Son yeniləmə: 21 İyun 2026
BAYRAQDAR MEDİA – İyunun 21-i qardaş Qırğızıstan Respublikasının Əməkdar mədəniyyət xadimi, Beynəlxalq Xalq Diplomatiyası Assosiasiyasının vitse-prezidenti, Azərbaycanın Dostları Klubunun və ASSOL Fondunun prezidenti Assol Moldokmatovanın doğum günüdür.
Azərbaycanın dəyərli dostu, bu zərif və gözəl – cazibədar Assol xanımın adı artıq uzun illərdir ki, ictimai xidmətin, mədəni diplomatiyanın, xeyriyyəçiliyin və insanlara xidmət naminə görülən çoxillik fəaliyyətin rəmzinə çevrilib. Onun arxasında televiziya sahəsində onilliklər boyu fəaliyyət, yüzlərlə sənədli film, beynəlxalq layihələr və yardım göstərilən minlərlə insan taleyi dayanır. Lakin bütün bu nailiyyətlərin arxasında, hər birimiz kimi, ağır həyat sınaqlarından, itkilərdən və dəyərlərin yenidən qiymətləndirilməsindən keçmiş bir insan həyatı da dayanır.
Doğum günü münasibətilə biz onunla mükafatlar və titullar haqqında deyil, həqiqətən vacib olan məsələlər – ruhun gücü, müasir dünyanın mənəvi böhranı, xalq diplomatiyası, ədəbiyyat, yaddaş, sevgi və hər cür çətinliyə baxmayaraq insan olaraq qalmaq bacarığı barədə söhbət etdik.
-Assol Abdıkalıqızı, ilk növbədə doğum gününüz münasibətilə səmimi təbriklərimizi qəbul edin. Bu gün həyatınızın ən böyük uğuru kimi nəyi görürsünüz?
-Təbrikləriniz üçün təşəkkür edirəm. Yaş artdıqca insan anlayır ki, gerçək uğurları mükafatlar, vəzifələr və ya ictimai nüfuzla ölçmək mümkün deyil. Bunların hamısı gəlib keçir. Əsl dəyər həyat boyu yanında olan insanlardır – ailə, dostlar, övladlar, müəllimlər və həmfikirlər. Əgər fəaliyyətim sayəsində kiməsə kömək etmək mümkün olubsa, nəticədə əgər kimsə özünə inanıbsa və çətin anda ruhdan düşməyibsə, deməli həyatım boşuna keçməyib. Bu gün daha çox həyatdan nə aldığımı deyil, ona nə verə bildiyimi düşünürəm. Yəqin ki, insan taleyinin əsas meyarı da məhz budur.
-Ruhun gücü sizin üçün nə deməkdir?
-Gerçək ruh gücü insanın rahat olduğu vaxt deyil, çətinliklə üzləşdiyi vaxt ortaya çıxır. Planlar dağılanda, sınaqlar gələndə, insanın ayağının altından torpaq çəkilmiş kimi görünəndə məlum olur ki, şəxsiyyətin əsası nədir. Ruhun gücü ağrının olmaması deyil. Bu, ağrıdan keçib insanlığını itirməmək, qəddarlaşmamaq, sevməyi və insanlara inanmağı unutmamaqdır. Dünya insandan çox şeyi ala bilər, amma insanın ləyaqəti, vicdanı və mərhəmət hissi qaldıqca o, məğlubedilməz olaraq qalır.
-Həyatınızda ağır itkilər olub – ananızı və həyat yoldaşınızı itirmisiniz. Belə zərbələr bir çox insanın həyatında dönüş nöqtəsi olur. Sizə bu ağrını atlatmaqda nə kömək etdi?
-Yaxın insanın itkisinə hazırlaşmaq mümkün deyil. Xüsusilə də söhbət anadan gedəndə. Ana sağ olduqca insan, hətta çoxdan böyümüş olsa belə, özünü xüsusi bir qoruma altında hiss edir. Ana dünyasını dəyişəndə isə içində doldurulması mümkün olmayan bir boşluq yaranır. Həyat yoldaşımın itkisi də ağır sınaq oldu. Bir vaxt mənə elə gəlirdi ki, tale mənim dözümlülüyümü yoxlayır. Lakin məhz həmin vaxt anladım ki, sevgi insanın həyatı ilə birlikdə bitmir. O, yaddaşda, minnətdarlıqda və yaxınlarımızın bizə qoyduğu dərslərdə yaşamağa davam edir. Ağrı tamamilə yox olmur. Sadəcə zaman keçdikcə ruhun bir hissəsinə çevrilir və müdrikliyə dönür. Bu itkilər mənə vaxtın qədrini bilməyi öyrətdi, çünki heç birimiz taleyin bizə nə qədər görüş, söhbət və qucaqlaşma bəxş etdiyini bilmirik.

