Press "Enter" to skip to content

Biz institusional inkişafa böyük təkan vermişik

İbrahim Quliyev

İbrahim Quliyev: Bu gün AQC təkcə daxili bazara deyil, beynəlxalq müstəviyə sözünü deyən, institusional baxımdan tam formalaşmış unikal bir platformadır

BAYRAQDAR MEDİA – “İnkişaf etmiş ölkələrin təcrübəsi aydın göstərir ki, elmi-metodoloji təməli olmayan bir sahənin davamlılığından və nüfuzundan söz açmaq mümkün deyil. AQC olaraq biz sadəcə gündəlik qiymətləndirmə fəaliyyəti ilə kifayətlənmirik, bu sənətin nəzəri və metodoloji sütunlarını inşa edirik”.

Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədr müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent İbrahim Quliyev media-ya müsahibəsində deyib.

AQC-dən verilən məlumata görə, İbrahim Quliyev bildirib ki, Azərbaycanda qiymətləndirmə sahəsinin vahid elmi konsepsiyasını formalaşdıran, beynəlxalq standartları milli qanunvericiliklə inteqrasiya edən və bu yükü illərdir ardıcıl şəkildə çəkən əsas və aparıcı qüvvə məhz AQC-dir: “Bizim üçün elmi-metodoloji fəaliyyət hər hansı bir istiqamət deyil, Cəmiyyətin bütün missiyasının özəyidir”.

“Son illərdə AQC xüsusilə hansı mühüm layihələrlə yaddan qaldı və Cəmiyyətin fəaliyyətində hansı yeniliklər baş verib” suala cavabında sədr müavini deyib ki, son dövrlər AQC üçün keyfiyyətcə yeni bir mərhələdir: “Biz institusional inkişafa böyük təkan vermişik. Təşkilati strukturun təkmilləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, xüsusilə Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurası (CAATS) çərçivəsində regional liderliyimizin möhkəmləndirilməsi istiqamətində tarixi addımlar atmışıq. Eyni zamanda, gənc kadrların sektora gətirilməsi, peşəkar etik kodeksin tətbiqi və qiymətləndirmə fəaliyyətinin rəqəmsallaşdırılması ilə bağlı fundamental işlər görmüşük. Bu gün AQC təkcə daxili bazara deyil, beynəlxalq müstəviyə sözünü deyən, institusional baxımdan tam formalaşmış unikal bir platformadır”.
Müsahibədə bildirilib ki, uzun illər ölkədə qiymətləndirmə üzrə elmi tədqiqatları bir araya gətirən sistemli platforma olmayıb: “AQC bu tarixi boşluğu növbəti dəfə öz üzərinə götürərək “Qiymətləndirmə” jurnalını təsis etdi. Bu jurnal sadəcə bir nəşr deyil; qiymətləndiricilərin, bankirlərin, məhkəmə ekspertlərinin və iqtisadçıların vahid elmi masasıdır. Burada həm milli, həm də xarici mütəxəssislərin araşdırmaları yer alır. AQC bu adımı ilə ölkədə qiymətləndirmə üzrə milli elmi məktəbin əsasını qoymuş oldu”.

Gələcək hədəflərə gəlincə, İ.Quliyev deyib: “Biz strateji olaraq sahənin gələcəyini dizayn edirik. Əsas hədəfimiz rəqəmsal qiymətləndirmə metodologiyalarının, süni intellekt alətlərinin və avtomatlaşdırılmış kütləvi qiymətləndirmə modellərinin sektora inteqrasiyasıdır. Müasir qiymətləndirici yalnız hesabat yazan deyil, böyük verilənləri (Big Data) təhlil edən risk analitiki olmalıdır. Bu dönüşümü ölkədə həyata keçirə biləcək elmi və potensiala malik yeganə mərkəz AQC-dir və biz bu missiyanı qətiyyətlə davam etdirəcəyik”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.