Press "Enter" to skip to content

Valideyn konfransları başlayıb

Son yeniləmə: 23 Aprel 2026

BAYRAQDAR MEDİA– Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrini əhatə edən 2026-cı il üzrə Valideyn konfransları başlayıb.

Bu barədə BŞTİ-dən məlumat verilib.

Məlumata görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşəbbüsü ilə keçirilən konfranslar çərçivəsində ilk görüşlər Nəsimi və Nərimanov rayonları üzrə təşkil olunub: “Konfransda BŞTİ-nin müdir müavini Fəttah Fəttayev, Təhsilalanlarla iş sektorunun müdiri Pərvin Quliyeva, psixoloq Aysel Novruzova, müəllimlər, məktəb psixoloqları və valideynlər iştirak ediblər. BŞTİ-nin müdir müavini Fəttah Fəttayev ənənəvi xarakter alan konfransların əhəmiyyətindən, valideynlərin təhsil prosesində fəal iştirakının vacibliyindən danışıb, belə tədbirlərin məktəb-ailə əməkdaşlığına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib. Qeyd edib ki, valideynlərin məktəb həyatında, təhsil ocaqlarının idarəolunması prosesində fəal iştirakı məktəblə ailə arasında qarşılıqlı etimadı möhkəmləndirərək daha sağlam və dəstəkləyici təhsil mühitinin formalaşmasına şərait yaradır”.

Məlumata əsasən valideyn konfranslarının məktəb-icma əməkdaşlığının daha da genişləndirilməsi işinə verəcəyi töhfələrdən danışan Təhsilalanlarla iş sektorunun müdiri Pərvin Quliyeva bildirib ki, bu platforma tərəflər arasında açıq dialoqu genişləndirir və birgə təşəbbüslərin yaranmasına şərait yaradır. Həmçinin vurğulayıb ki, burda aparılan müzakirələr əməkdaşlığın daha sistemli və davamlı şəkildə qurulmasını təmin edir.

“Tədris motivasiyası və öyrənməyə marağın artırılması” və “Süni intellektdən istifadə və kibertəhlükəsizlik” mövzusunda təqdimatlarla çıxış edən psixoloq Aysel Novruzova uşaqlarda daxili motivasiyanın formalaşdırılmasının onların uzunmüddətli uğurunun əsasını təşkil etdiyini söyləyib. Psixoloq valideyn və müəllimlərin dəstəkləyici yanaşmasının öyrənmə prosesinə marağı artırdığını və uşaqlarda özünəinamı gücləndirdiyini vurğulayıb. Rəqəmsal mühitdə uşaqların təhlükəsiz davranış vərdişlərinin formalaşdırılmasını günümüzün əsas prioritetlərindən olduğunu deyən A.Novruzova bildirib ki, valideynlərin bu sahədə maarifləndirilməsi uşaqların virtual risklərdən qorunmasında mühüm rol oynayır.

Daha sonra iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb, valideynlərin təklif və rəyləri dinlənilib, sualları cavablandırılıb.

Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd məktəb-icma əməkdaşlığını gücləndirməklə uşağın hərtərəfli inkişafını təmin etmək, həmçinin təlim-tərbiyə prosesində valideynin iştirakının davamlı, sistemli və məqsədyönlü şəkildə təşviq olunmasından ibarətdir.

Onu da qeyd edək ki, 2025-ci ildən etibarən təşkil olunan Valideyn konfransları paytaxtın inzibati rayonları üzrə bütün ümumi təhsil məktəblərini əhatə edir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.