-Bu itkilərdən sonra həyat haqqında təsəvvürləriniz yəqin ki, dəyişdi…
-Bəli, bu itkilərdən sonra uğur anlayışına başqa cür baxmağa başladım. Gənc yaşlarda insana elə gəlir ki, əsas məsələ tanınmaq, karyera qurmaq və özünü reallaşdırmaqdır. Amma həyat hər şeyi öz yerinə qoyur. Bu gün dəqiq bilirəm ki, ən böyük dəyər insanlardır. Yolun sonunda heç kim qazandığı pulların və ya tutduğu vəzifələrin sayını xatırlamır. İnsan sevgini, dostluğu, dəstəyi və yaxınları ilə keçirdiyi xoş anları xatırlayır. Buna görə də xoş sözləri sonraya saxlamaq olmaz.
-Bu gün mənəvi böhrandan daha çox danışılır. Siz bununla razısınızmı?
-Bəli və hesab edirəm ki, bu, müasir dövrün ən böyük böhranıdır. Biz kosmosu fəth etməyi, süni intellekt yaratmağı, dünyanın istənilən nöqtəsi ilə dərhal əlaqə qurmağı öyrənmişik, amma özümüzlə harmoniya içində yaşamağı hələ də öyrənməmişik. Müasir insan informasiya ilə əhatə olunub, lakin müdriklik çatışmazlığı yaşayır. Texnologiyaların inkişafından daha çox danışırıq, ruhun inkişafından isə daha az. Halbuki cəmiyyətin keyfiyyətini və bəşəriyyətin gələcəyini məhz mənəviyyat müəyyən edir.
-Sizi ən çox nə narahat edir?
-İnsan dəyərinin ucuzlaşdırılması. Bu gün uğur getdikcə daha çox rəqəmlərlə, reytinqlərlə və maliyyə göstəriciləri ilə ölçülür. Amma heç kim xeyirxahlığı, alicənablığı, dürüstlüyü və başqaları naminə fədakarlıq etməyi ölçə bilməz. Məhz bu keyfiyyətlər həmişə insanın həqiqi böyüklüyünün göstəricisi olub. Məni həm də insanların bir-birini dinləmək qabiliyyətini itirməsi narahat edir. Biz informasiya mübadiləsini öyrənmişik, lakin dərin insani ünsiyyəti tədricən itiririk.
-Siz uzun illərdir xalq diplomatiyası ilə məşğulsunuz. Bu gün onun əhəmiyyəti nədən ibarətdir?
-Xalq diplomatiyası rəsmi protokolların bitdiyi yerdən başlayır. O, insan münasibətləri, mədəniyyət, qarşılıqlı hörmət və etimad üzərində qurulur. İllər ərzində mənə dünyanın müxtəlif ölkələrindən insanlarla ünsiyyət qurmaq qismət olub. Hər dəfə də əmin olmuşam ki, milliyyətindən, dilindən və dinindən asılı olmayaraq insanlar eyni şeyləri arzulayırlar: sülh, sevgi, təhlükəsizlik və övladlarının xoşbəxtliyi. Ona görə də həmişə deyirəm: ürəklər arasında qurulan körpülər dövlət sərhədlərindən daha möhkəmdir.
-Beynəlmiləlçisiniz. Bu, sizin üçün nə deməkdir?
-Dünyanın müxtəlifliyinə hörmət deməkdir. Öz ölkəni sevmək başqa xalqlara nifrət etməyi tələb etmir. Əksinə, insan öz mədəniyyətini nə qədər yaxşı tanıyırsa, digər xalqların mədəniyyətini də bir o qədər yaxşı anlayır və hörmət edir. Dünya, insanlar ayırmağı deyil, birləşdirməyi öyrəndikdə daha güclü olur.
-Mədəniyyət münaqişələrin qarşısını ala bilərmi?
-Şübhəsiz. Bəzən bir kitab, bir film və ya bir tamaşa xalqlar arasında qarşılıqlı anlaşma üçün onlarla siyasi bəyanatdan daha çox iş görür. Mədəniyyət qəlbin dili ilə danışır və başqa insanda yad deyil, hissləri və yaşantıları ilə bizə yaxın olan birini görməyə kömək edir.
-Bəs ədəbiyyatın rolu nədir?
-Ədəbiyyat ruhu tərbiyə edir. O, empatiyanı, məsuliyyəti, sevgini və mənəvi seçimi öyrədir. Böyük kitablar insana onlarla taleyi yaşamağa və daha müdrik olmağa imkan verir. İnsanlar oxuduqca, bəşəriyyət hiss etmək və bir-birini anlamaq qabiliyyətini qoruyub saxlayır.
