BAYRAQDAR MEDİA -Türkiyənin Qars şəhərində Qarapapaq türklərinin zəngin mədəni irsini yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədilə “Qarapapaq Türkləri Çalıştayı və Aşıq Ələsgər ilə Aşıq Şənlik adına Ozanlar Şöləni” təşkil olunub.
Bu barədə karsmanset.com saytı məlumat yayıb.
Məlumata görə, geniş iştirakçı tərkibi ilə keçirilən tədbirdə Türk dünyasının ortaq mədəni dəyərləri və aşıqlıq ənənəsi bir daha diqqət mərkəzində olub: “Tədbir çərçivəsində Qarapapaq türklərinin tarixi, mədəniyyəti, adət-ənənələri və ədəbi irsi müxtəlif sessiyalarda müzakirə edilib. Aşıq Ələsgər və Aşıq Şənliyin xatirəsinə həsr olunan Ozanlar Şöləni isə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Proqramda saz və söz ustaları Türk xalq ədəbiyyatının seçmə nümunələrini ifa edərək ortaq mədəni irsin yaşadılmasına öz töhfələrini veriblər”.
Tədbir iştirakçıları türk dünyasının ortaq yaddaşında mühüm yer tutan Qarapapaq türklərinin mədəni dəyərlərinin qorunub yaşadılmasının vacibliyini vurğulayıblar.
Tədbirin sonunda təşkilatçılara, xüsusilə Dünya Qarapapaq Türkləri Vəqfinə, eləcə də layihənin həyata keçirilməsində əməyi olan bütün qurum və tərəfdaşlara təşəkkür ifadə olunub. Çıxışlarda mədəni irsin qorunması və yaşadılması istiqamətində bu qəbildən olan tədbirlərin davamlı şəkildə keçirilməsinin vacibliyi xüsusi vurğulanıb.






İlk şərhi yaza bilərsiniz