BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti 2026-cı ilin yanvar-iyun aylarında ölkənin tarixi-mədəni irsinin qorunması, rəqəmsallaşdırılması və idarə olunması istiqamətində gördüyü işləri əks etdirən “Mədəni irs icmalı” nı hazırlayıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən daxil olub.
Abidələrin mühafizəsi və qediyyatı uğurla heyata keçirilib…
Bildirilib ki, “hazırda Dövlət Xidməti dövlət mühafizəsinə götürülmüş 6 min 114 tarix-mədəniyyət abidəsindən 4 min 377-nə, eləcə də 1 min 400-dən artıq yeni aşkar edilmiş abidə qismində qeydə alınmış tarix və mədəniyyət əhəmiyyətli obyektlərin mühafizəsinə nəzarəti həyata keçirir. Bu sahədə əldə olunan mühüm nəticələrdən biri də Vahid Mədəniyyət Reyestri informasiya sisteminin yaradılmasıdır. Bu sistem vasitəsilə ölkə üzrə 3 min 709 daşınmaz mədəni irs obyekti vahid rəqəmsal platformada toplanaraq coğrafi informasiya sistemi (GIS) texnologiyaları ilə inteqrasiya edilib”.
Hesabatda ölkə üzrə muzeylərin əsas fondlarında qorunan eksponatların sayının 1 milyon 137 min 883-ə çatığı və fondların 3 min 893 yeni eksponatla zənginləşdirildiyi, muzey eksponatlarının sayının isə 29 min 551 ədəd təşkil etdiyi qeyd olunub.
Qanunsuz müdaxilələrin qarşısı alınıb…
Həmçinin qeyd edilir ki, tarix-mədəniyyət abidələrinə qanunsuz müdaxilələrin qarşısının alınması məqsədilə 200 preventiv tədbir görülüb, hüquq-mühafizə orqanlarına 60 müraciət ünvanlanıb, 32 inzibati tənbeh qərarı qəbul edilib və qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1 cinayət işi başlanılıb, abidələrin mülkiyyətçiləri və ya istifadəçiləri olan fiziki və hüquqi şəxslərlə abidələrin qorunması işini tənzimləyən 183 mühafizə müqaviləsi bağlanılıb: “Abidələrin mühafizə zonalarının müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilib. Hesabat dövründə 98 tarix-mədəniyyət abidəsinin mühafizə zonasının layihəsi təsdiq olunub, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələri çərçivəsində mədəni irsin qorunmasının təmin edilməsi məqsədilə 73 rəy verilib. Eyni zamanda, 98 abidə İqtisadiyyat Nazirliyinin Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminə (TEKUİS) daxil edilib” deyə vurğulanıb.
Bərpa, konservasiya və arxeoloji işlər aparılıb…
Daha sonra xəbərdə, “ötən dövrdə 1 tarix-mədəniyyət abidəsində bərpa-konservasiya işləri başa çatdırılıb, həmçinin abidə mülkiyyətçilərinin və ya istifadəçilərinin vəsaiti hesabına hazırlanmış 72 təmir-bərpa layihəsi Dövlət Xidməti tərəfindən təsdiq edilib. Hazırda 3 tarix-mədəniyyət abidəsində bərpa-konservasiya işləri aparılır, daha 3 abidədə isə bərpa-konservasiya işlərinin icrası üçün layihə-smeta sənədlərinin hazırlanması prosesi davam etdirilir. Daşınar mədəni irsin qorunması istiqamətində aparılan fəaliyyət nəticəsində 880 eksponat bərpa-konservasiya edilib, 362 eksponat üzrə isə müvafiq işləri davam etdirilir. Arxeoloji irsin öyrənilməsi məqsədilə 24 arxeoloji ekspedisiyanın aparılmasına icazə verilib, həyata keçirilən arxeoloji qazıntılar nəticəsində isə 636 artefakt aşkar edilərək müvafiq tədbirlər görülüb. Hesabat dövründə 3 min 134 ədəd mədəni sərvətin ixracına dair mühafizə şəhadətnamələri və 122 muzey əşyaları və kolleksiyaların müvəqqəti ölkədən kənara çıxarılmasına icazə verilib. İxracı nəzərdə tutulan 65 mədəni sərvət üzrə isə ekspertizalar təşkil olunub” deyə bildirilir.
Ziyarətçi statistikası açıqlanıb…
Qurumdan verilən məlumata görə, 2026-cı ilin birinci yarısında Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən muzey və qoruqlara ümumilikdə 463 min 965 nəfər ziyarətçi gəlib. Onlardan 342 min 305 nəfəri muzeyləri, 121 min 660 nəfəri isə qoruqları ziyarət edib. Rəqəmsal platformalar vasitəsilə 138 min 718 bilet və ekskursiya xidməti satılıb. Qoruqlar arasında ən çox ziyarət edilən məkan 63 min 906 ziyarətçi ilə Qobustan Milli Tarix-Bədii Qoruğu olub. Onu Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu və Quba şəhərində yerləşən “Soyqırımı Memorial Kompleksi” izləyib.
Qeyd edek ki, Dövlət Xidmətinin həyata keçirdiyi xidmətlər nəticəsində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən beş mükafata layiq görülüb.






İlk şərhi yaza bilərsiniz