Press "Enter" to skip to content

Dədəli lövhələri – 9

Azər Həsrət

Son yeniləmə: 26 Aprel 2026

“Acıq dayı”… “Həmid dayı”…

BAYRAQDAR MEDİA – Atam Hacıqulu Abdulla oğlu (doğum şəhadətnaməsində belə yazılıb) sərt adam idi. Eyni zamanda sözünə sadiq, dürüst, təmiz, ailəsinə bağlı ata idi.

…Biz ailədə 9 uşaq olmuşuq. Gülnənə adında bir bacımız körpə ikən dünyasını dəyişib. 8 uşaq – 6 qardaş, 2 bacı olaraq atamızla anamız bizi yetişdirib, böyüdüb, millətə sağlam övladlar kimi təqdim edib.

Mən ailəmizin sonbeşiyiyəm. Ona görə də atamın, anamın, ailəmizin son dönəmlərə aid bütün yaşamını müşahidə etmək imkanım olub. Böyüklər böyüdükcə köçüb gediblər, mən isə ailə içində qalmışam. Təbii ki, belə bir durum ailəmizlə bağlı daha böyüklərin bilmədiklərini mənim öyrənməyim üçün əlavə şans demək idi…

Yadımdadır, dörd bacının biri olan anam Nənəxanım deyərdi ki, onların cəmi bir qardaşı olub. Vəli dayım. Tale elə gətirib ki, Vəli dayımız gənc yaşda dünyasını dəyişib. Amma arxada xanımını (biz ona “Birgözəl” deyərdik), oğullarını və qızlarını qoyub getmişdi.

Dayım dünyasını tez dəyişdiyi üçün anam və xalalarım öz uşaqlarına böyük dayoğlumuz Həmid müəllimə “Həmid dayı” deməyi öyrətmişdi. Dayımız həyatda olmasa da bu fani dünyada onu əvəz edəcək üç oğlu qalmışdı…

Hə, bu Həmid dayımız (dayoğlumuz) da elə dəqiq, yeri gələndə sərt adam idi. Xasiyyəti elə idi ki, başının üstünə, ovaxtkı dillə desək, milis qoymağa ehtiyac yox idi. Qanun, qayda bilər, düzənli bir həyat yaşardı…

Həmin bu Həmid dayımız mənim atama Hacıqulu dayı deyil, “Acıq dayı” deyərdi. Səbəbsiz deyildi…

Yuxarıda qeyd etdim axı, atam sərt kişi idi. O baxımdan özündən tez çıxmağı vardı. Acıqlanardı. Elə məndə də həmin xasiyyətdən bir az var…

Atamın belə acıqlı kişi olmasını əsas götürərək Həmid dayı ona öz aramızda “Acıq dayı” adı qoymuşdu. Özünə də elə deyərdi. Əlbəttə, atam buna əsəbləşməzdi, əksinə, bir az da bəlkə xoşuna gələrdi…

Acıq dayı da, Həmid dayı da nəslimizdəki kişilərin demək olar hamısı kimi dürüst, sözübütöv, səliqəli ailə başçıları idi. Biz də onların bu sərtliyini, düzənini mənimsəmişik.

Atamdan yazaraq, əslində köhnə kişilərin xarakterini göstərmək istəmişdim. Bizim Dədəlidə kişilər kişi kimi idi. Elə indi də onların uşaqları atalarına bənzəyir. Mən də atama bənzəyirəm.

Bizdə “kişi sözü” sözün həqiqi mənasında kişi sözüdür. Ağızdan çıxdısa, ölərik, amma əməl edərik.

Düzdür, bu sözü hamının əvəzinə – hamının yerinə deyə bilmərəm. Amma özüm, Dədəlidə tanıdığım indiki kişilər elə o köhnə kişilərə bənzəyirlər. Hətta dünyasını dəyişmiş o böyük kişilərin övladları sanki onların surətidir, yaşlandıqca onlara daha çox oxşayırlar. Elə mən də atama oxşayıram. Bəzən yaşlı insanlar uzun aradan sonra məni görəndə, “aaa, Hacıqulu” deyirlər…

Atama bənzədiyim üçün qürurluyam. Hər anlamda. Kişi kimi kişi, ailə başçısı kimi ailə başçısı, cəmiyyət içində də özünə hörmət qoyan, başqalarının haqqına heç vaxt girməyən bir Şəxsiyyət idi o!!!

