Press "Enter" to skip to content

Kökləri qədim dövrlərə qədər uzanan sənət

Açılış zamanı

“Keçmişdən gələcəyə-ənənəvi izlər” adlı təzhib və miniatür sərgisinin açılış mərasimi keçirilib

BAYRAQDAR MEDİA – “İncəsənət xalqlar arasında mədəni körpülərin qurulmasında mühüm rol oynayır”. Bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün iyunun 16-da Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbir zamanı bildirib.

Xatırladaq ki, Türkiyə ilə Azərbaycan arasında mövcud olan köklü dostluq və qardaşlıq bağlarını sənətin universal dili vasitəsilə əks etdirən “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı təzhib və miniatür sərgisinin açılış mərasimi keçirilib. Yunus Emre İnstitutunun təşkilatçılığı ilə keçirilən sərgi Türkiyənin Azərbaycandakı səfirinin xanımı Zühre Akgünün də iştirak etdiyi “Təzhib–Miniatür” kursunun yekununda ərsəyə gələn əsərləri bir araya gətirib.

Birol Akgün: Belə sərgilər həm ortaq mədəni dəyərlərin tanıdılmasına, həm də sənət vasitəsilə xalqlar arasında qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edir

Açılış mərasimində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib ki, Türkiyə ilə Azərbaycan arasında əlaqələr hər keçən gün daha da inkişaf edir. O, qeyd edib ki, son dövrlərdə ikitərəfli əlaqələr mədəniyyət və incəsənət sahəsində də yeni mərhələyə qədəm qoyub. Bu istiqamətdə həm TDT, həm də Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən mühüm layihələr həyata keçirilir.

Birol Akgün
Birol Akgün

Çıxışında Türkiyə ilə Azərbaycanın mədəni və mənəvi dəyərlər baxımından da bir-birinə çox yaxın olduğunu vurğulayan səfir deyib: “Rəssamlıqdan musiqiyə, teatrdan poeziyaya qədər ortaq köklərə söykənən zəngin dəyərlərimiz və sənət incilərimiz var”.

Diplomat bildirib ki, belə sərgilər həm ortaq mədəni dəyərlərin tanıdılmasına, həm də sənət vasitəsilə xalqlar arasında qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edir: “Bizim estetik yanaşmamızda incəlik və zəriflik daha çox miniatürlərdə, əlyazma kitabların bədii tərtibatında öz əksini tapır. Klassik əsərlərin orijinal nüsxələrinə nəzər saldıqda görürük ki, şeirin sadəliyi və gözəlliyi ilə yanaşı, onun ətrafındakı bəzəklər, ornamentlər də xüsusi ustalıqla işlənmişdir. Bu gün sənətkarlarımızın yaratdığı əsərlər də məhz o tarixi incəliyin süzgəcindən keçərək müasir dövrdə yenidən canlandırılmasıdır. Bu baxımdan bütün müəlliflərə və zəhməti keçən hər kəsə təşəkkürümü bildirirəm”.

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki qardaş ölkənin zəngin mədəni irsini parlaq şəkildə əks etdirir

Yunus Emre İnstitutunun Azərbaycan üzrə koordinatoru Gökhan Seyhan bildirib ki, təsviri sənət və miniatür hər iki qardaş ölkənin zəngin mədəni irsini parlaq şəkildə əks etdirir: “Bu incəsənət növləri xalqlarımız arasındakı mənəvi yaxınlığı daha da gücləndirir. Bu istiqamətdə birgə layihələr gələcəkdə də davam etdiriləcək”.

Gökhan Seyhan
Gökhan Seyhan

O, qeyd edib ki, sərginin üç gün ərzində Beynəlxalq Muğam Mərkəzində təşkil olunması Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və mədəni bağların daha da möhkəmlənməsinə, mədəniyyətlərimizin bir-birinə daha da yaxınlaşmasına mühüm töhfə verəcək.

Zühal Alodal: 27-si müxtəlif texnikada, 9-u isə miniatür olmaqla ümumilikdə 37 əsərdən ibarət sərgi ərsəyə gətirilib

Çıxış edən sərginin kuratoru və kursların rəhbəri Zühal Alodal bildirib ki, miniatür sənəti əsasən əlyazma kitabların bəzədilməsi, mətnin vizuallaşdırılması və təsvir olunan hekayənin daha dolğun çatdırılması məqsədilə özünəməxsus texnikalarla icra edilən ənənəvi sənət növüdür: “Bu sənətin kökləri qədim dövrlərə qədər uzanır və zərifliklə estetik düşüncənin vəhdəti kimi kağız üzərində əksini tapır. Bu baxış və prinsiplər əsasında xanımlarla birlikdə böyük səbir və əzmlə çalışaraq 27-si müxtəlif texnikada, 9-u isə miniatür olmaqla ümumilikdə 37 əsərdən ibarət sərgi ərsəyə gətirilib”.

Zühre Akgün: Bu sərgi ənənəvi sənət üslublarını qoruyaraq onları müasir baxış və yeni vizyonla yenidən təqdim edən sənətkarların böyük zəhmətinin nəticəsidir

Türkiyənin Azərbaycandakı səfirinin xanımı Zühre Akgün bildirib ki, bu sərgi ənənəvi sənət üslublarını qoruyaraq onları müasir baxış və yeni vizyonla yenidən təqdim edən sənətkarların böyük zəhmətinin nəticəsidir: “Sənətkarlar keçmişin estetik dəyərlərini bu günə daşıyaraq həm cəmiyyətin mənəvi zənginliyinə, həm də mədəni inkişafına töhfə verirlər”.

Zühre Akgün
Zühre Akgün

Z.Akün deyib ki, bu kimi layihələr Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlığın yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmadığını, eyni zamanda mədəni və bədii sahədə də dərin və güclü bağlara malik olduğunu göstərir

Bu cür sərgilər milli təsviri sənətin zəngin ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır

Açılış mərasimində Milli Məclisin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva, Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycanın Xalq rəssamı Arif Hüseynov və KKTC-nin Bakı nümayəndəliyinin rəhbəri Ufuk Arça Turganer çıxış ediblər. Çıxışlarda bildirilibb ki, bu cür sərgilər milli təsviri sənətimizin zəngin ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbir zamanı
Tədbir zamanı

Sonra səfir Birol Akgünün həyat yoldaşı Zöhrə Akgün başda olmaqla, səfirlikdə fəaliyyət göstərən müşavirlərin həyat yoldaşlarının, eləcə də Türkiyə və Azərbaycandan olan xanım sənətkarların təzhib və miniatür sahəsində yaratdıqları orijinal əsərlər ziyarətçilərin ixtiyarına verilib.

Kurs iştirakçılarının bilik və bacarıqların nümayiş etdirildiyi bu sərgi, keçmişdən günümüzə uzanan zəngin sənət irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır.

Qeyd edək ki, sərgi iyunun 18-dək davam edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.