Press "Enter" to skip to content

IX sinif şagirdləri imtahan veriblər

BAYRAQDAR MEDİA – Aprelin 26-da ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Imtahan Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə) və Nəsimi rayonlarında, Sumqayıt (II hissə), Abşeron (II hissə), Göygöl, Goranboy, Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad (II hissə), Masallı (II hissə), Bərdə, Tərtər, Göyçay, Saatlı, Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad (II hissə), Xaçmaz (II hissə), Quba (II hissə), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd orta məktəbləri), Laçın (Şəhər 2 nömrəli tam orta məktəb, Zabux, Sus kənd tam orta məktəbləri) və Naxçıvan Muxtar Respublikasında keçirilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Məlumata görə, həmin gün, həmçinin Çilov adasında yerləşən məktəbdə, Bakı şəhəri üzrə xüsusi – internat məktəblərində, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə, eləcə də tədrisi gürcü dilində aparılan məktəblərdə oxuyan şagirdlər buraxılış imtahanı veriblər. Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması “Azneft” İstehsalat Birliyinin helokopteri vasitəsilə həyata keçirilib.

Məlumatda o da deyilir ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 240 imtahan binası, 4171 imtahan zalı ayrılıb. İmtahanların idarəolunmasına 926 imtahan rəhbəri və ümumi rəhbər, 5197 nəzarətçi, 731 buraxılış rejimi əməkdaşı (mühafizə) və 240 bina nümayəndəsi ayrılıb: “İmtahanda 55 min 282 şagirdin iştirakı nəzərdə tutulurdu. İmtahanda 79 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb”.

İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar edildiyi üçün imtahandan xaric olunub və araşdırma aparılacaq.

Aprelin 27-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 6 həftədən sonra elan olunması nəzərdə tutulur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.