
BAYRAQDAR MEDİA Gözəl Azayın müxtəlif şəxslərlə maraqlı müsahibələrini dərc edib. Düşündük ki, bu dəfə onun özü ilə bir müsahibə təqdim edək. Yəni indi sualları verən deyil, cavablandırandır Gözəl Azay. Azərbaycan Jurnalistlər Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, yeni qurulmuş “Ocaq” Düşüncə Mərkəzinin baş katibi, şair, müəllim Gözəl Azayın bu müsahibəsi, heç şübhəsiz oxucularımız üçün də çox maraqlı olacaq. Sualları gənc qəzəlxan, 2-ci Qarabağ savaşının iştirakçısı Kənan Rahi ünvanlayıb.
-Gözəl xanım, ilk növbədə oxucularımıza özünüzü daha yaxından tanıtmağınızı istərdik. Uşaqlıq illərinizdən bu günə uzanan yolda sizi ədəbiyyata, yazıya, poeziyaya bağlayan ən güclü qüvvə nə oldu?
-Düşünürəm ki, oxucu məni harada və nə vaxt doğulduğumla deyil, daha çox düşüncəmlə, sözə münasibətimlə və daxili aləmimlə tanımaq istəyər. Çünki insan haqqında ən dolğun məlumat onun tərcümeyi-halında yox, bəzən danışmadığı mövzulardadır.
İnsanın ilk müəllimi doğulduğu və böyüdüyü mühitdir. Mən isə sevə-sevə, sevinə-sevinə xatırladığım kənd həyatının uşağıyam.
Dostoyevskinin belə bir fikri var: “İnsanın bütün sirri yalnız yaşamaqda deyil, nə üçün yaşadığını bilməkdədir”. Məncə, yazmaq da insanın özünü, həyatdakı yerini və daxili dünyasını anlamaq cəhdidir.
Bəlkə də məni yazmağa ən çox sövq edən dinlənilməmək, düzgün anlaşılmamaq və bəzən yanlış yozulmaq olub. Amma bütün bunlara baxmayaraq, dəyişməyən bir istəyim var: bacardığımı itirməmək, hər gün bir az da təkmilləşmək və sözə olan inamımı qorumaq.
Uşaqlıqdan kitablara və sözə xüsusi marağım vardı. Şeirə marağımın necə başladığını isə dəqiq xatırlamıram. Sadəcə, ikinci sinfi bitirmişdim. Bir gün iki bənddən ibarət ilk şeirimi – “Əsgər” şeirini yazdım. Gülmüşdülər. Bəlkə də gülməli idi. Həmin gülüş məni incitmişdi amma. Ondan sonra uzun müddət şeir yazmadım.
Məktəb illərində daha çox inşa və ədəbi təhlil yazıları yazırdım. Müəllimlərimin yazılarıma verdiyi dəyər mənə özümə inanmağa kömək etdi. Hətta məktəbi bitirdikdən sonra əmim qızı məndən onun üçün inşa yazmağımı xahiş etmişdi. Yazmışdım. Sonra müəllim ona demişdi: “Bunu Gözəl yazıb”. Bu söz məni həm pərt etmişdi, həm də sevindirmişdi. Çünki öz üslubumdan uzaqlaşdırmağa çalışmışdım.
Həmin an ilk dəfə hiss etdim ki, yazının da öz müəllifini tanıdan bir dili, bir nəfəsi varmış.
-Deyirlər, hər bir yazar daxilən böyüməyən bir uşaqdır. Siz isə hər gün sinifdə uşaqlarla bir yerdəsiniz. Necə düşünürsünüz, müəllimlik sizin yaradıcı dünyanızı, daxili uşağınızı qorumağa kömək edir, yoxsa şagirdlərinizdən öyrəndiyiniz yeni şeylər yazılarınıza ilham verir?
-Məncə, ən xoşbəxt insan da daxilində qəmgin bir uşaq daşıyır, ən qəmgin insanın içində də sevincək bir uşaq yaşayır.
Müəllimlik mənə daha dərindən müşahidə etmək imkanı verir. Hər uşaq ayrı bir aləmdir. Bəzən bir baxış, bir sual, bir sevinc, bəzən də bir inciklik bütöv bir yazının başlanğıcına çevrilə bilir.
Şagird müəllimin yalnız öyrətdiyi deyil, həm də öyrəndiyidir. Çünki şagird müəlliminin güzgüsüdür.
