BAYRAQDAR MEDİA – 21 iyul 2026-cı il tarixində Milli Kitabxanada Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının icrasının əlaqələndirilməsi üzrə İşçi qrupun ilk iclası keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “iclasda mədəniyyət naziri Adil Kərimli, Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri Ərəstü Həbibbəyli, Konsepsiyanın Tədbirlər Planı üzrə əsas icraçı qurumların nazir müavinləri və digər səlahiyyətli nümayəndələri, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbər şəxsləri, eləcə də Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər. İclası giriş nitqi ilə açan İşçi qrupunun rəhbəri A.Kərimli Prezidentin müvafiq Sərəncamı ilə təsdiq edilmiş sözügedən Konsepsiyanın milli mədəniyyət siyasətinin uzunmüddətli inkişaf prioritetlərini müəyyənləşdirən mühüm strateji sənəd olduğunu bildirib. Nazir Konsepsiyanın təsdiq edilməsi haqqında Prezidentin 2026-cı il 14 yanvar tarixli 888 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən Tədbirlər Planının həyata keçirilməsinin əlaqələndirilməsi məqsədilə əsas icraçı qurumların rəhbərlərinin müavinlərindən ibarət məsul şəxslərin təmsil olunduğu İşçi qrupun dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsində və nəticəyönümlü fəaliyyətin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb”.
Daha sonra xəbərdə, “ümumi müzakirələr zamanı Konsepsiya çərçivəsində nəzərdə tutulan 6 dövlət proqramının hazırlanması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr nəzərdən keçirilib. Eyni zamanda, Tədbirlər Planının səmərəli icrası, monitorinq və hesabatlılıq mexanizmlərinin təkmilləşdirilməsi, habelə növbəti mərhələ üzrə prioritetlərə dair fikir mübadiləsi aparılıb. İclasın sonunda Tədbirlər Planı üzrə dövlət qurumlarının birgə fəaliyyətini nəzərdə tutan istiqamətlər, eləcə də İşçi qrupunun növbəti mərhələdə görəcəyi işlər müzakirə olunub” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz