Press "Enter" to skip to content

Tibbi Rəqəmsal Əkiz Sistemi genişlənir

Tibbi Rəqəmsal Əkiz Sistemi genişlənir

BAYRAQDAR MEDİA – Bakı Sağlamlıq Mərkəzi (BSM) Səhiyyə Nazirliyinin (SN) yaratdığı Tibbi Rəqəmsal Əkiz Sisteminə (TRƏS) uğurla inteqrasiya olunub. Nəticədə Mərkəzdə son illər ərzində toplanmış 3,5 milyondan artıq tibbi məlumat vahid elektron platformaya köçürülərək vətəndaşların fərdi elektron sağlamlıq tarixçələrinə daxil edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “bu inteqrasiya Azərbaycanda rəqəmsal səhiyyə ekosisteminin formalaşdırılması istiqamətində mühüm mərhələdir. BSM-də formalaşan tibbi məlumatlar vahid TRƏS sistemində toplanacaq. Bu da həkimlər, həm də pasiyentlər üçün tibbi məlumatlara çıxış imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. TRƏS vətəndaşların sağlamlıq məlumatlarının beynəlxalq standartlara uyğun şəkildə toplanması, emalı və idarə olunmasını təmin edən mərkəzləşdirilmiş rəqəmsal platformadır. TRƏS laborator müayinələr və həkimə təkrar müraciətləri azaltmağa imkan verir. Bundan əlavə, sistem dövlət və özəl tibb müəssisələrində formalaşan aktual tibbi məlumatların həkimlər üçün əlçatan olmasını təmin edir, müalicənin təyin olunması zamanı daha dəqiq klinik qərarların qəbulunu dəstəkləyir, tibbi yardımın fasiləsizliyinə töhfə verir və səmərəliliyini artırır”.

Sonra xəbərdə, “BSM-də tibbi xidmətlərin idarə olunması Xəstəxana İnformasiya Sistemi (NTİS) vasitəsilə həyata keçirilir. Bu sistemdəki göstəricilər tibbi məlumat mübadiləsi üzrə beynəlxalq HL7 FHIR standartına uyğunlaşdırılıb. İnteqrasiya nəticəsində mərkəzin arxiv məlumatları vahid sistemə köçürülüb, bundan sonra isə bütün yeni tibbi məlumatlar real vaxt rejimində avtomatik olaraq TRƏS-ə ötürüləcək. BSM-in icraçı direktoru Asiman Həsənov qeyd edib ki, TRƏS platformasına inteqrasiya müəssisənin rəqəmsal transformasiyasında mühüm mərhələdir: “Bu sistem pasiyentlərin tibbi məlumatlarının vahid elektron xəstəlik tarixçəsində saxlanılmasını, eləcə də onların həyatı boyu toplanan tibbi məlumatlara operativ və təhlükəsiz çıxışın təmin edilməsini mümkün edəcək. Nəticədə tibbi xidmətlərin keyfiyyəti və əlçatanlığı əhəmiyyətli dərəcədə artacaq”” deyə qeyd edilir.

Xəbərdə eləcə də deyilir ki, “TRƏS-ə giriş dövlət rəqəmsal identifikasiya platforması olan “myGov ID” vasitəsilə həyata keçirilir. Bu yanaşma istifadəçilərin etibarlı identifikasiyasını və autentifikasiyasını təmin edir, sistemə təhlükəsiz çıxışı və şəxsi tibbi məlumatların yüksək səviyyədə qorunmasını təmin edir. Hazırda SN digər dövlət və özəl tibb müəssisələrinin də TRƏS-ə mərhələli şəkildə qoşulmasını davam etdirir. Bu inteqrasiya Azərbaycanın rəqəmsal səhiyyəsinin inkişafına mühüm töhfə verəcək, həkimlər və vətəndaşlar üçün toplanmış tibbi məlumatlara geniş çıxış imkanları yaradacaq, daha müasir, şəffaf və əlçatan tibbi xidmətlərin göstərilməsinə şərait yaradacaq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.