Bu gün yazdıqlarımı gizlətməməyimin başlanğıcı da şagirdlərimdən biri ilə əlaqəlidir. Bir dəfə sinifdə dedilər ki, Fərid şeir yazır. Onun utandığını hiss etdim. Dedim: “Şeirlərini gətir, oxuyum”. İnkar etmək istədi. Sonra ona cəsarət vermək üçün dedim ki, mən də yazıram. Mən onda hələ ki, özüm yazıb, özüm oxuyurdum.
Yaddaşımdan silinməyən hadisələrdən biri də başqa bir şagirdimlə bağlıdır. 11-ci sinfi bitirəndə onun üçün bir neçə cümlə yazmağımı xahiş etmişdi. Mən də ürəyimdən keçənləri, həyatla bağlı düşüncələrimi yazmışdım. Universiteti bitirib yanıma gələndə demişdi: “Müəllim, yazdıqlarınızı bir-bir yaşadım. Yaxşı ki, yazmışdınız, yaxşı ki, xəbərdar etmişdiniz”.
İnsan ən saf və səmimi halı ilə uşaqlıqda görünür. Bəlkə də buna görə müəllimlik mənim daxili uşağımı qoruyan və yaradıcılığımı qidalandıran ən böyük məktəbdir.
-Yazmaq sizin üçün sadəcə bir hobbidir, yoxsa cəmiyyətə ötürmək istədiyiniz mühüm bir mesaj? Şeirlərinizdə və yazılarınızda ən çox hansı mövzulara toxunursunuz?
-Mən sadəcə bir yazaram. “Tanınmırsa, oxunmağa dəyməz” düşüncəmiz var axı bizim. Elə buna görə də “ədəbiyyat” adamı kimi danışa bilmərəm. Hələ öz ədəbiyyatımın dar çərçivələrini genişləndirməklə, sözümün imkanlarını tanımaqla məşğulam.
Amma yazmaq bütün yazarlar üçün kənardan bir məşğuliyyət kimi görünsə də, əslində, daxili ehtiyacdır.
Yazılarımda insanı yazmağa çalışıram. İnsanın yaşadığı, amma çox vaxt dilə gətirmədiyi hissləri… Məni ən çox cəmiyyətin adiləşdirdiyi, amma əslində unudulmamalı olan həqiqətlər düşündürür.
Yalnız cəmiyyətə mesaj vermək üçün yazmıram. Eyni zamanda, “yazdıqlarım heç bir mesaj daşımır” da deyə bilmərəm. Məncə, yazıda bir tarazlıq olmalıdır. Əgər yazı yalnız mesaj vermək məqsədi daşıyırsa, bədii dərinliyini itirə bilər. Yox, əgər oxucuya ötürəcəyi heç bir fikir, heç bir hiss yoxdursa, o zaman da oxucunun qəlbinə toxuna bilmir.
-Həm məktəbdə dərs demək, həm şeir yazmaq, həm də yeni qurulan bir düşüncə mərkəzinin baş katibi olmaq… Sanki hər gün üç fərqli rolu oynayırsınız. Gözəl xanım gün ərzində bu rollar arasında keçid etməyi necə bacarır və ən çox hansı “Gözəl xanım” olanda dincəlir?
-Lev Tolstoyun belə bir fikri var: “Həyatın yeganə mənası insanlara xidmət etməkdir”. Müəllimlik də, yazmaq da, “Ocaq” Düşüncə Mərkəzində fəaliyyət göstərmək də eyni məqsədə aparan fərqli cığırlardır: öyrənmək, düşündürmək, insanlara faydalı olmaq və mənəvi dəyər yaratmaq.
Hər dərs həm də özümü yenidən tərbiyə etməyi, səbirli olmağı, dinləməyi və fərqli düşüncələrə hörmət etməyi öyrənməkdir.
Yazmaq isə mənim sadəcə öz dünyamdır: insanların gur səsindən uzaqda, xatirələrin qarışıq dadı ilə və ya bir anın sakitliyində…
“Ocaq” Düşüncə Mərkəzinin baş katibi olmaq isə həyatımda yeni bir mərhələdir. Bu vəzifə mənə sadəcə təşkilati məsuliyyət vermədi, həm də düşüncəyə xidmət etməyin məsuliyyətini öyrətdi. Artıq təkcə öz yaradıcılığım haqqında düşünmürəm. İstedadlı insanların üzə çıxması, müxtəlif baxışların mədəni şəkildə müzakirə olunması da mənim üçün önəm daşıyır.
Mənə görə, yorğunluq insanın gördüyü işlə vicdanı arasında məsafə yarananda başlayır. Əgər gördüyün iş inandığın dəyərlərlə üst-üstə düşürsə, sadəcə bədən yorula bilər, amma ruh tükənmir.
