Press "Enter" to skip to content

Fərqli ölkələrdə məktəb direktorlarının əməkhaqları – TƏHLİL

Azər Ələkbərov,
Hüquq üzrə fəlsəfə doktoru

Rusiyada məktəb direktorunun əməkhaqqı 30 min rubldan (423$) başlayır və 210 min rubladək (2961$) dəyişir.

30 min rubl, yəni ən aşağı əməkhaqqını ucqar kəndlərdə olan və siniflərdə 10 nəfər şagird oturan 50-100 nəfərlik məktəblərin direktorları alır.

Əyalət və region şəhərlərində əməkhaqqı 50 min rubldan (705$) başlayır.

Paytaxt Moskvada əməkhaqqı 200 min rubladək (2820$) və daha yüksək olur.

Habelə, dövlət tərəfindən müəyyən olunan bu stavka maaşına kargüzarlıq, axşamadək iş rejiminə görə (2 növbəli məktəblərdə), şagird sayının çoxluğuna görə, məktəbin yerləşdiyi ərazisinə görə (nəqliyyatdan, digər infrastrukturdan uzaq olan məktəblər) və məktəbin nailiyyətlərinə görə (olimpiada qaliblərinin sayına, məzunların Vahid dövlət imtahanında nəticələrinə, reytinq siyahısında yerinə görə) əlavə ödənişlər edilir.

Əlavə ödənişlər yerli təhsil idarələri tərəfindən hər tədris ilinin başlanğıcında (1 sentyabr ərəfəsində) təyin olunur.

Direktorlar müddətsiz təyin olunur

Direktorlar müddətsiz təyin olunurlar (yəni 1 illik müddətli təyinat praktikası yoxdur). Məktəb direktorları öz idarəetmələrində sərbəstdirlər. Təhsil idarələri çox nadir hallarda onların işinə müdaxilə edir.

Lakin məktəbin ilin əvvəlindəki və tədris ilinin sonundakı nəticələri mənfiyə doğru kəskin dəyişərsə direktor qeyd-şərtsiz vəzifəsindən azad olunur.

Qeyd edək ki, bu sərt mexanizm Avropadakı yanaşmadan fərqlənir. Avropa yerli təhsil idarələri, məktəbin təlim nəticələri aşağı düşdüyü halda mentorlar vasitəsi ilə məktəb direktoruna dəstək olurlar və təlim nəticələrini həmin direktorla birlikdə yüksəldirlər.

Digər tərəfdən, Avropanın əksər dövlətlərində məktəblərin maliyyələşdirilməsi şagird sayına uyğun olduğu üçün məktəb direktoru və pedaqoji heyət təlim nəticələrinin yüksəldilməsində maraqlıdırlar ki, valideynlər uşaqlarını digər məktəblərə aparmasınlar.

Qayıdaq qonşu dövlətin əməkhaqlarına

Direktor müavinləri iri şəhərlərdə və Moskvada 40-50 min rubl (564-705$), təsərrüfat müdirləri isə 25-35 min rubl (352-493$) arası maaş alırlar.

Əyalətlərdə və ucqar kəndlərdə bu rəqəm bir az da aşağıdır.

Bütün bunlarla yanaşı, Rusiya qanunvericiliyi yerli hökumətlərə və yerli munisipal idarəetmə orqanlarına məktəb rəhbərliyinin əməkhaqlarına əlavə ödənişlərin edilməsinə icazə verir.

Bu baxımdan ən yüksək yerli ödənişləri Ulyanovsk və Tolyatti şəhərləri edir. Burada direktor muavininin əməkhaqqı 50-60 min rubladək (705-846$), direktorun isə 90-150 min rubladək (1269-2115$) qaldırılır.

Moskvada bütün büdcə təşkilatları işçilərinə olduğu kimi, məktəb direktorlarına da sosial kartlar verilir və həmin kartlar ictimai nəqliyyatdan (metro daxil) pulsuz istifadəyə imkan yaradır.

Məktəb direktorları Rusiyada dövlət qulluqçuları hesab olunurlar və dövlət qulluqçularına qanunvericiliklə şamil edilən bütün hüquq və vəzifələri, öhdəlikləri, o cümlədən imtiyazları üzərlərinə götürürlər.

Dövlət qulluqçusunun statusundan irəli gələn mühüm imtiyazlardan biri kimi, dövlət tərəfindən pulsuz mənzillə təmin olunması imtiyazını xüsusi qeyd etmək olar.

