Press "Enter" to skip to content

Nuru Paşanın, Qafqaz İslam Ordusunun yazdığı qardaşlıq tarixi

Mahmut Ağırman açıqlama verərəkən

Mahmut Ağırman: Kalkınma Elçilərimiz də məhz bu tarixi irsə sadiqlik nümayiş etdirərək ilk olaraq Azərbaycanı seçiblər

BAYRAQDAR MEDİA – “Bu gün burada Türk Şəhidliyində bir araya gəlməyimizin əsas səbəbi ondan ibarətdir ki, Türkiyənin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən dünyanın müxtəlif ölkələrində həyata keçirilən “Kalkınma Elçiləri” layihəsinin ilk mərhələsinə məhz Azərbaycandan başlayıb”.

Azərbaycan çox gözəl ölkədir

Bunu TİKA-nın Bakı Proqram Koordinatoru Mahmud Ağırman jurnalistlərə açıqlamasında bildirib.

Gənclərimiz babalarının yolu ilə gedirlər

O, Türkiyədə və dünyanın müxtəlif ölkələrində ali təhsil alan qardaş ölkə gənclərinin ilk olaraq niyə məhz Azərbaycana gəlməsinə də aydınlıq gətirib: “Çünki 1918-ci ildə Qafqaz İslam Ordusunun Nuru Paşanın komandanlığı altında döyüşən əsgərləri bu torpaqları işğaldan azad etmişdilər. Kalkınma Elçilərimiz də məhz bu tarixi irsə sadiqlik nümayiş etdirərək ilk olaraq Azərbaycanı seçiblər. Hörmətli sədrimiz Abdullah Eren bəyin rəhbərliyi ilə fəaliyyət göstərən TİKA “Kalkınma Elçiləri”ni əvvəlcə Azərbaycana göndərməklə gənclərimizin babalarının yolu ilə, Nuru Paşanın və Osmanlı əsgərlərinin izi ilə getdiklərini, Azərbaycanın dost və qardaş xalqının yanında olduğumuzu nümayiş etdirməyi qarşıya məqsəd qoymuşdur. Buna görə də ilk seçim Bakı, Gəncə, Şamaxı, Lənkəran, Quba və bu qədim coğrafiya olmuşdur. Tələbələrimiz Azərbaycana gəldilər, ölkəni yaxından tanıdılar”.

Bu layihələr sırasında səhiyyə sahəsində görülən işlər mühüm yer tutur

Mahmut Ağırman tələbələrin səfər çərçivəsində TİKA-nın Azərbaycanın müxtəlif rayonlarında həyata keçirdiyi layihələrlə yerində tanış olduqlarını qeyd edib: “Bu layihələr sırasında səhiyyə sahəsində görülən işlər mühüm yer tutur. Universitet xəstəxanaları, dializ mərkəzləri, Türkiyədən olan alim və müəllimlərin burada çalışan həkimlərlə həyata keçirdikləri birgə fəaliyyətlər, səhiyyə sahəsində əməkdaşlıq layihələri, təcili tibbi yardım avtomobilləri və yaradılmış tibbi laboratoriyalar tələbələr tərəfindən yerində ziyarət edildi”.

Türk Şəhidliyində xatirə fotosu
Türk Şəhidliyində xatirə fotosu

Bildirilib ki, təhsil sahəsində isə qonaqlar Türkiyədən gələn tələbələr və Azərbaycandan Türkiyəyə gedən tələbələrin ortaq məqsədlər naminə həyata keçirdikləri əməkdaşlıq, bilik və təcrübə mübadiləsi haqqında ətraflı məlumat əldə ediblər: “Bundan başqa, TİKA-nın dəstəyi ilə fəaliyyət göstərən Türk Anadolu Liseyi, Bakı Atatürk Liseyi, Türkiyə Diyanət Vəqfi və digər müxtəlif qurum və təşkilatlarla tanış oldular. Eyni zamanda TRT-nin, Anadolu Agentliyinin Azərbaycan təmsilçiliklərini, Türkiyə Maarif Vəqfini və Yunus Emre İnstitutunu da ziyarət etmək imkanı qazandılar”.

Kənd təsəsrrüfatı sahəsində reallaşan layihələr barədə də məlumat əldə edilib

Mahmut Ağırman deyib ki, tələbələr Azərbaycanda kənd təsərrüfatı sahəsində TİKA tərəfindən həyata keçirilən layihələri də yerində müşahidə ediblər: “Sahədə görülən işlərlə yaxından tanış oldular. Məsələn, arıçılıq, süzmə bal istehsalı, arıçılıq mərkəzləri, paylanılan arı yeşikləri və bu istiqamətdə həyata keçirilən layihələri öz gözləri ilə gördülər. Bununla yanaşı, TİKA-nın həyata keçirdiyi istixana təsərrüfatı, ağacəkmə və tingçilik layihələri ilə də yerində tanış oldular”.

“Kalkınma Elçiləri” də “Bir millət iki dövlət” dedilər

Türkiyədən olan tələblər həmçinin Gəncədə Nuru Paşanın ev-muzeyini ziyarət ediblər: “Gəncədə TİKA-nın dəstək verdiyi bütün mühüm məkanları ziyarət etdikdən sonra proqramlarını Bakıdakı Türk şəhidlyində başa vuraraq babalarının ruhuna “Fatihə” surəsini oxudular. Bu gün isə onları xeyir-dua ilə yenidən ölkəmizə – Türkiyəyə yola salmaq istəyirik. Allah yollarını açıq etsin”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.