Press "Enter" to skip to content

Çirkli əllər xəstəliyi – Şigelloz və ondan qorunma

Son yeniləmə: 4 Sentyabr 2021 20:53

Elza Qüdrət qızı Orucova – Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru, yoluxucu xəstəlikər mütəxəssisi. Özəl olaraq bayraqdar.info üçün

Müasir zamanda törədicinin adına görə adlanan şigelloz dahi Hippokratın dövründən yaxınlara kimi dizenteriya (bağırsaq pozğunluğu) adı ilə məşhur olmuşdur. Bu xəstəlik xalq arasında “qanlı ishal” və ya “qırmızı ishal”, ya da “qanlı-irinli ishal”, həmçinin “çirkli əllər” və ya “yuyulmamış əllər xəstəliyi” adı ilə də tanınır.

Hər zamanın öz sevimli – bədii obrazla ifadə etsək “məcnunu olduğu” xəstəliyi var. Şigelloz yüksək xəstələnmə səviyyəsi yayın sonu – payızın əvvəlinə düşən, diareya xəstəliklərinin ən geniş yayılmış və ağır formalarına aid olan tibbi-sosial əhəmiyyətli infeksiyadır. İnfeksiyadan qorunmaq qaydalarına görə şigelloz “xəbərdarlığın aid edildiyi” xəstəlik sayılır.

Şigelloz olduqca yoluxucudur, digərləri ilə müqayisədə infeksiyanın baş verməsi üçün törədicinin hətta cüzi miqdarı kifayətdir, uzağa gedən epidemiya inkişaf edə bilər, ona görə də ciddi nəzarət tədbirləri görülməlidir. Şigelloz səyyah diareyalarına səbəb olur, ən çox inkişaf etməkdə olan ölkələrə səyahət edənlərdə rast gəlir.

Səhvlərdən çəkinmək üçün bu bəndi yazıram. Səyahətləri sevirsinizmi? Bəzən sizin həyatınızda hər şey rəvan gedir, xoşagəlməz şeylər kənara çəkilir, səyahətlər isə qayğısızdır, ən ümdəsi isə təhlükə hissini itirirsən. Bu zaman parlaq təəssüratların və emosiyaların “narkomanı”-həvəskarı olursan: yeni ölkə, yeni qida, ətrafında yeni insanlar. Yaddan çıxarırsan ki, bütün yeniliklərə ehtiyatla yanaşmaq vacibdir, asta-asta sınanılmalıdır, əks halda “başınla girdaba atılarsan”. Çünki ehtiyatlı olun – şigelloz!

Şigelloz ağır formalarda bütün xəstələnənlərin 70 faizini təşkil edən uşaqlar üçün onları ölümə qədər aparacaq qədər təhlükəlidir. Məhz 1-7 yaşlar ətraf dünyanın aktiv öyrənilməsi dövrüdür, o cümlədən dadın-tamın da. Belə ki, uşaq nə gəldi ağzına qoyur, necə deyərlər, “uşaqlar balacalıqdan dünyanı ağızları ilə kəşf edirlər”. Mövzuya dair lətifə də var: “Qızcığaz, sən nə yeyirsən? – Bilmirəm, onun özü sürünə-sürünə gəldi”.

Şigellaların yayılmasında müəyyən rolu olan milçəyin bədənində 10 mln mikrob yerləşir. Yeməyə qonan milçək “bir oturuma” 30 min dizenteriya bakteriyasını ifraz edə bilər! “Milçək mürəbbəyə qondusa, bax, bu artıq şigellozdur!”

ÜST-ün məlumatına görə şigellozun qlobal ağırlığı ildə 165 mln xəstələnmə hadisəsi ilə qiymətləndirilir. İnkişaf etməkdə olan ölkələrin payına xəstələnmənin əksər hissəsi düşür. Hər il bu ölkələrdə 1 mln-dan artıq insan bu infeksiyadan ölümə qucaq açır. Bununla belə, “aysberq” fenomeni şigellozda daha da ifadəlidir.

Şigelloz hələ də inkişaf etməkdədir və böhranın olduğu ölkələrdə aşağı gigiyenik səviyyə səbəbindən tügyan edir və siz onun ciddi xəstəlik oldugunu və “səyyah diareyasını” törədə bilməsini inkişaf etməkdə olan ölkələrə səyahət edəndə başa düşəcəksiniz. Buna görə də saglam beynəlxalq səyahətlər haqqında daha çox bilgi alın!

