Press "Enter" to skip to content

Mətbuat Şurasında beynəlxalq ekspertlərlə görüş

Bayraqdar.info – Sentyabrın 16-da Litva və Avstriyadan olan tərəfdaş təşkilatlar və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə tərəfdaşlığı ilə Mətbuat Şurasında görüş keçirilib.

Xəbər sentyabrın 16-da bayraqdar.info-ya Mətbuat Şurasından verilib.

Xəbərdə bildirilir ki, görüşdə “Məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi sahəsində dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi” adlı Tvinninq layihəsinin beynəlxalq ekspertləri iştirak ediblər.

Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin ekspertləri Paulius Rymeikis, Manuela Hargassner-Delpos, Thomas Hainlen, həmçinin sözügedən layihə üzrə əlaqələndirici Asta Jurgute, Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov MŞ sədri Əflatun Amaşovla görüşüblər.

“Görüşdə Ə.Amaşov bildirib ki, rəhbərlik etdiyi təşkilat məişət zorakılığı məsələlərinin mediada işıqlandırılması məsələlərinə hər zaman böyük önəm verib və bu sahədəki vəziyyəti diqqətdə saxlayıb. Qurum mövcud xüsusda davamlı monitorinq keçirməkdədir. Prosesdə mövzu üzrə jurnalist yanaşmalarına nəzər salınır, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın müvafiq prinsip və bəndlərinə nə dərəcədə əməl olunmasına baxılır, pozuntu faktları qruplaşdırılır, ümumiləşdirmələr aparılaraq mediaya təqdim edilir.

“Konkret pozuntu faktları ona yol verən mediaya çatdırılır və tövsiyə edilir ki, gələcəkdə oxşar xoşagəlməz hallar yaşanmasın. Əlbəttə, mediada məişət zorakılığının işıqlandırılması istiqamətində problemlər var. Bu isə əksər hallarda hüquqi bilgisizlikdən irəli gəlir. Hərçənd, son zamanlar müəyyən müsbət dinamika hiss olunmaqdadır”, – deyə Ə.Amaşov çıxışında qeyd edib. O, Şuranın bununla bağlı indiyədək çoxsaylı treninq-məşğələlər, seminarlar təşkil etdiyini xatırladıb.

“Nəticədə bir çox jurnalistin mövcud sahədə kifayət qədər biliklər əldə etdiyini vurğulayıb və bu tendensiyanın media materiallarına da müsbət mənada təsir göstərdiyini bildirib.

“Müvafiq qurumlar arasında bu sahədə əməkdaşlığın təşviq edilməsi, sosial işçilər, hakimlər, jurnalistlər və digər maraqlı tərəflər üçün məişət zorakılığı ilə bağlı problemlərin həlli yolları, gender bərabərliyi, qadınlara qarşı zorakılıq və məişət zorakılığı kimi sahələrdə məlumatlılığın artırılması məqsədilə xüsusi tədbirlərin təşkil edilməsi müzakirə olunub.

“Müzakirələrdə iştirak edən MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, MŞ Idarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, MŞ-nin icraçı katibi Şəmsəddin Əliyev medianın məişət zorakılığı və gender bərabərliyinə dair paylaşımlarındakı spesifik tərəfləri diqqətə çatdırıblar. Görüşdə layihənin media ilə bağlı görüləcək işlərə dair birgə əməkdaşlığın həyata keçirilməsi qərara alınıb”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.