BAYRAQDAR MEDİA – Aprelin 30-da Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Güləş Federasiyasından (AGF) daxil olub.
Dövlət başçısı görüşdə geniş çıxış edib. Prezident çıxışı zamanı milli komandanı Tiranada keçirilmiş Avropa çempionatında qazandığı böyük qələbə münasibətilə təbrik edib. O, vurğulayıb ki, bu qələbə hər kəsi sevindirib, Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər.
Prezident İlham Əliyev qeyd edib ki, hər dəfə beynəlxalq yarışlarda Azərbaycan bayrağı qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir: “Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir”.
Prezident çıxışı zamanı idmançılarla görüşlərinin müntəzəm xarakter daşıdığını vurğulayıb: “30 ilə yaxın müddət ərzində Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik edirəm. Bu 30 ilə yaxın müddət ərzində, əlbəttə ki, bir çox müsbət məqamlar olub. Əsas odur ki, idmanın dayanıqlı inkişafı, uğurlarımızın ardıcıl şəkildə davam etməsi və gənc nəslin yetişməsi – hər şey mənim gözümün önündə keçib. Görün, neçə nəsil dəyişib, amma bu gün biz yenə də uğurlarla fəxr edirik. Əsas budur və əminəm, həm Güləş Federasiyası, həm bizim digər federasiyalarımız gələcəkdə öz işlərini elə quracaqlar ki, Azərbaycan xalqı idman yarışlarına baxanda daim sevinc hissləri keçirsin. Əlbəttə, ölkəmizdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır. Bizim təcrübəmiz də böyükdür, çox böyük beynəlxalq yarışlar keçirmişik, həm Avropa Oyunlarını, həm İslam Həmrəyliyi Oyunlarını. Bunlar demək olar ki, Yay Olimpiya Oyunlarının səviyyəsinə çox yaxındır. Keçən il MDB Oyunlarını özü də paytaxtda yox, bölgələrdə keçirmişik. Yəni bu onu göstərir ki, çox güclü potensial var və idmana, idmançılara qayğı dövlət siyasətidir. Əminəm ki, idmançılar da bunu görür və hiss edirlər. Bir daha sizi təbrik edirəm, sizə yeni uğurlar arzulayıram”.
Daha sonra idmançılar çıxış edib, dövlət başçısına onları qəbul etdiyi üçün minnətdarlıq ifadə ediblər.






İlk şərhi yaza bilərsiniz