BAYRAQDAR MEDİA – İmperialist güclər dünyanı müstəmləkəyə çevirərkən bölgələri öz müstəmləkə nizamlarına uyğun şəkildə bölüşdürmüşlər. Məsələn, bu gün Orta Şərq dediyimiz bölgə kimə görə Şərq, kimə görə orta sayılır, heç düşünmüsünüzmü? Eyni qaydada bu gün Orta Asiya adlandırılan, Türklərin ata yurdu kimi bilinən bölgənin həqiqi adını niyə unutdurdular?
Bu gün Orta Asiya kimi tanınan torpaqların əsl adı cəmi yüz il əvvəl Türkistan idi. Hətta çar Rusiyası Türkistanı işğal etdikdən sonra burada qurduğu idarənin adı belə Türkistan Ümumi Qubernatorluğu idi. Çarlıq süqut edib yerinə Sovet Rusiyası gəldikdə isə ilk iş olaraq bu torpaqları yenidən işğal etdi. İşğal tamamlandıqdan sonra bölgədə yaratdığı muxtar quruma Türkistan Muxtar Sovet Sosialist Respublikası adını verdi.
Türkistan bölgəsinin bir hissəsində qurulan bu muxtar respublika 1924-cü ildə yenə sovetlər tərəfindən parçalandı və onun torpaqlarında bugünkü Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan respublikaları yaradıldı. Təbii ki, bu respublikaların hamısı Sovet respublikaları idi. Həmin gündən sonra Türkistan adını unutdurmaq üçün əllərindən gələni etdilər. Onun yerinə Orta Asiya anlayışı yayğınlaşdırıldı.
Təəssüf ki, bu proseslər yalnız Sovet İttifaqı ilə məhdudlaşmadı. Əvvəlcə Avropada ortaya çıxan Orta Asiya anlayışı sovetlərdən sonra Türkiyəyə də keçdi. Bir müddət sonra Türkiyədə də yüz illər boyu Türkistan adlandırılan ata torpaqlarına Orta Asiya deyilməyə başlandı. Aparılan təbliğat o qədər güclü oldu ki, bu gün orada yaşayanlar belə bölgəni Orta Asiya adlandırırlar. Sevindirici haldır ki, son dövrlərdə Türkiyənin təhsil qurumları bu məsələyə diqqət yetirərək bütün təhsil müəssisələrinin proqramlarında Orta Asiya ifadəsini Türkistan ilə əvəz etməyə başlayıblar.
Bütün bunlara baxmayaraq Türkistanın Rusiyanın hakimiyyətinə girməyən iki bölgəsində Türkistan adı hələ də yaşadılır. Bunlardan biri Doğu Türkistandır ki, Çin ora üçün Şincan Uyğur bölgəsi adından istifadə edir. Digəri isə bu gün Əfqanıstanın Quzeyini təşkil edən Güney Türkistan bölgəsidir. Lakin təəssüf ki, min illərdir türk yurdu olan bu torpaqlardan türk millətini çıxarmağa çalışırlar. Türk milləti həm Doğu, həm də Güney Türkistanda varlıq mübarizəsi aparır. Güney Türkistan türkləri silahlı olduqları üçün burada Doğu Türkistan qədər ağır təzyiq görməsələr də onlara qarşı da müxtəlif oyunlar qurulur.
Nəticə olaraq, əgər biz türk milləti üçün mübarizə aparmaq istəyiriksə, ilk növbədə bizə məxsus ifadələrdən başlamalı, həm fikirdə, həm də əməldə Türkistana və oradakı türk millətinə sahib çıxmalıyıq. Bu məsələ təkcə Türkiyənin deyil, bütün türk dövlətlərinin və türk xalqlarının varlıq və gələcək məsələsidir.



