Əli Orucov: İranın mühafizəkar-şovinist qanadının Azərbaycana qarşı düşmənçilik siyasəti davam edir
BAYRAQDAR MEDİA – “İranın Kəşfiyyat Nazirliyinin Azərbaycan Dövlət Televiziyasını (AzTV) “düşmən” elan etməsi əslində təkcə bir televiziya kanalına deyil, bütövlükdə Azərbaycana illərdir sərgilənən münasibətin açıq nümayişi kimi qiymətləndirilməlidir”.
Bu fikirləri politoloq Əli Orucov BAYRAQDAR MEDİA-ya açıqlamasında deyib.
O bildirib ki, belə bir qərar hər hansı özəl televiziya və ya media qurumu barədə qəbul edilsəydi, buna o qədər də əhəmiyyət verilməzdi.
“Tehran rejiminin mühafizəkar-şovinist qanadı müstəqil Azərbaycanın varlığından daim ciddi narahatlıq keçirib və buna qarşı dözümsüz münasibət sərgiləyib. Onlar hər fürsətdə əsl niyyətlərini özləri ifşa ediblər. Nəzarətlərində olan media qurumları və digər vasitələrdən istifadə edərək Azərbaycana qarşı böhtan və qarayaxma kampaniyaları aparıblar. Ölkəmizi İslam dünyasında nüfuzdan salmaq üçün yalan üzərində qurulmuş təbliğat həyata keçirib, xalqlar arasında nifaq toxumu səpməyə çalışıblar”.
Əli Orucov vurğulayıb ki, İranın Azərbaycana qarşı həyata keçirdiyi çirkin təbliğat və informasiya müharibəsinə AzTV hər zaman tutarlı və qətiyyətli cavab verib: “Görünür, İranın sərt xətt tərəfdarları da məhz buna görə AzTV-yə qarşı xüsusi qəzəb bəsləyirlər. Bu qəzəblərini, daha dəqiq desək, kinlərini AzTV-ni “düşmən” elan etməklə nümayiş etdirirlər. Lakin bilməlidirlər ki, Azərbaycanın da səbrinin bir həddi var.”






İlk şərhi yaza bilərsiniz