Press "Enter" to skip to content

Tanınmış alimin biblioqrafik göstəricisi nəşr edilib

Tanınmış alimin biblioqrafik göstəricisi nəşr edilib

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında aqrar elmlər sahəsində tanınmış alim, AR ETN “Coğrafiya İnstitutu” PHŞ-nin Geoməkan analitikası və kartoqrafiya laboratoriyasının baş elmi işçisi, aqrar elmlər doktoru, AMEA-nın müxbir üzvü, Prof. Amin İsmayılovun həyat və fəaliyyətini əhatə edən biblioqrafik göstərici nəşr olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “alimin 75 illik yubileyinə həsr edilən nəşr AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən “Elm” nəşriyyatında çap edilib. Nəşrdə respublikada rəqəmsal torpaq xəritəçiliyinin elmi əsaslarının yaradılması, aerokosmik çəkiliş materiallarından istifadə etməklə Coğrafi İnformasiya Sistemləri mühitində torpaq örtüyünün geoməkan təhlili, torpaqların konseptual diaqnostik modellərinin hazırlanması, torpaq-ekoloji mühitin geoinformasiya sistemləri əsasında verilənlər bazasının yaradılması, beynəlxalq torpaq-coğrafi məkana inteqrasiya problemləri üzrə məsələlərin inkişafında xüsusi xidmətləri olan alimin həyatının əsas tarixləri, elmi-pedaqoji və ictimai fəaliyyəti əksini tapıb”.

Ardınca xəbərdə, “biblioqrafik göstəricidə AMEA Rəyasət Heyətinin qərarı, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Həyatı, elmi-təşkilati və pedaqoji fəaliyyəti haqqında qısa oçerk”, “Görkəmli elm xadimləri Amin İsmayılov haqqında”, “Əsərlərinin biblioqrafiyası”, “Redaktə etdiyi və rəy verdiyi kitablar”, “Elmi rəhbərliyi ilə müdafiə edən fəlsəfə doktorları”, “Həyat və fəaliyyəti haqqında ədəbiyyat”, “Soraq axtarış aparatı. Əsərlərinin əlifba göstəricisi”, “Patent və müəlliflik şəhadətnamələrinin əlifba göstəricisi”, “Müştərək müəlliflərin əlifba göstəricisi” kimi bölmələr sistemli şəkildə təqdim olunub. Nəşrin elmi redaktoru MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Redaktorlar Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi isə həmin şöbənin baş biblioqrafı Rəna Cavadovadır. Biblioqrafik göstərici aqrar elmlər sahəsində elmi-tədqiqat aparan alim və mütəxəssislər, ali təhsil müəssisələrinin müəllim və tələbələri, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub” deyə bildirilir.

Qeyd edək ki, nəşrlə MEK-in saytının “Elektron kitablar” bölməsində onlayn tanış olmaq mümkündür.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.