Press "Enter" to skip to content

COVID-19-un başımızda çatlayan çanağı və ya çökmüş səhiyyə sistemimiz – 2

Sevda ƏSKƏR

Son yeniləmə: 5 Sentyabr 2021 16:44

Bayraqdar.info – …Yenə səhiyyə sistemindən yazmaq qərarına gəldim. Səbəb sentyabrın 4-də Yasamal rayonundakı 3 saylı Poliklinikada şahidi olduqlarımdır. Vallah, billah, səhiyyə sistemimizdə elə gözəl həkimlər, elə gözəl insanlar və tibb bacıları işləyir ki… Bu yazılarımla qətiyyən onların işinə kölgə salmaq fikrim yoxdur. Sadəcə, səhiyyə sistemindəki çöküşləri, çatışmazlıqları yazmalıyıq ki, düzəlsin. Ya düzəlməldir, ya da mütləq düzəlməlidir, başqa yolu yoxdur.

…Deməli, COVID-19 əleyhinə vaksinin 1-ci dozunu almaq üçün “randevu” götürüb getdim 3 saylı Poliklinikaya. Əvvəldən də bir neçə nəfərdən məlumat almışdım ki, peyvənddən əvvəl qan təzyiqini ölçürlər. Amma belə başa düşdüm ki, bu təzyiq ölçmək göstəri üçün imiş. Təzyiqi yüksək olan vətəndaşlara deyirlər ki, keçin, oturun o tərəfdə, bir az gözləyin, təzyiqiniz düşsün. Ay balam, əgər bir insan təzyiq salan dərman qəbul etməyibsə, təzyiq öz-özünə necə düşəcək?

Qonşumuz, yəhudi millətindən olan 65+ qadın gedib, təzyiqini ölçüblər və 180 dərəcədə təzyiqi olan qadına deyiblər ki, get, bir az o tərəfdə otur, təzyiqin düşsün. Yaxın qohumumda da 160 dərəcə təzyiqə belə deyiblər. Vaksin vurulandan sonra təzyiqin qalxması sirr deyil. Mən bunu özüm də daxil olmaqla, yaxın qohum və qonşudan artıq bilirəm. Yeri gəlmişkən, vaksindən sonra evə gələn kimi dərhal təzyiq salan dərman içdim, çünki qalxmışdı. Yaxın qohumum 160 təzyiqi olan şəxsin təzyiqini vaksindən sonra ölçdürmüşəm, 180 olub. Tez təzyiq salan dərman vermişəm. Bunu mən bilməyə bilərəm, çünki həkim deyiləm. Amma bilirəm. Poliklinika işçiləri bilmirlərmi ki, təzyiq öz-özünə düşəsi deyil? Necə yəni, get otur o tərəfdə, bir az gözlə, təzyiqin düşəcək? Bu, təzə çıxıb?

Növbə mənə çatıb, tibb personalından olan xanım üzümə baxıb “cavan qızsız, təzyiqiniz niyə olsun ki?” deyir. Bilmirəm gülüm, ya ağlayım. Yaşımı xanıma xatırladıram, əlində tutduğu şəxsiyyət vəsiqəmə çaşqınlıqla baxır və gözünü döyür. Mən gənc görünürəmsə, o demək deyil ki, yaşım azdır. Yaşımı xanıma xatırladıram və bildirirəm ki, bəzən təzyiqim 160-a qalxır. Ölçür, mən artıq yuxarısının 130 olduğunu bilirəm. Rəqəmi deyirəm, xanım deyir, dayanın, aparat hələ rəqəm göstərməyib, siz 130-u necə bildiz? Yenə bilmirəm gülüm, ya ağlayım. Nəhayət bir neçə dəqiqədən sonra aparatda rəqəm görünür – 130-70. Saturasiyam da 98 imiş.

Bu zaman aramızda yaranan qısa dialoq:

-Yüksək təzyiqi olanlara nə üçün təzyiq salan həb vermədən vaksinə yönləndirirsiniz?
-Hərə öz dərmanı ilə gəlir. Biz burada heç kimə dərman vermirik.
-Bəs əgər vətəndaşın təzyiq salan dərmanı yoxdursa, onda nə edirisniz?

Mat-mat üzümə baxır.

-TƏBİB-ə, ya Səhiyyə Nazirliyinə müraciət edin, sizi dərmanla təmin etsinlər. Deyin, vaksin vurdurmağa gələn vətəndaşlarda bəzən yüksək təzyiq olur.