Atamla bağlı iki xatirə ilə bu yazımı bitirmək istərdim…

Atam həm də yeyib-içən kişi idi. Günlərin birində də bir məclisdə dostlarla yeyib-içib, gecəyarısı evə dönürmüş. Mən onda uşaq idim hələ. Atam danışardı ki, gecə piyada gələrkən bizim evdən bir neçə ev ötədəki evin balkonunda işıq söndürülüb. Bu da düşünüb ki, işığı onu gördükləri üçün söndürüblər. Ona görə də bir balaca içkili olduğu üçün artıq sözlər işlədibmiş…

Həmin gecə evdə yatıb adəti üzrə səhər erkəndən yuxudan oyananda atamın yadına düşür ki, bəs, Yaqub kişinin evinin yanından keçəndə işıq söndürüldüyü üçün bir balaca ayıb olacaq ifadələr işlədib. Bu yadına düşən kimi heç çayını da içmədən tez Yaqub kişinin qapısına gedir, onu haylayır, bayıra çıxan kimi qayıdır ki, bəs, “sən allah, bağışla, axşam deyəsən sənin evinin yanında söyüş söymüşəm”. Yaqub kişi də qayıdır ki, “Ay Hacıqulu, nə söyüşü, vallah, biz heç nə eşitməmişik”. Atam da deyir ki, “dəxli yoxdur, üzrümü qəbul edin”. Təbii ki, üzr qəbul edilir…

Lakin iş bununla qalmır. Ondan sonra atam araq içməyi tərgitdi demək olar ki. Elə özü deyirdi ki, “bu lənətə gəlmiş adamı biabır edir, daha içən deyiləm”.

Yeri gəlmişkən, mənim bu yaşa kimi arağın dadını bilməməyim elə atamın o səhvindən qaynaqlanır…

…Sovet dövrü olsa da atam hökumət adamlarının qarşısında əyilməz, hər kəslə bərabərə danışardı həm də…

Xaçmazda çox məşhur bir raykom katibi vardı. Soyadı Nəsibov idi. Uşaqdan böyüyə hamı onu tanıyırdı. Elə mən də uşaq olaraq onun adını tez-tez eşidərdim. Bu Nəsibov sovxozları, kəndləri gəzərdi, ayağına uzunboğaz çəkmə geyinib tarlaları şəxsən gözdən keçirər, işçilərlə hal-əhval tutar, təlimatlar verərdi. Bir az ötkəm kişi imiş deyilənə görə…

Günlərin bir günü atamın da işlədiyi tarlaya gəlir bu Nəsibov. Sovxoz direktoru, briqadir əl-ayağa düşür, bütün işçiləri onun başına toplayırlar. Nəsibov ötkəm-ötkəm danışır, bir az da səsini ucaldır. Hamı da sakitcə qulaq asır. O cümlədən atam da…

Nəsibov danışıb qurtarandan sonra atam irəli çıxır, yerdən bir kəsək götürür, sakitcə uzadır raykom katibinə ki, “al bunu”. Nəsibov da, sovxoz direktoru da, elə oradakı digər işçilər də bu səhnəni təəccüblə izləyir. Ki, nə olacaq? Nəsibov qayıdır ki, “nə olub, a kişi?” Acıq dayı da qayıdır, “al bunu, vur başımıza”.

-Dəli olmusan, a kişi, niyə vurum bunu başınıza?
-Vurmursan, bəs onda niyə qışqırırsan? Sözün var, sakitcə de, başa düşək də…

Deyirdilər ki, bu qısa dialoqun ardından Nəsibov heç nə demədən üzünü döndərib tarladan çıxır, maşınına oturub oradan uzaqlaşır…

Belə kişi idi atam – Həmid dayının “Acıq dayı” dediyi Hacıqulu Abdulla oğlu! Biz də ona layiq olmağa, onun kimi kişi olmağa çalışdıq həmişə. Tanıyanlar deyir ki, bizdə də pis alınmır…

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.