İnkişaf etməkdə olan ölkələrdə şigelloz o qədər geniş vüsət alıb ki, alman mənbələri qeyd edir: “Almaniyada şigelloz çox azdır, olsa belə, bu o deməkdir ki, olanlar inkişaf etməkdə olan ölkələrdə olublar”.

Üstəlik, təhrif edilmış seksual kontaktlar, xüsusən kişi homoseksualistlər arasında, məhz daha çox inkişaf etməkdə olan ölkələrdə, xüsusən ABŞ-da baş verir (sonuncunu yazmaq mənə çox ağır oldu, çünki “utancverici” ötürülmə yolundan söhbət gedir).

Hazıra kimi şigelloza dair peyvənd mövcud deyil və insanların heç bir qrupu şigelloza qarşı immunitetə malik deyil. “Welcome Trust Sanger” İnstitutundan Dr. Keti Beyker peyvənd əldə edilməməsinin səbəbini açıqlayır: “Hələ də şigelloza qarşı lisenziyalı peyvənd yoxdur və bunun üçün səylər davam edir. Əvvəla, şigella üçün uyğun heyvan tapılmır. Biz bu xəstəliyi istənilən heyvanda yarada bilmirik və bu peyvəndi yoxlamaq üçün isə bizə könüllü insan lazımdır, bu da çox qəliz məsələdir”.

Ola bilsin ki, yoluxmuş nəsə içmisiniz və ya yemisiniz. Xəstələnmək üçün yetər ki, bir zərrə bu bakteriyaları udasan. Bir neçə gün sonra qəflətən qarının aşağı hissəsində güclü qıcolma ağrıları hiss edəcəksiniz. Bu zaman sizdə gündə 10-30 dəfəyədək və ola bilsin daha çox, saysız-hesabsız hamam otağına getmək istəyi baş qaldırsın və bu, əsla sizə yüngüllük gətirməyəcək. Çünki bu şigellozdur!

Bu infeksiyanı klinik olaraq necə xarakterizə etmək olar? Şigelloz – şigellalar tərəfindan törədilən, yoğun bağırsağın, əsasən onun distal hissəsinin zədələnmə üstünlüyü ilə keçən, intoksikasiya və kolitik sindromla səciyyələnən, antroponoz mənşəli kəskin bağırsaq infeksiyasıdır.

Şigellaların 4 növü var: 1) Sh. dyzenteriya I (Qriqorev-Şiqa və s.), 2) Sh. fleksneri, 3) Sh. boydi, 4) Sh. sonnei. Qriqorev-Şiqa növü güclü neyrotoksin hasil etməklə yüksək letallığı ilə xəstəliyin ən agır formalarını, Sh. Sonne isə “yay diareyasını” törədir. Şigellalar minimal dozada (10-200 mikrob) daxilə qəbul edildikdə belə sonradan klinik əlamətlər biruzə verir. Xarici mühitdə yüksək dərəcədə yaşamaları ilə fərqlənir.

Xəstə insan yeganə infeksiya mənbəyidir.

Yoluxma yolları: alimentar, su, məişət-təmas və seksual kontakt. Xəstəlik insandan insana adətən bilavasitə kontakt yolu ilə (əlləri sıxanda) ötürülür.

Yoluxma faktorları: əsasən ərzaq məhsulları, su, əllər, məişət əşyaları və torpaqdır. Belə ki, yoluxmuş suyu və onunla yuyulmuş meyvə-tərəvəzləri, həmçinin kifayət qədər termiki emaldan keçməmiş məhsulları istifadə etməklə xəstələnmək olar. Ən təhlükəli məhsullar balıq, ət və ya süd məhsulları sayılır. Qarpız mövsümü hər il xəstələnmənin yüksəlişi ilə fərqlənir.

Şigelloz ən çox sanitar-gigiyenik həyat şəraiti qeyri-qənaətbaxş inkişaf etməkdə olan, isti iqlimli ölkələrdə qeydə alınır və daha çox ölümcüldür ki, bu da xəstəliyin yayılma səbəbləridir. Kiçik uşaqlar və yaşlı şəxslər (ən çox ölüm riskinə məruz qalanlar), kişi homoseksualistlər və İİV-li xəstələr yüksək risk qrupudur. Əksər hallarda 7 yaşa qədər uşaqlar xəstələnir.Yeni dogulmuşlar şigellozla xəstələnmirlər. Bu, südlə əmizdirmənin qoruyucu təsiri ilə izah olunur.

