Press "Enter" to skip to content

Mən Şuşanı gördüm və ya Azərbaycanın bənzərsiz qüdrəti – VİDEO

Son yeniləmə: 5 Sentyabr 2021 16:40

2020-ci il noyabrın 10-da məlum üçtərəfli bəyanatın imzalanmasıyla başa çatan 44 günlük Vətən savaşının ardından Azərbaycanın dərhal dinc quruculuq mərhələsinə keçməsi bütün dünyanın diqqətini cəlb etmişdi. İndi aradan 10 aya yaxın vaxt keçib və artıq quruculuq işlərinin nəticələri əməlli-başlı gözə dəyir. Biz bu nəticələri adətən TV ekranından və ya sosial mediadan izləyirik. Lakin bu dəfə şəxsən gördük, şahidlik etdik və dəyərli oxucularımıza çatdırmaq qərarına gəldik.

30 avqust – 3 sentyabr günlərində Türk Keneşinin təşəbbüsüylə üzv ölkələrin jurnalistlərindən ibarət heyət Azərbaycana gəlmişdi. Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Macarıstan jurnalistlərinə Bosniya və Hersegovina, həm də Serbiya jurnalistləri yoldaşlıq edirdi. Bizim də bu heyətlə birlikdə olmağımız uyğun görüldüyündən bütün varlığımızla informasiya məsələlərində yardımçı olmağa çalışırdıq.

Avqustun 31-də səhər erkəndən Bakıdan Qarabağa yollandıq. Azad edilmiş torpaqlara girişimiz Füzuli rayonu ərazisində oldu. “Zəfər yolu”nun hamar və səliqəli asfaltı bizi irəliyə – Şuşaya doğru aparacaqdı. Lakin ona qədər yolumuzun üstündəki Füzuli Hava Limanını da görmək vardı. Azərbaycan dövləti bu qısa müddətdə işğaldan azad edilmiş torpaqlarda ilk hava limanını artıq istifadəyə hazır vəziyyətə gətirmişdi. (Yeri gəlmişkən, biz bu sətirləri yazmaqdaykən Bakı Hava Limanından ilk sərnişin və yük təyyarələrinin artıq Füzuli Hava Limanına enməsi xəbərini də almışdıq.A.H.)

Füzulinin Qarğabazarı kəndində ANAMA-nın minatəmizləyənləri ilə görüşdük. Bizə gördükləri işlər haqqında bilgi verdilər, əlavə olaraq da aşkar edilmiş minaları uzaq məsafədə partladaraq işlərinin yekununu göstərdilər. Bəlli oldu ki, Füzuli-Cərbayıl yolunun üzərində yerləşən bu məkanda ümumilikdə 12 km uzunluğu, 400 m eni olan ərazi minalardan təmizlənib.

Bundan sonra darmadağın edilmiş yollarla Cəbrayıl şəhərinə gəldik. Sanki orta əsrlərdən qalma xarabalıqlardaydıq. Ətrafda bir dənə də olsun sağ-salamat bina yox idi. Hər tərəf darmadağın edilmişdi. Şəhərin girişindəki “Dostluq” bulağından başlayıb mərkəzə doğru hərəkət etdik. Gördüklərimizi qonaqlara izah etdik. Əslində izaha da ehtiyac yox idi. Çünki hər şey göz önündə idi…

Cəbrayıldan ayrılıb Şuşaya yollandıq. Yenə də “Zəfər yolu” bizi qoynuna aldı. İrəli qaçaraq deyək ki, bu yol yüksək standartlara uyğun, çox keyfiyyətli tikilib. Demək olar ki, başa çatmaq üzrədir. Biz bələdçilərimizdən soruşanda yol hara qədər hazırdır, cavab bu oldu ki, demək çətindir. Çünki bu gün keçdiyimiz yol sabah daha da abadlaşmış olur. İşlər o qədər sürətlə aparılır ki, hər gün ciddi fərq yaranır. Ona görə də yolun hara qədər tam hazır olduğunu görmədən demək mümkün deyil.

Doğrudan da biz Şuşaya çatana qədər həm də yolu müşahidə edə bildik. Böyük iş görüldüyü göz önündə idi. Gözəl mənzərəli yolun ən azı 80 faizi tam hazırdır. Yerdə qalan 20 faizdə isə cüzi işlər görülməlidir. Örnək üçün, bir çox yerlərdə yolun altyapısı hazırdır və yalnız asfalt vurulmasına gərək var. Kim bilir, bəlkə də biz bu sətirləri yazarkən oraların da asfaltı tamamlanmış olacaq…

Beləliklə, “Zəfər yolu”nun gözəlliklərindən həzz ala-ala axşama doğru Şuşaya çatdıq. Otellərə yerləşdik, yemək yedik, hava qaraldığı üçün şəhəri gəzmək imkanımız olmadı. Lakin fikir eləmədik. Çünki səhəri gün üçün Şuşa gəzintisi nəzərdə tutulmuşdu. Bununla belə otelin balkonunda oturub ətrafı seyr etmək, ürək dolusu nəfəs almaq imkanımız oldu. Dostumuz Əkbər Qoşalıyla şəhərin mərkəzindəki otelin 5-ci mərtəbəsindəki balkonunda oturub o ki, var söhbət elədik.

