Press "Enter" to skip to content

AYB-də Murad Qudyalçaylının 85 illik yubileyi

Rəşad Məcid çıxış edərkən

BAYRAQDAR MEDİA – Mayın 7-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Xaçmazda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisi üzvlərinin iştirakı ilə mərhum şair Murad Qudyalçaylının (1939-1997) 85 illiyinə həsr edilmiş yubiley tədbiri keçirildi.

Yubileydə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Tariyel Didarov; Xaçmazdakı Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova; Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı; Əməkdar jurnalist Əntiqə Qonaq; Xaqani adına Şabran Poeziya Evinin rəhbəri Aybəniz Əliyar, qiraətçi Dilarə Rüstəmova, AYB Həmkarlar Komitəsinin sədri Firuzə Məmmədli və başqaları iştirak etdi.

Tədbirdəki açılışı çıxışında Rəşad Məcid bildirdi ki, “təşəbbüsün müəllifi Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət olub. Onun Xaçmazda fəaliyyət göstərən “Ulduzlar” Ədəbi Məclisi ilə bağlı fikirlərini, narahatlığını tez-tez hiss edirəm. Yazıçılar Birliyi ilə sıx əlaqə qurmağını alqışlayıram. Minnətdarlıq, vəfa duyğusudur ki, “Ulduzlar” Ədəbi Məclis uzun illər ənənəni davam etdirir. Buna görə də Məclisin sədri Fərzalı müəllimə, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevə diqqəti üçün öz təşəkkürümü bildirirəm”.

Açılışdan sonra Ədəbi Məclisin sədri Fərzalı Ziyanurun moderatorluğu ilə çıxışlara başlanıldı. O, çıxışlardan öncə iştirakçıları şəhidlərin ruhunu yad etmək üçün sayğı duruşuna dəvət etdi.

Bunun ardınca söz verilən Tariyel Didarov da öz növbəsində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin adından salamlarını çatdıraraq bildirdi ki, hər bir xalqın ədibləri, şairləri, ağbirçəkləri, ağsaqqalları, yazarları o xalqın milli mənəviyyatının, qəhrəmanlıq salnaməsinin zənginləşməsində böyük rol oynayıb. Bizim xalq çox xoşbəxt xalqdır ki, dəyərlərimizi qoruyub saxlayır. Bu baxımdan Murad Qudyalçaylının yubileyi tədbirinin keçirilməsi təqdirəlayiqdir”.

Firuzə Məmmədli isə qeyd etdi ki, “Murad Qudyalçaylı sıradan şairlərdən olmayıb. O, Xaçmazda ədəbi mühitin bünövrəsini qoyub. Görkəmli şair Ramiz Qusarçaylıya təşəkkür edirəm. Siz böyük şairsiniz. Siz, demək olar ki, Quba-Xaçmaz ədəbi mühitini ayağa qaldıran ilk göyərçinlərdənsiniz. Fəaliyyətinizi alqışlayıram. Xaçmaz ədəbi mühitini burada görmək qürur verir. Bir zamanlar inanmazdım ki, Xaçmazda belə ədəbi mühit var. Deyiləndə ki, Xaçmazda, Qubada şair çıxmır, bu fikir qarşısında aciz qalırdım. İndi isə qürurla cavab verirəm, başda Ramiz Qusarçaylı, Məmməd Qədir olmaqla bölgədə ədəbi mühit var və inkişaf edir”.

Əməkdar jurnalist, BAYRAQDAR MEDİA-nın baş redaktoru Azər Həsrət isə qeyd etdi ki, “Murad Qudyalçaylının adının yaşadılmasında ən böyük təşəbbüs Fərzalı Ziyanura aiddir. Murad Qudyalçaylının bizə miras qoyub getdiyi “Ulduzlar” Ədəbi Məclisi təkcə rayonun, bölgənin deyil, ölkənin tanınan ədəbi məclisinə çevrilib. Xalq yazıçısı, Azərbaycan çağdaş ədəbiyyatının mayak şəxsiyyətlərindən olan Anar müəllim başda olmaqla yubiley tədbirinin keçirilməsində dəstək olan hər kəsə təşəkkür edirik. Murad Qudyalçaylının yaradıcılığı ilə tanışam. Bu gün burada səslənən xatirələr şairi yenindən tanımağıma şərait yaratdı. Mən düşünürəm ki, imkan edib Murad Qudyalçaylının ədəbi irsinin elmi cəhətdən öyrənilməsini təşkil etməliyik. Zamanında Murad Qudyalçaylının şeirləri kiril əlifbası ilə çap olunub. İndiki nəslin oxuması üçün isə bu əsərlər latın əlifbası ilə çap olunmayıb. Onun əsərlərinin bir toplu halında çap olunmasına ciddi ehtiyac var”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.