Press "Enter" to skip to content

NATO Zirvəsi 22 ildən sonra yenidən Türkiyədə keçiriləcək

Bayraqlar

BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin paytaxtı Ankara 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsinə ev sahibliyi edəcək. Zirvə çərçivəsində NATO-nun gələcək təhlükəsizlik və müdafiə strategiyalarına dair mühüm məsələlərin müzakirəsi nəzərdə tutulur. Türkiyə 2004-cü ildə İstanbulda keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsindən sonra 22 il aradan keçdikdən sonra yenidən Alyans liderlərini qəbul edəcək.

Bu barədə ajanshaber.com.tr saytının məlumatında qeyd edilib.

Məlumatda deyilir ki, paytaxt Ankarada keçiriləcək 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsində ABŞ Prezidenti Donald Tramp başda olmaqla NATO-ya üzv 32 ölkənin dövlət və hökumət başçıları, eləcə də xarici işlər və müdafiə nazirləri iştirak edəcəklər. Bundan başqa, AP4 ölkələri kimi tanınan Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya da zirvədə təmsil olunacaq.

Zirvənin gündəliyinə yük bölgüsü, Avropa – Atlantik və Hind -Sakit okean regionlarının təhlükəsizliyi, müdafiə sahəsində əməkdaşlıq və qlobal təhlükəsizlik məsələləri daxil edilib.

Məlumata əsasən, son illərdə əlavə tədbir kimi keçirilən Müdafiə Sənayesi Forumu bu il ilk dəfə olaraq zirvənin rəsmi proqramına salınıb. Eyni zamanda, İstanbul Əməkdaşlıq Təşəbbüsü çərçivəsində xarici işlər nazirləri səviyyəsində xüsusi iclas keçiriləcək.

Türkiyə zirvə çərçivəsində təxminən 100 naziri, çoxsaylı yüksək səviyyəli diplomatı, beynəlxalq təşkilatların nümayəndələrini və minlərlə xarici qonağı qəbul edəcək. Tədbiri işıqlandırmaq üçün isə 3 minə yaxın jurnalist akkreditasiya üçün müraciət edib.

Zirvənin təhlükəsizliyinin təmin olunması məqsədilə 56 min 288 təhlükəsizlik əməkdaşı cəlb ediləcək. Bundan əlavə, kibertəhlükəsizlik tədbirlərinə 639 nəfərlik xüsusi heyət nəzarət edəcək.

2004-cü ildə İstanbulda keçirilən NATO Zirvəsi Əfqanıstandakı NATO missiyasının genişləndirilməsi, İraqın təhlükəsizlik qüvvələrinə təlim dəstəyinin göstərilməsi və Soyuq müharibədən sonrakı ən böyük genişlənmə prosesindən sonra yeni üzv dövlətlərin ilk dəfə tamhüquqlu üzv qismində zirvəyə qatılması baxımından Alyans tarixinin mühüm dönüş nöqtələrindən biri hesab olunur.

Ankarada keçiriləcək builki zirvənin isə NATO-nun yeni təhlükəsizlik strategiyalarının formalaşdırılması və Türkiyənin diplomatik-strateji rolunun daha da güclənməsi istiqamətində mühüm qərarların qəbul ediləcəyi kritik toplantı olacağı gözlənilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.