Bakıda “Barışın Türküsü: Turandan Gələn Səda” adlı konsert proqramı keçirilib
BAYRAQDAR MEDİA – Tarixin bütün mərhələlərində türklər sülhün, əmin-amanlığın və insanlıq dəyərlərinin tərəfində olublar. Türk dünyasının yaratdığı zəngin mədəni irs, incəsənət nümunələri və xüsusilə musiqi ənənəsi də hər zaman insanları birliyə, dostluğa və qardaşlığa çağırıb. Bu baxımdan Turan coğrafiyasının insanları üçün musiqi yalnız estetik zövq mənbəyi deyil, həm də xalqları bir-birinə yaxınlaşdıran, mənəvi bağları gücləndirən mühüm bir vasitə kimi qəbul olunub.

Elə Yunus Emre İnstitutunun ötən həftə təşkil etdiyi musiqi proqramının əsas ideyası da məhz bu dəyərlər üzərində qurulmuşdu. Proqramın 15 İyun – Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının 5-ci ildönümü ərəfəsinə təsadüf etməsi tədbirə xüsusi məna qazandırırdı.
Səslənən musiqilərdə, təqdim olunan sənət nümunələrində “bir millət, iki dövlət” fəlsəfəsi, Azərbaycan və Türkiyənin qardaşlığı, bütövlükdə isə türk dünyasının vahid bir ailə olduğu düşüncəsi öz ifadəsini tapırdı.
Beləliklə, Yunus Emre İnstitutu və Azərbaycan Milli Konservatoriyası Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində “Barışın Türküsü: Turandan Gələn Səda” adlı konsert proqramı keçirildi.

Tədbir Azərbaycan Milli Konservatoriyası Tələbə Elmi Cəmiyyətinin sədri, AMK-nın yaradıcılıq məsələləri üzrə mütəxəssisi Zeynəb Bağırın giriş sözü ilə açıldı. O, “Ün” ansamblının yaradılma məqsədi, konsertin ideyası və proqramın məzmunu barədə ətraflı məlumat verdi. Bildirildi ki, konsert proqramında Azərbaycan və Türkiyə musiqi mədəniyyətinə aid seçilmiş nümunələr, eləcə də AMK Tələbə Elmi Cəmiyyəti nəzdində fəaliyyət göstərən “Ün” ansamblının repertuarından əsərlər təqdim olunub.
Daha sonra Yunus Emre İnstitutunun Azərbaycan üzrə koordinatoru Gökan Seyhan çıxış edərək iştirakçıları salamladı və iki qardaş xalqın ortaq mədəni dəyərlərini əks etdirən bu kimi layihələrin əhəmiyyətini vurğuladı.
Konsert proqramında Azərbaycan Milli Konservatoriyası Tələbə Elmi Cəmiyyətinin “Ün” ansamblı səhnəyə çıxaraq bədii proqramla çıxış etdi. Ansamblın bədii rəhbəri Araz Qasəmininin (tar) rəhbərliyi ilə Reza Mohammadi (kamança), Samidə Məmmədova (qanun), Yusif Qocayev (bağlama), Kənan Sadiqov (kontur saz), Firuzə Qədiməliyeva (fortepiano), Vüsal Bayramov (nağara) və Loğman Məmmədov (zərb alətləri) tərəfindən ifalar təqdim olundu.

Konsert çərçivəsində solistlər Nərmin Mirzəyeva, Azər Çələbiani, Ramil Abbasov və Rauf Cəfərov Azərbaycan və Türkiyə xalq və bəstəkar musiqisindən seçilmiş əsərləri ifa etdilər.
Sonda tədbirin yaradıcı heyətinə təşəkkürnamələr təqdim olundu.










İlk şərhi yaza bilərsiniz