Düzünü desəm, mən çoxluğun içində olsam da ruhən tənhalığı sevən insanam. Oxumaq, yazmaq, düşünmək, bəzən sadəcə pəncərədən baxıb susmaq mənə güc verir. Elə olur, işdə, yolda və ya nəqliyyatda uzun-uzadı pəncərədən çölə baxıram. Onda zarafatla deyirlər: “Yenə şeir ruhun gəlib?”
Etiraf edim ki, mənə hər yerdə “xanım” deyə müraciət olunması elə də xoşuma gəlmir. “Gözəl xanım” deyəndə sadəcə müraciət edirlər. “Gözəl müəllim” deyəndə isə sanki mənə etibar edilir. “Gözəl müəllim” daha çox dincəlir.
-Yeni yaradılan “Ocaq” Düşüncə Mərkəzinin Baş katibisiniz. Mərkəzi qurmaq ideyası necə yarandı və niyə məhz “Ocaq” adı seçildi?
-“Ocaq” Düşüncə Mərkəzinin yaranması yalnız bir şəxsin ideyası deyil. Bu, zamanın və cəmiyyətin ortaya çıxardığı bir ehtiyacın nəticəsidir. Mərkəzin rəhbəri hörmətli şairimiz Aqşin Dadaşoğludur. Mən isə onun etimadı ilə bu mərkəzin baş katibi kimi fəaliyyət göstərirəm.
Aqşin bəylə tez-tez şeirlər, yazılar barədə müzakirə edirik. Onun fikirləri, iradları və tövsiyələri hər zaman dəyərlidir. Bu fikir mübadilələri zamanı tez-tez eyni qənaətə gəlirik: yazılan çoxdur, düşündürəni az. Ədəbiyyata və düşüncəyə ayrılan diqqət lazımi qədər deyil. Məhz bu narahatlıqla Aqşin bəy yeni bir birlik yaratmaq istədi.
Ancaq məqsəd yalnız növbəti bir ədəbi məclis yaratmaq deyildi. İstək bundan daha böyükdür: elm, mədəniyyət və ictimai düşüncənin bir araya gəldiyi, insanları sağlam fikir mübadiləsinə təşviq edən bir düşüncə mərkəzi yaratmaq.
Niyə məhz “Ocaq”? Çünki ocaq bizim milli yaddaşımızda sadəcə od yanan bir yer deyil. Ocaq ailədir, birlikdir, istilikdir, ümiddir. İnsan yorulanda ocağa qayıdır, üşüyəndə ocaq onu isidir, qaranlıqda ocaq işıq saçır.
Bir ocaq bir evi isidə bilər, bir düşüncə isə bütöv bir cəmiyyətə təsir göstərə bilər. İnanırıq ki, sözə, elmə, mədəniyyətə və insana dəyər verən insanlar bir araya gələndə kiçik bir fikir böyük bir işə çevrilə bilər. “Ocaq” da məhz belə bir düşüncə və ünsiyyət məkanı olmaq üçün yaradılıb.
-Bir baş katib olaraq bu mərkəzdə əsas fəaliyyətiniz nədən ibarət olacaq? Mərkəzin qarşısına qoyduğu əsas məqsəd nədir?
-Üzərimə düşən bu məsuliyyət mənə bir qədər də cəmiyyətin içinə çıxmaq, daha çox insan dinləmək və fərqli düşüncələrlə tanış olmaq imkanı verir.
Baş katib kimi fəaliyyətimi yalnız təşkilati işlərlə məhdud görmürəm. Mənim üçün əsas məsələ müxtəlif düşüncələri, fərqli sahələrdən olan insanları bir araya gətirmək, yaradıcı şəxslərə imkan yaratmaq və görülən işlərin davamlı olmasına çalışmaqdır.
“Ocaq” Düşüncə Mərkəzinin əsas məqsədi də budur: düşünmək, düşündürmək və düşüncəni əmələ çevirmək. Çünki yalnız yaxşı fikirləri səsləndirmək kifayət etmir. Əsas məsələ həmin fikirlərin insan həyatına, cəmiyyətə fayda verə bilməsidir.
“Ocaq” yalnız ədəbi mühit yaratmaq məqsədi daşımır. Biz istəyirik ki, burada müəllim də, şair də, tələbə də, jurnalist də, rəssam da, fotoqraf da öz fikrini cəmiyyətə birbaşa çatdıra bilsin. Çünki cəmiyyət yalnız müxtəlif baxışların dialoqu ilə inkişaf edir.
-Mərkəz hələ çox yenidir, amma artıq maraqlı bir heyət toplaya bilmisiniz. Mərkəzin rəhbərliyi və üzvləri kimlərdir? Birlikdə hansı işləri görməyi planlaşdırırsınız?
