Press "Enter" to skip to content

Beynəlxalq reytinqə Azərbaycanla bağlı müdaxilə olub, amma…

Azər HƏSRƏT

Dünya Bankının “Doing Business” hesabatlarını hər kəs bilir. Özəlliklə də ictimai-siyasi sektorda olanlar. Hələ bunu Prezident İlham Əliyevin əleyhdarları hamıdan yaxşı bilir. Üstəlik də anti-Azərbaycan qüvvələr.

Onu da hər kəs xatırlar ki, hər il bu hesabat yayımlananda ermənilər başda olmaqla anti-Azərbaycan qüvvələr kampaniya başladıb ölkəmizi gözdən salmağa çalışırdılar. İddia edirdilər ki, Azərbaycan həmin hesabatlarda-reytinqlərdə daha yüksək yer tutmaq üçün guya kimlərəsə rüşvət verir. Hətta utanmadan iddia edirdilər ki, Dünya Bankının bu hesabatları məhz Azərbaycan hakimiyyətinin reytinqinin yüksəldilməsi üçün bu cür saxtalaşdırılır.

Bizsə nə deyirdik? Deyirdik ki, Azərbaycanın belə reytinqlərdə özünü süni şəkildə daha yüksəkdə göstərməyə ehtiyacı yoxdur. Çünki ölkədə həqiqətən inkişaf var. Problemlər də yox deyil. Lakin daha əlverişli şərtlərlə biznes qurmaq üçün imkanlar hər keçən il yaxşılaşır və bu da uyğun şəkildə beynəlxalq qurumların hesabatlarında diqqətə alınır.

Yəni biz əmin idik ki, Azərbaycan hakimiyyəti süni şəkildə ölkəmizi reytinqlərdə irəli çəkmək təcrübəsindən yararlanmır. Əksinə, əmin idik ki, bir çox qurumlar ölkəmizi layiq olduğundan xeyli aşağı pillələrdə göstərməklə Azərbaycana qərəzli yanaşırlar.

Budur, biz demirik, artıq təsdiq olunmuş faktdır ki, Dünya Bankının “Doing Business” reytinqinə Azərbaycanın əleyhinə müdaxilə edilirmiş.

Hətta iş o yerə çatıb ki, kənar auditor şirkəti dəvət edərək yoxlama aparıblar. Və bəlli olub ki, reytinqə Azərbaycanın əleyhinə müdaxilə olub. Bəli, məhz əleyhinə! Ermənilərin, onların havadarlarının iddia etdiyi kimi Azərbaycanın lehinə deyil, məhz əleyhinə! Ermənilərin yalanlarını bəh-bəhlə tirajlayıb Prezident İlham Əliyevi gözdən salmağa çalışan bəzi sapı özümüzdən olan baltaların da iddialarının əksinə olaraq həm də!

Nə imiş bəlli olan? Bəlli olan odur ki, Dünya Bankı 2020-ci il üçün reytinqi dərc etməkdən vaz keçib. Səbəbsə odur ki, reytinqə süni müdaxilələr olub. Əsasən də Çin, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycanla bağlı. Maraqlıdır ki, müdaxilələr ilk üç ölkənin xeyrinə, Azərbaycanınsa əleyhinə edilib!

İndi o adamlar çıxsın ortalığa, bir daha iddialarını sübut etsinlər: necə olur ki, Azərbaycanın bu cür reytinqlərdə daha yüksək yer tutmaq üçün qanunsuz yollara əl atdığını iddia edirsiniz, amma gerçəkdə ölkəmizin zərərinə müdaxilələr olur? Əgər Azərbaycan dövləti doğrudan da belə müdaxilələr üçün sandığın ağzını açsaydı bizi layiq olduğumuz yerdən daha aşağıda göstərərdilərmi?

Bəlli olur ki, Azərbaycan bu reytinqdə 2020-ci il üçün 34-cü yerdə göstərilir. Halbuki süni müdaxilə olmadan gerçək bilgilər nəzərə alınsaydı ölkəmiz 28-ci yerdə olacaqdı. Saxtalaşdırma var, qərəz var, lakin bu, Azərbaycanın xeyrinə deyil. Əksinə, Azərbaycanın zərərinədir…

Bir daha deyirik: Azərbaycan dövlətinin özünün mövqelərini süni şəkildə yaxşılaşdırmasına heç bir gərək yoxdur. Çünki ölkəmiz istənilən halda inkişaf yolu tutub, hər şeyin ASANlaşdırılmasını hədəf kimi seçib. Ona görə də bizim ölkəmizdə biznes qurmaq üçün şərtlər mümkün qədər yumşaldılıb. Bu isə ölkəmizin daha yaxşı pillədə qərar tutması üçün yetərlidir…

Mission News Theme by Compete Themes.