Daha nələrdən danışmadıq? Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji dühasından tutmuş indi rahat keçdiyimiz “Zəfər yolu”nu canları və qanları hesabına açaraq Şuşanı bizə qaytaran qəhrəman oğullarımıza qədər hər kəsi xatırladıq. Biz Şuşadakı o balkonda oturduğumuz anlarda dövlətimizin nə qədər qüdrətli olduğunu yenidən kəşf etdik. Söhbət əsnasında ətrafı seyr etdikcə işığa boyanmış Şuşanı görməyin də bir başqa ləzzəti var.

Səhər – sentyabrın 1-də qonaqlarımızla birlikdə Şuşa gəzintisinə yollandıq. Mərkəzi meydanda Üzeyir Hacıbəyli, Natəvan və Bülbülün güllələnmiş büstlərini ziyarət etdik. Eyni zamanda 15 iyun 2021-ci ildə Azərbaycan və Türkiyə dövlət rəhbərlərinin birgə bəyanat imzaladığı məkanda olduq. Natəvanın viran qoyulmuş ev muzeyini də qonaqlarımıza tanıtdıq.

Daha sonra Cıdır düzü, Vaqifin məqbərəsi, qala qapılarına getdik. Yuxarı Gövhər Ağa məscidində bəzi həmkarlarımız namaz da qıldılar…

Qırğız həmkarıma qəhrəman əsgərlərimizin bu qayaları necə aşıb Şuşanı azad etməsindən danışıram

Şuşa ziyarətimizi günorta oteldə nahar etməklə tamamlayıb Gəncəyə yollandıq…

Şuşadan dönərkən yenə də dağlardan ayrılıb düzə endik. Xocavənd və Füzuli ərazisindəki darmadağın edilmiş kəndlər, həyat əlaməti olmayan torpaqlar ürək dağlayırdı. Az sonra biz bu mənzərəni arxada qoyub həyatın qaynadığı – işğal altında olmamış torpaqlarımıza çatdıq. Hər tərəf al-əlvan, ruha qida verən görüntülərlə zəngin idi.

…Axşama doğru Gəncəyə yetişdik. Şam yeməyini qonaqlarla birlikdə yeyib otelə yerləşdik. Ki, səhər erkəndən qalxıb Gəncənin o savaş günlərində bombalanmış səmtlərindən birinə baş çəkək…

Sentybarın 2-si səhər saatlarında Gəncədəki məlum məhəlləyə gəldik. Şəxsən mən oranın bombalandığı gecəni xatırlayıram. Uzaqda olsam da həmin gecə səhərə kimi informasiya müstəvisində işləmiş, əsasən də ingiliscə olmaqla informasiya yayımına mümkün qədər çox töhfə verməyə çalışmışdım. İndi isə özüm o ərazini gözlərimlə görürdüm…

Qarşımızda darmadağın edilmiş evlər vardı. Hər hansı hərbi bağlılığı olmayan adi bir məhəlləyə gecə saat 1-dən sonra bomba atıb yatan insanların məhv edildiyi bir yer idi bura. Evlərin dağılmış olmasıyla yanaşı diqqətimizi çoxillik ağacların məhv edilməsi də çəkməyə bilməzdi. Gəncə şəhər icra hakimiyyətinin görəvliləri də hadisə yerində idilər və qonaqların suallarını cavablandırırdılar…

Bir sonrakı mənzilimiz Ağdam şəhəri oldu. Yolüstü Bərdədə nahar da etdik. Bu fürsətdən də istifadə edib savaş günlərində Bərdənin başına gətirilənlər haqqında qonaqları bilgiləndirdik əlbəttə.

…Ağdama ikinci gəlişim idi. İlk gəlişim bu ilin martında olmuşdu. Gəzmiş, görmüş və gördüklərimizi yazıb göstərmişdik. İndiki müşahidələr göstərir ki, Ağdamda nəhəng işlər gedir. Hələ Bərdə-Ağdam yolunun tikintisini görmək yetərlidir. Geniş ərazidə su ötürücülər, körpülər, keçidlər quraşdılırıb. Yol yatağı əməlli-başlı işlənib. Yəni bəlli olur ki, çox qısa müddətə bu yolun da açılmasını görə biləcəyik. Ümumiyyətlə isə Ağdamın ermənilərin buraxıb getdiyi xarabalıqları fonunda Azərbaycan dövlətinin apardığı tikinti-quruculuq işləri hər halda həm düşmənlərimizin, həm də bizim mahiyyətimizi izah etmək üçün ən gözəl faktordur.