-Bizi sevindirən odur ki, qısa müddət ərzində ətrafımıza yaradıcılığı, biliyi, istedadı, sözü, düşüncəni və məsuliyyəti dəyər hesab edən insanlar toplaşmağa başlayıb.
Bu gün sıralarımızda şairlər, yazıçılar, publisistlər, jurnalistlər, müəllimlər, fotoqraflar, rəssamlar, qiraətçilər, tələbələr, ictimai fəallar və müxtəlif sahələrdə çalışan yaradıcı insanlar yer alır.
Bu müxtəliflik bizim ən böyük üstünlüklərimizdən biridir. Çünki eyni sahənin insanları təcrübələrini bölüşərək bir-birini inkişaf etdirir, fərqli sahələrdən olan insanlar isə yeni baxışlar, fərqli yanaşmalar və yeni ideyalar formalaşdırır.
“Ocaq”ın qapısı düşünən, yaradan və cəmiyyət üçün faydalı olmağa çalışan hər kəsə açıqdır.
Məqsədimiz yalnız bölgə daxilində fəaliyyət göstərən bir birlik yaratmaq deyil. İstəyimiz ölkənin müxtəlif bölgələrindən yaradıcı insanları bir araya gətirmək, onların bir-birini tanımasına, fikir mübadiləsi aparmasına və birgə layihələr həyata keçirməsinə şərait yaratmaqdır.
Planlarımız arasında ədəbi-bədii görüşlər, müzakirələr, kitab təqdimatları, poeziya axşamları, ustad dərsləri, yaradıcılıq müsabiqələri, gənclərlə görüşlər, maarifləndirici və sosial layihələr var.
İstəyirik ki, hər bir görüş, hər bir layihə insanlarda yeni bir fikir oyatsın, yeni suallar yaratsın və onları düşünməyə sövq etsin.
-Bu mərkəz gənclər üçün nə dərəcədə faydalı olacaq?
-İstedadlı gənclər hər zaman var. Sadəcə, bəzən onların özlərini ifadə edə biləcəkləri bir mühitə, onlara inanan bir insana və “səni eşidirik” deyən bir səsə ehtiyacları olur.
Hər bir insanın daxilində ifadə olunmaq istəyən bir fikir, bir duyğu və bir yaradıcılıq potensialı var.
“Ocaq” Düşüncə Mərkəzində istəyimiz budur ki, gənclər özlərini sərbəst ifadə edə bilsinlər. Yazdıqları şeirləri, hekayələri, məqalələri, araşdırmaları, çəkdikləri fotoları, hazırladıqları layihələri təqdim etsinlər, fikir mübadiləsi aparsınlar və sağlam tənqid mühitində inkişaf etsinlər.
Mən müəllim kimi hər gün gənclərlə ünsiyyətdəyəm və bilirəm ki, onların ən çox ehtiyac duyduğu şey tərifdən əvvəl etimaddır. Çünki insana verilən ən böyük dəstək onun yerinə danışmaq deyil, öz sözünü deməsinə şərait yaratmaqdır.
Bu gün sosial şəbəkələrdə özünü ifadə etmək çox asan görünür. Amma fikir yazmaqla fikir sahibi olmaq eyni şey deyil. Yazmaq məsuliyyət tələb edir. Sözün də vicdanı olmalıdır.
Biz gəncləri hazır qəliblərə salmaq istəmirik. Əksinə, onların öz üslublarını, öz baxışlarını və özlərini tapmalarına kömək etmək istəyirik.
Bu gün dinlənilən, dəyər verilən bir gənc sabah cəmiyyətə dəyər qatan bir şəxsiyyət olacaq.
-Sonda həm şagirdlərinizə, həm “Ocaq”ın ətrafında birləşən gənclərə, həm də sizi sevən oxucularınıza nə demək istərdiniz?
-Əslində, demək istədiyim yalnız şagirdlərimə, “Ocaq”ın ətrafında birləşən gənclərə və ya oxucularıma aid deyil. Mən bunu bəzən özünü tənha hiss edən, dinlənilmədiyini düşünən, yorulan və yolun ortasında dayanmaq istəyən hər kəsə demək istəyirəm: Siz tək deyilsiniz.
Gənclərə xüsusilə demək istəyirəm: özünüzü başqaları ilə müqayisə etməyin. Hər insanın öz yolu, öz zamanı və öz hekayəsi var. Ən vacibi isə özünüzü itirməyin. Başqasına bənzəməyə çalışdıqca insan bəzən özündən uzaq düşür.










İlk şərhi yaza bilərsiniz