Yenə çaşqınlıqla üzümə baxır:

-TƏBİB-in nə işinə qalıb ki, poliklinikalara təzyiq salan dərman versin.

-Bəs kimin işinə qalıb? Ya TƏBİB, ya da Səhiyyə Nazirliyi bu dərmanları verməlidir axı… Yaxın qohumuma vaksin vurandan sonra təzyiqi 180-ə qalxmışdı, evdə dərmanla saldım…

Nə isə, vaksin olunma otağına gedirəm. Poliklinikada 1 stəkan su içmək üçün bayaqdan su aparatı axtarıram, tapmıram. Tibb bacısından su istəyirəm, sağ olsun, krant suyu verir.

…Bütün bunları yazmaqda məqsədim odur ki, səhiyyə sistemimizdə insanlara insan kimi yanaşılsın. Poliklinika həkimi deməli deyil ki, təzyiq salan dərmanı biz verməli deyilik. Bəs kim verməlidir? Yalnız təzyiq salan dərman içən adama demək olar ki, 10 dəqiqə gözləyin, təzyiq düşsün, sonra vaksin vurdurun. Vallah, billah, tallah, mən səhiyyə sistemimizin işinə qətiyyən kölgə salmaq istəmirəm.

Cənab səhiyyə sisteminin rəhbərliyində əyləşənlər, necə düşünürsünüz, son model avadanlıqlarla təchiz olunmuş, müasir dizaynlı binalarda savadlı, insanlara can yandıran tibb personalının çalışmasıının zamanı deyilmi? Bu, bilirsiz nəyə bənzəyir? Sanki Afrika meşələrində yaşayan qəbilə adamına “Lamborghini” bağışlamısan, o isə avtomobildən necə istifadə edəcəyini bilmir. Çünki sürücülükdən anlayışı yoxdur. O, heç bilmir ki, bu avtomobilin dəyəri nə qədərdir, başqalarından nə ilə fərqlənir.

Milyonlarla dəyəri olan tibbi avadanlıqların ölkəmizə gətirilməsi çox gözəldir. Amma o avadanlıqları işlətmək üçün mütəxxəssislər də yetişdirilməlidir axı… Ya kurslar açıb burada öyrədin, ya da xarici kurslara göndərin ki, avadanlıqlarla və insanlarla işləməyi öyrənsinlər. Belə davam edə bilməz axı…

Bunu niyə deyirəm? Bir neçə il əvvəl yaxın qohumumun rentgen cavabından şübhəli qalan həkim bizi N.Tusi adına Klinikaya tomoqrafiyadan keçməyə göndərmişdi. Deməli, tomoqrafiya aparatından anlayışı olmayan bir tibb personalı aparatda oturub, hamıya ucdantutma eyni cavabı yazıb verir. Cavabda göstərilirdi ki, tomoqrafiya aparatı xəstəliyi müəyyən edə bilmədi. Təkrar tomoqrafiyaya ehtiyac var. Gözləmə zalında tomoqrafın cavabını gözləyərkən elə-belə yanımızda əyləşən xəstələrdən soruşanda əllərindəki kağızda eyni cavabı gördüm.

Mən rentgenin cavabından vəziyyəti bildiyim üçün tomoqrafiyaya heç ehtiyacın olmadığını əvvəldən bilirdim. Amma şübhənin aradan qalxmasına, əminliyə ehtiyac var idi. Və bu da tomoqrafın bizə heç bir söz deyə bilməyən naməlum cavabı…

Məcbur qalıb başqa özəl klinikada həkimlərin konsiliumunu təşkil edərək xəstəni ikinci dəfə tomoqraf etirdim, rentgenin, 1-ci tomoqrafın cavablarını tutuşdurub mənə konkret cavab verilməsini istədim. Sağ olsun, həmin klinikanın Türkiyədə təhsil almış tibb personalı, var olsunlar, gözəl bir konsilium keçirərək izahat verdilər. Mən rahatlaşdım. Amma tomoqrafiyadan keçmək də xeyirli bir şey deyil.

Deməyim odur ki, hər tibb işçisi tibbi avadanlıqlardan anlayışlı olmur. Tomoqraf isə o qədər dəqiq olmalıdır ki, xəstəliyi təyin edə bilsin.

Nə isə, yeri gəldi, yazdım, ürəyimi boşaltdım. Azərbaycan səhiyyəsi ya düzəlməlidir, ya da mütləq düzəlməlidir!

Mission News Theme by Compete Themes.