Son yeniləmə: 14 Noyabr 2026
Yaxud, Kıbrıs türklərinin azadlıq və dövlətçilik mübarizəsi artıq yalnız bir xalqın deyil, bütövlükdə türk dünyasının məsələsidir
BAYRAQDAR MEDİA – Tarixdən bəllidir ki, insan oğlu yarandığı ilk dövrlərdən etibarən yaşamaq uğrunda mübarizə aparıb. Əvvəlcə bu mübarizə qida və sığınacaq əldə etmək, öz varlığını qorumaq məqsədi daşıyırdı. Zaman keçdikcə isə onun mahiyyəti dəyişərək daha böyük hədəfləri əhatə etməyə başladı. Xalqlar dövlətlər yaratdılar, daha sonra həmin dövlətlərin müstəqilliyini, suverenliyini və sərhədlərinin toxunulmazlığını qorumaq uğrunda mübarizəyə başladılar. Bu mübarizədə bəzi xalqlar öz məqsədlərinə nail olsalar da, digərləri hələ də dövlətçilik hüquqlarının beynəlxalq səviyyədə tanınması üçün mübarizə aparırlar. Belə xalqlardan biri də Kıbrıs türk xalqıdır. Onun yaratdığı Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) beynəlxalq birliyin ədalətsiz münasibəti və ikili standartları səbəbindən bu günədək dünya dövlətlərinin böyük əksəriyyəti tərəfindən tanınmayıb. Bununla belə, Kıbrıs türkləri öz dövlətlərinin varlığını qorumaq, yaşatmaq və dövlətçilik hüquqlarının tanınmasına nail olmaq əzmini itirməyiblər.

Bu gün, noyabrın 15-də türk dünyasının ayrılmaz parçası olan KKTC-nin yaranmasının 43-cü ildönümü tamam olur. Başqa sözlə, 15 noyabr türk dünyasının daha bir dövlətinin – KKTC-nin elan edildiyi tarixdir.
Düz 43 il əvvəl, Qurucu Cümhurbaşqanı Rauf Raif Denktaşın rəhbərliyi ilə Kıbrıs Türk Federal Dövləti Məclisi KKTC-nin yaradıldığını bəyan etdi. Həmin gündən etibarən Kıbrıs türkləri dövlətçilik yolunda yeni mərhələyə qədəm qoydular. Lakin bu tarixi qərardan ötən onilliklər ərzində Batı dünyasının Kıbrıs türklərinə münasibətində ədalətsizlik aradan qalxmadı. Türk və İslam dünyasına münasibətdə nümayiş etdirilən ikili standartların daha bir nümunəsi kimi KKTC beynəlxalq səviyyədə layiq olduğu tanınmanı hələ də əldə edə bilməyib.
Kıbrıs türklərinin dövlətçilik mübarizəsi tarixi zərurətdən doğub
Kıbrıs türk qardaşlarımız bu günə asanlıqla gəlib çatmayıblar. Onlar öz varlıqlarını qorumaq, doğma torpaqlarında təhlükəsiz yaşamaq və milli kimliklərini yaşatmaq uğrunda ağır mübarizədən keçib, çoxsaylı şəhidlər veriblər.
Təəssüf ki, ötən əsrin 40-cı illərindən etibarən Yunanıstanda və adadakı yunan-rum dairələrində güclənən, Kıbrısın Yunanıstana birləşdirilməsini hədəfləyən “Enosis” siyasəti beynəlxalq dairələr tərəfindən lazımi səviyyədə pislənilmədi. Əksinə, bu siyasətin nəticəsi olaraq adada Kıbrıs türklərinə qarşı təzyiqlər və zorakılıqlar getdikcə genişləndi. 1955-ci ildə yaradılan EOKA terror təşkilatının törətdiyi qanlı cinayətlər də Kıbrıs türklərinin üzləşdiyi təhlükənin miqyasını aydın göstərirdi.
1960-1970-ci illərdə adada baş verən hadisələr, Kıbrıs türklərinə qarşı həyata keçirilən zorakılıq və təzyiqlər onların təhlükəsizliyini ciddi şəkildə təhdid edirdi. Belə bir şəraitdə Türkiyənin 1974-cü ildə həyata keçirdiyi Kıbrıs Barış Hərəkatından sonra adada yeni siyasi reallıq yarandı. 13 fevral 1975-ci ildə Kıbrıs Türk Federal Dövlətinin yaradılması elan edildi.
Lakin adadakı yunan-rum rəhbərliyinin Kıbrısda hakimiyyətin yalnız öz əlində cəmləşdirilməsi iddiasından əl çəkməməsi, eləcə də Batının bu mövqeyə münasibətdə nümayiş etdirdiyi yanaşma Kıbrıs türklərini daha qəti addım atmağa sövq etdi. Onlar öz təhlükəsizliklərini, milli kimliklərini və gələcəklərini təmin etmək üçün müstəqil dövlət qurmağın tarixi zərurət olduğunu dərk etdilər.
Beləliklə, 1983-cü il noyabrın 15-də KKTC rəsmən elan edildi. Bu qərar sadəcə yeni bir dövlətin yaradılması deyildi. O, Kıbrıs türk xalqının uzun illər davam edən var olmaq, azad yaşamaq və öz müqəddəratını müəyyənləşdirmək mübarizəsinin məntiqi nəticəsi idi.
Türk dünyasının dəstəyi sözdə deyil, əməldə də özünü göstərir
Bu gün Doğu Akdenizdə türk dünyasının mühüm təmsilçilərindən biri olan KKTC hələ də beynəlxalq birlikdən haqq etdiyi dəstəyi ala bilməyib. Bununla belə, qocaman türk dünyası Kıbrıs türklərini tək qoymur. Bu dəstək yalnız bəyanatlarda deyil, müxtəlif tədbirlərdə, layihələrdə, konfranslarda və beynəlxalq platformalarda da özünü göstərir. Bu məsələdə Azərbaycanın yanaşması isə xüsusilə önəm kəsb edir və təqdir edilir.

