Press "Enter" to skip to content

Yeni dövrün gəncləri daha da məsuliyyətli olmalıdırlar

Emin Həsənli

Son yeniləmə: 2 Fevral 2024 14:10

Emin Həsənli: Onlar gələcəyin idarəçiləri kimi bu məsuliyyəti dərk etməli və müvafiq addımlar atmalıdırılar

BAYRAQDAR MEDİA – “Bu gün Azərbaycanda Gənclər Günüdür. Bəlli olduğu kimi bu tarix 1997-ci ildən edibarən ölkəmizdə rəsmi şəkildə qeyd edilir. Gənclər Gününün 2 Fevralda qeyd edilməsi isə heç də təsadüfi deyil. Çünki məhz 1996-cı il fevralın 2-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə Gənclər Forumu keçirildi. Elə Ulu Öndərin 1997-ci ildə imzaladığı müvafiq sərəncama əsasən hər il fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd edilir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında hərbi ekspert, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Azərbaycanın bu addımı dünya üçün bir nümunə oldu

O, qeyd edib ki, bu sərəncamın imzalanması Ümummilli Lider Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi: “Məlumat üçün bildirim ki, Azərbaycanın bu addımı region ölkələri, həmçinin ümumilikdə dünya üçün bir nümunə oldu. Çünki Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Bizdən sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada isə yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir. Bu sadalananlar da Ulu Öndərin Azərbaycan gəncliyinə nə qədər böyük dəyər verdiyini bir daha ortaya qoyur”.

QHT bazasının formalaşmasında da gənclər təşkilatları mühüm rol oynadılar

Qeyd olunub ki, Ulu Öndər 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdandan sonra ilk görüşlərindən birini məhz gənclərlə keçirmişdi: “Ulu Öndər Ali Sovetin Sədri kimi 1993-cü ilin sentyabrında fəal gənclərlə görüşdü. Bundan sonra gənclərlə bağlı silsilə sənədlər imzalandı. Dövlət siyasəti həyata keçirilməyə başlandı. Məhz bu diqqət və qayğının nəticəsidir ki, müstəqil Azərbaycanda qeyri-hokumət təşkilatlarının bazasının formalaşmasında da gənclər təşkilatları mühüm rol oynadılar”.

Gəncləri özünün dostu adlandıran cənab Prezident ötən 20 il ərzində bu dostluğu bütün sahələrdə nümayiş etdirib

Emin Həsənli deyib ki, Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyev də gənclərə xüsusi diqqət və qayğı göstərir: “Gəncləri özünün dostu adlandıran cənab Prezident ötən 20 il ərzində bu dostluğu bütün sahələrdə nümayiş etdirib. Gənclər dövlət hesabına dünyanın nüfuzlu ali məktəblərində təhsil alıb. Müxtəlif vəzifələrdə irəli çəkilib, hər zaman proseslərin önündə gediblər. Ən əsası isə ötən müddət ərzində Azərbaycanda vətənpərvər, milli dəyərlərinə sadiq gənc nəsil formalaşıb. Elə Azərbaycan topraqlarını işğaldan azad edən də məhz ötən 20 il ərzində yetişən gənclər oldu”.

İlk addım fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisi günü atılmalıdır

Müsahibimiz qeyd edib ki, bütün bunlar alqışlanmaqla yanaşı yeni dövrün gənclərini daha da məsuliyyətli olmağa səsləyir: “Çünki 44 günlük Vətən müharibəsində və bir günlük antiterror əməliyyatları nəticəsində əldə edilən tarixi uğurun davamlı olması həm də gənclərdən aslıdır. Onlar gələcəyin idarəçiləri kimi bu məsuliyyəti dərk etməli və müvafiq addımlar atmalıdırılar. İlk addım isə fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisi günü atılmalıdır”.

Gənclərin, xüsusilə də ilk dəfə səs verəcək gənclərin üzərinə mühüm vəzifə düşür

E.Həsənli bildirib ki, bu seçki tarixi əhəmiyyət kəsb edir: “Çünki müstəqil Azərbaycanda bu, bütün ölkə ərazisində keçiriləcək ilk seçki kimi tarixə düşəcək. Əminəm ki, bu, həm də seçicilərin mütləq əksəriyyətinin iştirak etdiyi seçki kimi də tarixə düşəcək. Bunun üçün isə gənclərin, xüsusilə də ilk dəfə səs verəcək gənclərin üzərinə mühüm vəzifə düşür. Onlar seçicilərin mütəşəkkilliklə seçkidə iştirakı üçün təbliğat aparmalı, 2020-ci ildə ucadılmış Zəfər bayrağının hər zaman ucalarda dalğalanması üçün səy göstərmək əzmində olduqlarını fevralın 7-də bütün dünyaya nümayiş etdirməlidirlər”.

Mission News Theme by Compete Themes.