BAYRAQDAR MEDİA – Heç öz-özünüzə sual vermisiniz ki, “Ön Asiya”, “Orta Asiya” və “Uzaq Asiya” dediyimiz bölgələr kimə görə ön, orta və uzaqdır? Bu sualların cavabını bilsək, əslində bizi kimin idarə etmək və təsir altına almaq istədiyini də anlayarıq.
Bir müddət əvvəl “Orta Asiya deyil, Türkistan” adlı bir yazı yazmışdım. Həmin yazıda anlayışların nə qədər mühüm olduğunu və bu terminləri müəyyən edənlərin, əslində həmin məfhumların içində olanları yönləndirdiyini izah etməyə çalışmışdım. Təkrara düşmək istəmirəm, lakin qısa şəkildə xatırlatmaq faydalıdır. Yazıda sonradan ortaya atılan “Orta Asiya” anlayışını nümunə göstərmiş və min illər boyu türklərin ata yurdu olan bir bölgənin necə “Asiyanın ortası”na çevrildiyini qeyd etmişdim.
Tarixə baxdıqda görürük ki, bu gün “Orta Asiya” adlandırılan Türkistan bölgəsi zaman-zaman Xəzər dənizinin Qərbində yerləşən türk torpaqları üçün də istifadə olunub. Hətta Hüseyn Nihal Atsız da bu əraziləri “Batı Türkistan” kimi ifadə edirdi. Lakin təəssüf ki, bu gün ən yaxşı halda “Türkistan” anlayışını son yüz ildə “Orta Asiya”ya çevrilmiş bölgə üçün istifadə edirik. Bundan əlavə, tarixdə qıpçaq türklərinin yurdu kimi tanınan Qara dənizin Quzeyi “Dəşt-i Qıpçaq” adı ilə bilinirdi. Bəs Qara dənizin Güneyində yerləşən, bu gün Türkiyə və Azərbaycan ərazisini və ətrafını əhatə edən bölgə hansı adla tanınır?
Bu yaxınlarda bir mətbuat orqanının sosial media kanalında yayımlanan video diqqətimi çəkdi. Video yuxarıda verdiyim sualı səsləndirir və özü də cavablandırırdı. Bəli, 120 milyon türkün (bizim hesabımıza görə bu rəqəm daha da çoxdur) yaşadığı bu geniş coğrafiyanın vahid bir adı yoxdur. Videoda qeyd olunan ərazi Bakı və Təbrizdən başlayaraq Kıbrısı da əhatə etməklə Türkiyə üzərindən Batı Trakyaya qədər uzanır. Burada oğuz türklərinin sıx yaşadığını nəzərə alaraq, bölgəyə “Oğuzeli” adı verilməsi təklif olunur. Biz isə deyirik ki, “Oğuzeli” adından çıxış edərək bu xəritəni daha da genişləndirək: Şərqdə Xəzər dənizinin Güney sahillərindən başlayaraq Xorasan və Türkmənistanı da daxil edək; Güneydə İraq və Suriya türkmənlərinin yaşadığı əraziləri əlavə edək; Qərbdə isə Quzey Makedoniyaya və Qara dənizin Qərb sahillərinə qədər uzadaraq Gagauz Elinədək (Moldova) genişləndirək.
Yanlış anlaşılmasın, burada məqsədimiz yeni dövlət sərhədləri çəkmək deyil. Məqsədimiz odur ki, başqaları bu torpaqlara öz istədikləri adları verib onları öz planlarına daxil etməzdən əvvəl, biz öz bölgəmizi özümüz adlandıraq. Sözügedən coğrafiya tarix boyu Şərqlə Qərb arasında hərtərəfli körpü rolunu oynayıb və bu xüsusiyyətini bu gün də qoruyur. Elədirsə, niyə hələ də bu istiqamətdə addım atmırıq? Mütləq kənardan birinin gəlib bu bölgəyə ad verməsini gözləməliyikmi?
Bölgəni düzgün şəkildə adlandırmaq qarşıdakı xəritəyə daha geniş baxmağa imkan yaradar, düşüncə üfüqlərimizi genişləndirər. Unutmayaq ki, dünyanı idarə edənlər, anlayış və terminləri idarə edənlərdir.