KKTC-nin Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv statusuna malik olması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu status KKTC-nin türk dünyası ilə əlaqələrinin genişlənməsinə, ortaq məsələlərin müzakirəsində iştirakına və beynəlxalq platformalarda öz mövqeyini ifadə etməsinə imkan yaradır.
İnanırıq ki, bu proses daha da inkişaf edəcək və KKTC-nin TDT-də tamhüquqlu üzvlüyü istiqamətində mühüm addımlar atılacaq. Çünki Kıbrıs türk xalqı öz mübarizəsi ilə buna haqq qazanıb. Çünki Türk Dövlətləri Təşkilatı yalnız iqtisadi, siyasi və mədəni əməkdaşlıq platforması deyil, həm də üzv və qardaş xalqların haqlı mövqelərinə dəstək nümayiş etdirməli olan bir qurumdur. Nəhayət, müasir dövrün geosiyasi və geostrateji reallıqları da KKTC-nin türk dünyasındakı mövqeyinin möhkəmləndirilməsini zəruri edir.
Dövlətçilik mübarizəsinin yeni mərhələsi
43 il əvvəl dövlət müstəqilliyini elan edən Kıbrıs türk xalqının var olmaq mübarizəsi əslində daha uzun tarixə malikdir. Bu gün həmin mübarizə yeni mərhələyə qədəm qoyur. KKTC-nin mövcudluğu və türk dünyasında getdikcə artan nüfuzu gələcəkdə Kıbrıs Türk Dövlətinin beynəlxalq səviyyədə tanınması istiqamətində ümidləri gücləndirir.
İnanırıq ki, Kıbrıs türk xalqının iradəsi və türk dünyasının dəstəyi nəticəsində adada iki tərəfin bərabərhüquqlu mövqeyinin beynəlxalq səviyyədə qəbul edilməsi istiqamətində irəliləyiş əldə olunacaq. Əminik ki, gec-tez beynəlxalq ictimaiyyət Kıbrıs türklərinin dövlətçilik hüququnu tanımalı olacaq və KKTC-nin bayrağı beynəlxalq platformalarda layiqli yerini tutacaq.
Bununla yanaşı, Kıbrıs türk xalqı dekabr ayında daxildə də mühüm siyasi sınaq qarşısında olacaq. Qarşıdakı seçkilər ölkənin gələcək siyasi kursunun müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Müxtəlif siyasi qüvvələr həm bələdiyyələrdə, həm də parlamentdə çoxluğu əldə etmək, o cümlədən yeni hökuməti formalaşdırmaq uğrunda mübarizə aparacaqlar. Bu, təbii olaraq, ölkənin daxili siyasi həyatının bir hissəsidir. Lakin təəssüfləndirici məqam ondan ibarətdir ki, seçkiqabağı prosesdə milli qüvvələrin vahid mövqedən çıxış etməməsi və parçalanmış görüntü yaratması Kıbrıs türklərinin gələcək taleyi baxımından müəyyən narahatlıq doğurur.

Əlbəttə, bu fikirləri Kıbrısın daxili işlərinə qarışmaq niyyəti ilə deyil, qardaş xalqın gələcəyinə olan səmimi maraq və dost münasibətindən irəli gələrək ifadə edirik. Çünki Kıbrıs türk xalqı tarix boyu xarici təzyiqlər və təhlükələr qarşısında dəfələrlə birlik, iradə və mətinlik nümayiş etdirib. Əminik ki, qarşıdakı seçkilərdə də xalq öz gələcəyi üçün doğru qərar verəcək, seçkilərdən sonra formalaşacaq hökumət isə KKTC-nin dövlətçilik hüququnun tanınması və azadlıq mübarizəsinin davam etdirilməsi istiqamətində səylərini əsirgəməyəcək.
Bu gün 43 yaşını qeyd edən KKTC yalnız Kıbrıs türklərinin deyil, bütövlükdə türk dünyasının ortaq dəyəri və qürur mənbəyidir. Onun beynəlxalq səviyyədə tanınması uğrunda mübarizə də türk dünyasının həmrəyliyinin, birliyinin və ortaq iradəsinin sınaqlarından biridir.
Bayramınız, bayramımız kutlu olsun!






İlk şərhi yaza bilərsiniz