BAYRAQDAR MEDİA – Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin hər kəs tərəfindən bilinən məşhur bir sözü var: “Bir kərə yüksələn bayraq bir daha enməz”.
Bəli, Rəsulzadə bu sözündə haqlı idi. Çünki Azərbaycan xalqı istiqlala aşiqdir. Tarixinin heç bir dövründə Azərbaycan türkləri işğalçılara boyun əyməmişdir. Bəli, işğal olunmuşuq, lakin əlimizə keçən hər fürsətdə işğalçılara qarşı baş qaldırmışıq. Xalqımızın bu azadlıq sevgisi nəhayət 1991-ci ildə gerçəyə çevrildi. Allaha şükürlər olsun ki, bu gün azad və müstəqil Azərbaycan dövlətimiz mövcuddur.
Lakin müstəqil Azərbaycan uğrunda canını və qanını fəda edən insanlar var idi. Bu gün sahib olduğumuz azad Azərbaycan dövlətini onların mübarizəsinə borcluyuq. Bu gün həmin insanlardan biri, “Hürriyyətə uçan türk” kimi tanınan Məhəmməd Altunbay haqqında danışacağam.
Məhəmməd Altunbay 1911-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycan işğal olunduqdan sonra atası və dayıları bolşeviklərə qarşı mübarizəyə qoşulublar. Lakin bir müddət sonra həbs edilərək balaca Məhəmmədin gözləri qarşısında güllələniblər. Məhəmməd bu hadisələri ömrünün sonuna qədər unutmayıb.
Məhəmməd Altunbay orta təhsilini Bakıda başa vurduqdan sonra 1931-ci ildə Hərbi Hava Məktəbinə daxil olub. Təhsil aldığı müddətdə əvvəlcə Moskvaya, daha sonra isə Ukraynaya göndərilib və 1933-cü ildə Odessa Hərbi Hava Məktəbini bitirib. Aviasiya sahəsində qazandığı uğurlara görə dəfələrlə təltif edilib və fəxri fərmanlarla mükafatlandırılıb.
Sovet rejimində yüksəlmək imkanı olduğu halda o, atası və dayılarının yolunu seçərək istiqlal mübarizəsinə qoşulub. Azərbaycanın müstəqilliyi uğrunda dostları ilə birlikdə gizli bir təşkilat quran Altunbayın fəaliyyəti Sovet təhlükəsizlik xidməti tərəfindən aşkar edilib. Təşkilat üzvlərinin bir çoxu güllələndikdən sonra Altunbay mübarizəsini Azərbaycanda davam etdirə bilməyəcəyini anlayaraq Türkiyəyə getməyin yollarını axtarmağa başlayıb.
O, 1939-cu ildə Bakı Hava Məktəbinin Uçuş Birliyi Komandiri olarkən bir neçə silahdaşı ilə birlikdə Sovet təyyarəsini qaçıraraq İran sərhədini keçib. Təyyarə atəşə tutulduğu üçün ciddi zədələr alsa da İran ərazisinə enməyə nail olub. Burada ağır və çətin günlərdən sonra nəhayət Türkiyə səfirliyinə müraciət edə biliblər.
İrandakı Türkiyə səfirliyinin köməyi ilə Bağdada yollanıblar. Burada fəaliyyət göstərən səfir Sahib İlkin bəy Altunbay və yoldaşlarını qatarla Türkiyəyə yola salıb. Lakin yolüstü ingilislər tərəfindən saxlanılan qatarda onların sənədləri şübhəli hesab edilib və həbs olunublar. Altunbay və dostlarını casus zənn edən ingilislər onları güllələməyə hazırlaşarkən Türkiyə səfirinin müdaxiləsi nəticəsində xilas edilərək Türkiyəyə göndəriliblər.
Məhəmməd Altunbay Türkiyəyə gəldikdən sonra əvvəlcə Nuri Demirağın zavodunda pilot kimi fəaliyyət göstərib. Daha sonra – 1943-cü ildə Türkiyə Baş Qərargahına müraciət edərək pilot kimi çalışma icazəsi alıb. Bundan sonra 1945–1960-cı illər arasında Türk Hava Yollarında pilot kimi çalışıb.
O, bütün bunlarla yanaşı istiqlal mübarizəsini də davam etdirib. Xatirələrini və mübarizə yolunu əks etdirən çoxsaylı məqalələr və kitablar qələmə alıb. Onun həyatı hətta 1967-ci ildə çəkilmiş “501 Numaralı Hücre” filminə də mövzu olub.
Azərbaycan istiqlal mücahidi Məhəmməd Altunbay 27 dekabr 1987-ci ildə Ankarada vəfat edib.
Onun həyatı bir daha göstərir ki, azadlıq uğrunda mübarizə aparan insanlar ölsələr də onların idealları yaşayır. Bu gün müstəqil Azərbaycan dövləti varsa, bunda Məhəmməd Altunbay kimi istiqlal fədailərinin böyük payı vardır. Məhəmməd Altunbay kimi qəhrəmanlar gələcək nəsillərə nümunə olmalı və əsla unudulmamalıdırlar.






İlk şərhi yaza bilərsiniz