Press "Enter" to skip to content

“Cabir Novruz poeziyasında milli yaddaş və mənəvi dəyərlər” işıq üzü görüb

“Cabir Novruz poeziyasında milli yaddaş və mənəvi dəyərlər” işıq üzü görüb

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasını (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyevanın “Cabir Novruz poeziyasında milli yaddaş və mənəvi dəyərlər” adlı monoqrafiyası işıq üzü görüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “oxuculara təqdim olunan nəşrdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Cabir Novruzun poeziyası milli yaddaş və mənəvi dəyərlər prizmasından araşdırılır. Şairin lirikasında vətənpərvərlik, insan və təbiət sevgisi, fəlsəfi düşüncə, ana obrazının müqəddəsliyi kimi əsas motivlər sistemli şəkildə təhlil edilir. Müəllif tədqiqatında C.Novruzun vətəndaş mövqeyi ilə yanaşı, tarixi yaddaşın bədii təcəssümünü, Cənub mövzusunu, deportasiya ağrıları və milli bütövlük ideyalarını epik yaradıcılıq müstəvisində geniş şəkildə təqdim edir. Kitab “Giriş”, “Poeziyada vətəndaşlıq və azərbaycançılıq məfkurəsi”, “Mənəvi-fəlsəfi dünya”, “Epik yaradıcılıq və milli bütövlük” adlı fəsillərdən və “Nəticə” hissəsindən ibarətdir”.

Sonra xəbərdə, “monoqrafiyada C.Novruz poeziyasında azərbaycançılıq ideyaları, şair-vətəndaş mövqeyinin bədii təzahürü, şeirlərində fəlsəfi motivlər, məhəbbət lirikasının bədii-fəlsəfi mahiyyəti, təbiət amili, milli yaddaş və mənəvi dəyərlərin poetik ifadəsi ətraflı şəkildə araşdırılır. Nəşrin elmi redaktoru akademik Teymur Kərimli, redaktoru Prof. Mahirə Hüseynova, rəyçisi isə filologiya elmləri doktoru Elnarə Akimovadır. Monoqrafiya C.Novruz yaradıcılığının müxtəlif aspektlərinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət daşıyır. Nəşr müasir ədəbiyyatşünaslar, tədqiqatçılar, ali məktəb tələbələri, eləcə də Azərbaycan poeziyasına maraq göstərən geniş oxucu auditoriyası üçün dəyərli mənbədir” deyə diqqətə çatdırılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.