İnfeksiyanın giriş qapısı həzm traktıdır. Şigellalar əsasən yoğun bağırsagı zədələyərək şigelloz üçün tipik olan kolit sindromunun inkişafına səbəb olur. Bu da klinik olaraq özünü qarında spastik agrılarla göstərir. Spazm nəticəsində az miqdarda, iltihabi eksudatdan ibarət nəcis xaric olur. Çənbər bagırsaq əzələlərinin spastik qıcolması qarında sancışəkilli ağrı, “S-ə bənzər” və düz bağırsaq əzələlərinin qıcolma yıgılmaları isə uyğun olaraq yalançı defekasiya və tenezm əmələ gətirir.

Gizli dövr orta hesabla 2-3 gündür. Xəstəliyin 3 klinik forması mövcuddur: 1) kəskin şigelloz: kolit, qastroenterokolit, qastroenterit; 2) xroniki şigelloz: residivlərlə gedən, fasiləsiz gediş; 3) bakteriyaifrazetmə. Gedişinin ağırlığına görə: yüngül, orta ağır, ağır.

Şigellozun tipik forması kolitik variant sayılır. Xəstəlik intoksikasiya əlamətləri ilə kəskin başlayır: üşütmə, t-un yüksəlməsi, ümumi əzginlik, baş ağrısı, baş gicəllənməsi və iştahanın azalması. 2-3 saat sonra kolit sindromu başlayır: sol qalça çuxurunda sancışəkilli ağrı, defekasiyaya yalançı çağırış və onun sona yetməməsi hissiyyatı, düz bağırsaq nahiyəsində əzabverici ağrı – “tenezm”, nəcis ifrazının az miqdarlı, tez-tez – “saysız-hesabsız defekasiya”, əvvəlcə bolluca, duru, qanlı-selikli nəcis xarakterli olması və sonra isə onun sayı çoxaldıqca nəcisin öz xarakterini itirməsi, onun yalnız selik, qan və irindən ibarət olması – “rektal tüpürcək”, bəzən ət suyunu xatırlatması, xəstəyə yüngüllük gətirməməsi, palpasiyada yoğun bağırsaq boyunca spazm və kəskin ağrı. Xəstəlik 3 aydan artıq davam edərsə, xroniki şigelloz kimi qiymətləndirilir.

Ağırlaşmalara aiddir: infeksion-toksiki şok, dehidratasiya şoku, hemolitik-uremik sindrom, böyrək çatışmazlıgı, düz bağırsağın düşməsi, reaktiv artrit (“at sindromu”), Röyter sindomu və s.

Şigellozu necə müəyyən etmək olar? Diaqnoz xəstəliyin xarakter klnik mənzərə, epidemioloji anamnez və laborator-instrumental müayinələr əsasında qoyulur: bakterioloji, seroloji rektoromanoskopiya, koprositoqramma.

Şigellozun müalicə prinsipi onun kompleksliyidir: müalicə-qoruyucu rejim, pəhriz, etiotrop və patogenetik terapiya, vitamin kompleksi, dəstəkləyici, immuntənzimləyici. Yüngül formalı xəstələrə antibiotiklərin təyini vacib deyil, əsasən dəstəkləyici müalicə kifayət edir. Antibiotiklər, xüsusən ağır və yüksək risk qruplu xəstələrə göstərişdir. Antidiareya vasitələrindən uzaq olmaq vacibdir, çünki onlar orqanizmdən bakteriyaların sekresiyasını ləngitməklə xəstənin vəziyyətini agırlaşdırırlar. Spazmolitiklər, yerli müalicə, poliferment vasitələr, büzüşdürücü, bürüyücü, antiseptik vasitələr təyin edilir.

Şigellozun profilaktik tədbirlərinə aiddir: müalicə-profilaktik, sanitar-gigiyenik və epidemiya əleyhinə. Bu barədə USM xatırladır: 1) infeksiyanın etibarlı və təhlükəsiz olaraq qabağını daha asan almaq olar, nəinki onunla qızğın vaxtda və acı nəticələri ilə mübarizə aparmaq; 2) sanitar-gigiyenik vərdişlərə riayət etməklə şigellozla yoluxma riskini azaltmaq olar; 3) “sağlam qida xəstəliklərin yaxşı pofilaktikasıdır”, meyvə və tərəvəzi diqqətlə yuyun; 4) hər zaman, xüsusən səyahət zamanı yalnız keyfiyyətli su için; 5) şigellozlu körpələrə, uşaqlara və böyüklərə 24 saat müddətində diareya kəsilməyincə çimmək qadağandır!

Mission News Theme by Compete Themes.