-Həyatınızda Çingiz Aytmatovun yaradıcılığı xüsusi yer tutur. Niyə?
-Çünki mənim üçün Çingiz Aytmatov təkcə dünya səviyyəli böyük yazıçı deyil, həm də şəxsi tariximin bir hissəsidir. Atam, tanınmış jurnalist və şair Abdıkalı Moldokmatov Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunda Çingiz Törekululı ilə birlikdə təhsil alıb. Onları uzunmüddətli dostluq, qarşılıqlı hörmət və ədəbiyyata sevgi bağlayırdı. Yadımdadır, atamın vəfatından sonra ailəmiz üçün çox ağır dövr başlamışdı. Məhz həmin vaxt Çingiz Törekululı elə keyfiyyətlər nümayiş etdirdi ki, onları heç bir titul və mükafatla ölçmək olmaz. O, ailəmizə dəstək oldu, diqqət və insani istilik göstərdi. Mənim üçün Çingiz Aytmatov həmişə böyük istedadın böyük insanlıqla birləşməsinin nümunəsi olub. Onun əsərləri insanı vicdan, yaddaş, mənəvi seçim, valideynlər və gələcək nəsillər qarşısında borc haqqında düşünməyə vadar edir.
-Bu qədər təcrübəyə baxmayaraq, siz hələ də fəal işləyirsiniz. Hazırda nə üzərində çalışırsınız?
-Bu gün həyatım bir neçə istiqamətlə zəngindir. İlk növbədə “Dünya Liderləri” adlı müəllif rubrikam üzərində çalışıram. Demək olar ki, hər gün informasiya agentlikləri və internet nəşrlərində müasir dövrün görkəmli şəxsiyyətləri ilə müsahibələrim dərc olunur. Bundan əlavə, insan talelərinə və görkəmli şəxsiyyətlərə həsr olunmuş yeni kitablar və sənədli layihələr üzərində işləyirəm. Həmçinin mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil və ictimai təşkilatların nümayəndələrini birləşdirəcək böyük beynəlxalq humanitar layihə hazırlayıram. Onun əsas məqsədi humanitar əlaqələrin möhkəmləndirilməsi, sülh, mənəviyyat və qarşılıqlı anlaşma ideyalarının təşviqidir.
-Bu gün sizi ayaqda tutan nədir?
-İnsanlar. Bütün böhranlara və sınaqlara baxmayaraq mən hələ də dünyanı yaxşılaşdırmaq istəyən müəllimlər, həkimlər, könüllülər, sənət adamları və gənclərlə rastlaşıram. Yaxşılıq nadir hallarda böyük xəbərə çevrilir, amma dünya məhz onun üzərində dayanır. Buna görə də mən insana, mədəniyyətin gücünə, sevgiyə və ruhun gücünə inanmağa davam edirəm.
-Gənc nəslə nə demək istərdiniz?
-Qəlbinizi qoruyun. Sinizmin normaya çevrilməsinə, maddi dəyərlərin mənəvi dəyərləri sıxışdırmasına imkan verməyin. Ata-analarınızı sevin, kitab oxuyun, böyüklərə hörmət, ehtiyacı olanlara kömək edin. Və unutmayın: həqiqi uğur əldə etdiklərinizin sayı ilə deyil, insanın özündən sonra qoyduğu yaxşılıqların sayı ilə ölçülür.
-Çox maraqlı söhbət üçün təşəkkür edirik.
-Mən də sizə təşəkkür edirəm. İnanmaq istəyirəm ki, bütün sınaqlara baxmayaraq bəşəriyyət ən vacib olanı – sevmək, mərhəmət göstərmək və insan olaraq qalmaq qabiliyyətini qoruyacaq. Çünki ruhun gücü istənilən şəraitdən daha güclüdür.
Redaksiyadan: Assol Moldokmatova bütün yaxşı cəhətləri ilə Azərbaycanın yaxın dostudur. O, Ermənistanın işğalından azad olmuş Qarabağda – Şuşada da olub. Eyni zamanda Azərbaycanın dilbər guşələrindən olan Xaçmaza, Qubaya baş çəkib, burada Soyqırım Memorialını da ziyarət edib. O, Azərbaycanın dərdini öz dərdi bilir, sevincimizə daim sevinir. Biz də öz adımıza əziz dostumuzu ad günü münasibət ilə təbrik edir, tezliklə onu yenidən Azərbaycanda görməyi arzu edirik.






İlk şərhi yaza bilərsiniz