşkil edəcəkdi. Qırğızıstan öz tarixinin vacib mərhələsindədir. Ölkənin uzun müddətli siyasi sabitliyi, iqtisadi cəhətdən güclü və sosial məsuliyyətli dövlət kimi oturuşması üçün ilkin əsaslar tam olaraq yaranıb.