Təkcə bu lövhə Ağdamda hansı işlərin getdiyini göstərməyə yetər

Ağdamda İmarəti, Cümə məscidini ziyarət etdik. Yeni planlarla tanış olduq və günümüzün məntiqi sonluğunu ən uyğun və uğurlu şəkildə başa çatdırdıq. Özü də bu işdə bizə Prezidentin Ağdamın işğaldan azad edilmiş əraziləri üzrə xüsusi nümayəndəsi, Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov yaxından yardım etmiş oldu. Onun xarici jurnalistlərin suallarını peşəkarcasına və ayrıntılı şəkildə cavablandırması əməlli-başlı işimizə yaradı. Düzdür, biz də bir çox suallara cavab vermişdik və verəcəkdik. Lakin səlahiyyətli və daha bilgili bir şəxsin sualları cavablandırması daha faydalıdır.

Xarici jurnalistlər Emin Hüseynovdan çox razı qaldılar

Ağdamın ardından Bakıya döndük. Sentyabrın 3-də həmkarlarımızla Bakıdakı Heydər Əliyev Mərkəzini, Hərbi Qənimətlər Parkını gəzdik. Ardından da Kristal Holda İTV-nin baş direktoru Balakişi Qasımovla çay içib fikir mübadiləsi apardıq. Hər üç ziyarət olduqca faydalı idi.

Bütün bunların fonunda Qarabağda Macarıstan, Bosniya və Hersegovina, Qırğızıstan, Özbəkistan TV kanallarına müsahibələr verdim. Eyni zamanda digər media təmsilçilərinə də müsahibələr verdim.

Azərbaycan mediasına gəlincə, Baku TV-yə Cəbrayıl şəhərinin girişində bir müsahibə verdim. Ondan başqa ingilis və rus dili sıxıntısı olan Azərbaycanlı həmkarlarım üçün tərcüməçilik etdim. Onların xarici qonaqlardan müsahibələrini təşkil etdim, heç çəkinmədən kadr arxasından yardımçı oldum. Eyni zamanda Gəncədə olarkən şəhər təmsilçilərinin müsahibələrinə də vasitəçilik etdim, hətta tərcümə də etdim. Yəni bu səfər ərzində özümü bir sıravi Vətən övladı kimi görərək ən xırda işləri belə həvəslə gördüm. Çünki bizim dərdimizi çəkib dünyaya göstərmək istəyənlər vardı və onlara yardımçı olmaq boynumuzun borcudur.

Bütün bunlarla bərabər səfər boyunca xarici həmkarlarımıza ərazi, əhali, işğal, savaş günləri, tarix haqqında da mümkün qədər bilgi verərək maarifləndirməyə çalışdım. Təbii ki, onlar bu torpaq, olaylar haqqında bizim qədər məlumatlı deyil və ona görə də bilgisi olanların onları müşayiət etməsi işin faydasınadır. Ən azından öz üzərimdə bunu hiss etdim və mümkün qədər çalışdım ki, adamların bütün sualları cavablandırılsın. Təbii ki, bəzən sual olmurdu, amma durduğumuz yer, döyüşlərin gedişi, nəticələr haqqında əlavə bilgi verirdim. Bəzən sadəcə danışdığımız yerdə kameraların üzümə tuşlandığını görüncə anlayırdım ki, adamlar bu bilgiləri eşitməyə həvəslidir.

Beləliklə, Qarabağ və Gəncə səfərimiz olduqca faydalı keçdi. Hələ biz ordaykən bəzi xarici həmkarlarımız öz ölkələrində yayımlanmış reportajları bizimlə də paylaşırdılar. Geniş, ayrıntılı, görüntülü reportajlar olduqca gərəklidir. Bundan başqa onlar da bizim kimi səfərin ardından əlavə və daha geniş reportajlar verəcəklər ki, bu da işimizə çox faydalı olacaq…

Sözardı: Xarici qonaqlarla birlikdə heyətimiz çox geniş idi. Əlbəttə, Azərbaycandan olan digər həmkarlarım, eləcə də Türk Keneşi Baş katibinin müavini Qismət Gözəlov başda olmaqla vəzifə sahibləri boş durmamışdılar. Onlar da mümkün olduqca qonaqların bilgiləndirilməsinə töhfə verməkdəydilər.

Gəncə. Türk Keneşi Baş katibinin müavini Qismət Gözəlovla fikir mübadiləsi
Mission News Theme by Compete Themes.