BAYRAQDAR MEDİA – Qarabağ Universiteti (QU) 2026/2027-ci tədris ilindən etibarən Türkiyənin İstanbul Texniki Universiteti (İTÜ) ilə beynəlxalq ikili diplom proqramına başlayır.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya QU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Proqram “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 2025-ci il 22 iyul tarixli Sərəncamı çərçivəsində reallaşdırılacaq. Dünyanın mühəndislik profili üzrə aparıcı universitetləri sırasında yer alan İTÜ ilə birgə aparılacaq kadr hazırlığı İnşaat mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Mexanika mühəndisliyi və Kimya mühəndisliyi ixtisaslarını əhatə edir. İTÜ-nün tədris proqramları əsasında təşkil edilən təhsil tamamilə ingilis dilində aparılacaq. Tələbələrin ilk üç tədris ilində Xankəndi şəhərində, dördüncü tədris ilində isə İstanbul şəhərində təhsil almaları nəzərdə tutulur. Dörd il ərzində bütün dərslər İTÜ professorları tərəfindən keçiriləcək”.
Sonra xəbərdə, “proqramla bağlı bütün xərclər dövlət hesabına maliyyələşdiriləcəkdir. Proqramın məzunları QU-nun və İTÜ-nün bakalavr diplomlarını əldə edəcəklər. Proqram tələbələrə ən müasir akademik məzmun, zəruri nəzəri biliklər və praktiki bacarıqlar təklif edir. QU-da İTÜ təcrübəsi əsasında yaradılan laboratoriyalarda reallaşdırılacaq tədris, tədqiqat və innovasiya fəaliyyətləri mühəndislik təhsilində tamamilə yeni tədris modelinin formalaşmasına, sənaye müəssisələrinin kampusa cəlb edilməsinə və cəmiyyət üçün faydalı mühəndislik həllərinin yaradılmasına şərait yaradacaqdır. Hazırlanan yüksəkixtisaslı mütəxəssislər yerli və beynəlxalq əmək bazarında uğurla fəaliyyət göstərmək imkanı qazanacaqlar. Qeyd edək ki, “QS World University Rankings 2027” nəticələrinə əsasən İTÜ Türkiyə universitetləri arasında birinci, dünya universitetləri arasında isə 279-cu yerdə qərarlaşıb” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz