Erol Güven: Əsas məqsədlərimizdən biri türk dövlətləri ilə əlaqələrimizi inkişaf etdirmək və daha yaxın əməkdaşlıqlar qurmaqdır
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) fəaliyyət göstərən Rauf Denktaş Universitetinin Beynəlxalq Əlaqələr Bölümünün rəhbəri Erol Güven bu günlərdə Azərbaycanda səfərdə olub. Onunla müsahibədə həm səfərin məqsədi, həm də digər məqamlara toxunmuşuq:
-Azərbaycana səfərinizin məqsədi nədir?
-Öncə onu deyim ki, KKTC-nin qurucu Cümhurbaşqanı Rauf Denktaşın adını daşıyan universitetimiz 2015-ci ildən fəaliyyət göstərən ali təhsil müəssisəsidir. 2025-ci ildə universitetimizdə yeni idarəçilik sistemi formalaşdı və biz də bu yeni dövrün tərkibində fəaliyyətə başladıq. Konkret səfərə gəlincə, bu, Azərbaycana ikinci gəlişimdir. Hər iki səfərimiz zamanı bizi çox gözəl qarşıladılar və bundan böyük məmnunluq duyduq. Azərbaycanda olmaqdan çox xoşbəxtik. Təbii ki, səfərimizin mərkəzində dayanan başlıca məqam təhsil sahəsində əməkdaşlıqlardır. Universitet olaraq bu dövrdə əsas məqsədlərimizdən biri türk dövlətləri ilə əlaqələrimizi inkişaf etdirmək və daha yaxın əməkdaşlıqlar qurmaqdır. Bildiyiniz kimi, KKTC-nin beynəlxalq müstəvidə əlaqələr qurması ilə bağlı müəyyən siyasi çətinlikləri mövcuddur. Bu prosesdə can Azərbaycanın bizə göstərdiyi dəstək bizim üçün çox qiymətlidir. Azərbaycanın bu məsələdəki münasibətini və dəstəyini yüksək qiymətləndiririk. Eyni zamanda Azərbaycan universitetləri ilə əlaqləri genişləndirmək niyyətindəyik. Bu məqsədlə Azərbaycana gəldik. Burada müxtəlif universitetləri ziyarət etdik. Azərbaycandakı dostlarımızın dəstəyi ilə akademik əlaqələrimizi inkişaf etdirmək üçün imkanlar əldə etdik. Müxtəlif universitetlərlə akademik əməkdaşlıq, tələbə mübadiləsi proqramları və ikili diplom imkanları ilə bağlı müzakirələr apardıq. Təbii ki, bunlar uzunmüddətli yanaşma tələb edən proseslərdir və ilkin təəssüratlar ümidvericidir.
-Tələbələrin gələcəyinə yönəlmiş fəaliyyətləriniz haqqında nə deyə bilərsiniz?
-Biz təhsili yalnız akademik bilik vermək kimi qəbul etmirik. Yanaşmamız budur ki, universitetin vəzifəsi sadəcə tələbəni məzun etmək deyil, onu məzun olduqdan sonra qurmaq istədiyi həyata hazırlamaqdır. Bu bizim əsas missiyalarımızdan biridir. Biz tələbələrimizin beynəlxalq düşüncə tərzinə sahib olmalarını və qlobal dünyada öz yerlərini tapmalarını istəyirik. Bu istiqamətdə Mütevelli Heyətimizin sədrinin də mühüm bir layihəsi var. Məqsədimiz məzun olan tələbələrimizi dəstəkləmək və onların karyeralarına güclü başlanğıc etmələrinə şərait yaratmaqdır. Xüsusilə öz ixtisaslarında uğur qazanan, ilk üç yerə daxil olan tələbələrin şirkətlərdə işə başlamaları üçün imkan yaradılması planlaşdırılır.
-Azərbaycanlı tələbələriniz də varmı?
-Bəli, var. Universitetimizdə azərbaycanlı tələbələr də təhsil alırlar. Onların qərarlılığı, xarakteri və türk dünyasına olan yaxınlığı həqiqətən yüksək qiymətləndirilir. Bundan əlavə, soydaş olmağımızdan irəli gələn təbii bir yaxınlıq var. Bir-birimizi daha asan anlayırıq. Biz tələbələrimizin istək və gözləntilərinə böyük önəm veririk. İstəyirik ki, tələbələrimiz məzun olduqdan sonra da bizimlə əlaqələrini davam etdirsinlər. Çünki universiteti ən yaxşı təmsil edən onun tələbələridir.
-Bəs, Azərbaycanlı tələbələr üçün universitetiniz hansı imkanları təqdim edir? Yataqxana, təhsil və ya ödənişlərlə bağlı xüsusi imkanlar varmı?
-Azərbaycanlı tələbələr bizim üçün çox dəyərlidir. Universitetimizdə onlar üçün müxtəlif imkanlar təqdim edirik. Azərbaycandan bizim universitetdə təhsil alan tələbələr yüz faiz təqaüdlü tələbələridir. Bu sistemdə tələbələr təhsil haqqı ödəmirlər. Bunun xaricində yalnız illik müəyyən xidmət və fəaliyyət haqları mövcuddur. Universitetimizin yataqxana imkanları da mövcuddur. Yataqxanalarımız tələbələrin yaşayış şəraitinə uyğun və münasib qiymətlərlə xidmət göstərir. Bundan əlavə, tələbələrimizin universitetə gediş-gəlişi üçün də imkanlar yaradırıq. Yataqxana ilə universitet arasında nəqliyyat xidməti təqdim olunur.
Universitetimizin ən mühüm xüsusiyyətlərindən biri “açıq qapı” prinsipidir. Tələbələr istədikləri zaman müəllimlərlə, rəhbərliklə və aidiyyəti şəxslərlə rahat şəkildə görüşə bilirlər. Beynəlxalq Ofis olaraq tələbələrimizin ilk gəldikləri gündən məzun olduqları günə qədər onların yanında olmağa çalışırıq. İlk gəldikləri zaman yaşadıqları narahatlıqları aradan qaldırmaq, uyğunlaşmalarına kömək etmək və onları ailə mühitində hiss etdirmək bizim üçün çox vacibdir. Çünki, biz tələbələrimizi yalnız təhsil müddətində deyil, məzun olduqdan sonra da öz ailəmizin bir parçası kimi görürük.






İlk şərhi yaza bilərsiniz