Press "Enter" to skip to content

Valideyn konfransları davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Son yeniləmə: 27 Aprel 2026

BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrini əhatə edən 2026-cı il üzrə Valideyn konfransları davam edir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşəbbüsü ilə keçirilən konfranslar çərçivəsində növbəti görüşlər Xətai, Yasamal, Suraxanı və Sabunçu rayonları üzrə təşkil olunub.

Bu barədə BŞTİ-dən məlumat verilib.

Məlmatda deyilir ki, “konfranslarda BŞTİ-nin müdir müavini Fəttah Fəttayev, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova, BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova, MÜTDA-nın Uşaq inkişafı və rifahı şöbəsinin aparıcı mütəxəssisi Aygün Bayraməliyeva, BŞTİ-nin Ümumi təhsilin təşkili sektorunun əməkdaşları Tural Hətəmov və Əfqan İsgəndərov, Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşı Nərgiz Məmmədova, psixoloq Aysel Novruzova, müəllimlər, məktəb psixoloqları və valideynlər iştirak ediblər”.

BŞTİ-nin müdir müavini Fəttah Fəttayev valideynlərin məktəblə sıx əməkdaşlığına dair maarifləndirmə işinin daha da gücləndirilməsinin vacibliyini qeyd edib. Vurğulayıb ki, valideynlərin məktəb həyatında fəal iştirakı uşaqların təlim nailiyyətlərinin yüksəlməsinə və məktəb mühitinə daha uğurlu inteqrasiyasına şərait yaradır.

Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova uşaqların hüquqlarının qorunması və təhlükəsiz mühitdə inkişafı üçün valideyn, məktəb və cəmiyyət arasında koordinasiyalı fəaliyyətin xüsusi əhəmiyyət daşıdığını bildirib. Valideyn konfraslarının təşkilini yüksək dəyərləndirən G.Səfərova belə təşəbbüslərin uşaqların rifahının təmin olunmasına, risklərin vaxtında müəyyən edilərək qarşısının alınmasına mühüm töhfə verdiyini söyləyib.

Müxtəlif mövzularda çıxışlar və təqdimatlardan sonra iştirakçılarla mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, valideynlərin təklif və rəyləri dinlənilib, sualları cavablandırılıb.

Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd məktəb-icma əməkdaşlığını gücləndirməklə uşağın hərtərəfli inkişafını təmin etmək, həmçinin təlim-tərbiyə prosesində valideynin iştirakının davamlı, sistemli və məqsədyönlü şəkildə təşviq olunmasından ibarətdir. Onu da qeyd edək ki, 2025-ci ildən etibarən təşkil olunan Valideyn konfransları paytaxtın inzibati rayonları üzrə bütün ümumi təhsil məktəblərini əhatə edir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.