Dünya üzrə məktəb direktorlarının ORTA AYLIQ əməkhaqları

1. Böyük Britaniya – 9 min 100 avro;
2. Almaniya – 8 min 300 avro;
3. ABŞ – 10 min dollar;
4. Avstraliya – 9 min 600 dollar;
5. Kanada – 9 min 400 dollar;
6. Latviya – 2 min 115 avro;
7. Rusiya – 1 min 200 dollar;
8. Türkiyə – 1 min 100 dollar;
9. Gürcüstan – 735 dollar;
10. Ukrayna – 571 dollar;
11. Belarus – 536 dollar;
12. Qazaxıstan – 420 dollar;
13. Azərbaycan – 345 dollar.

Qeyd edim ki, yuxarıda göstərilən orta aylıq əməkhaqları bütün ölkələrdə məktəblərin şagird sayına, reytinq göstəricilərinə və yerləşdiyi əraziyə görə dəyişir.

Həmin ölkələrin özəl məktəblərində əməkhaqları göstərilənlərdən 3-4 dəfə çoxdur.

Əksər ölkələrin təcrübələrində məktəb direktoru vəzifəsinə 40 yaşından yuxarı və ən azı 10 il pedaqoji stajı olan şəxslər təyinat alırlar.

Azərbaycanda məktəb direktorlarının əməkhaqları

Azərbaycanda məktəb direktorlarının əməkhaqları şagird sayına və yerləşdiyi əraziyə görə dəyişmir. İstər 5 yüz nəfərlik, istər 3 min nəfərlik, istər təmir olunmuş, istər tualeti, istiliyi, interneti olmayan (bunların birbaşa təlim nəticələrinə təsiri var), istər təlim nəticələri yüksək olan, istər reytinq siyahısında sonda olan, istər Bakıda, istər ucqar dağ kəndində yerləşən məktəblərin direktorları eyni maaşa malikdir.

Digər tərəfdən, çox üzücüdür ki, motivasiya kimi vacib anlam direktorlara münasibətdə, demək olar ki, sıfır səviyyəsindədir. Məktəb direktorlarının işini stimullaşdıran amillər və yanaşmalar, təəsüflər olsun ki, ümumiyyətlə gündəlikdə mövcud deyil. Vicdanlı, məsuliyyətli, məktəb nəticələrini və təlim-tədris intizamını yüksəldən direktorlar təltif əvəzinə tənbeh olunub təzyiqlərə və təhdidlərə məruz qalırlar. Çox təəssüflər olsun ki, bu, bir reallıqdır.

Səbəb? Yəqin məktəb direktorundan üst qurumların gözləntiləri “əməkdaşlığı” bu müstəvidə qurmağı diktə edir.

Əlavə olaraq qeyd edim ki, Azərbaycanın mövcud təhsil idarəetmə təcrübəsinə əsasən, məktəb direktorları müddətli müqavilə əsasında 1 il müddətinə (!) təyin olunurlar və bu da əvvəl qeyd etdiyim kimi, stimulu, motivasiyanı aşağı endirir. Direktorun təyin olunduğu məktəbə var qüvvəsi ilə enerjisini sərf etməsinə şərait yaratmır, kollektivin öz liderinə güvənməsinə, islahatlara dəstək verməsinə, vahid bir ailəyə çevrilməsinə ciddi maneə olur.

Məktəb direktorlarına güvən

Ən əsası, üst qurumun bu yanaşması yeni təyin etdikləri və mürəkkəb müsabiqələrdən, müsahibələrdən, təlimlərdən, təyinat mexanizmlərindən keçirdikləri direktorlarına güvənin olmamasına, öz seçimlərinə əmin olmadıqlarına, direktorları asılı vəziyyətdə saxlamalarına, hər il müqaviləni uzatmaq üçün direktoru üst qurum qarşısında minnətli etmələrinə işarə və dəlalət edir.

Çox maraqlıdır ki, ilk dəfə 2014-cü ildən tətbiq olunan məktəb direktorlarının müsabiqə yolu ilə seçilməsi mexanizmi bu prosesdə nəqativliyin aradan qaldırılmasına, şəffaflığın təmin olunmasına xidmət etsə də, hər il direktorun intizarla “müqaviləm uzadılacaq, ya uzadılmayacaq” gözləntiləri, uzadılması üçün narahat olması, “hərəkətə” keçməsi anlamı əvvəlki təyinat mexanizmindən daha çox neqativ hallara şərait yaradır.

Üstəgəl, məktəb kadrlarının işə qəbulunda, komandanın formalaşdırılmasında məktəb direktorunun səlahiyyətinin olmaması ucbatından (hal-hazırda bütün işçi heyətin, direktor müavinlərinin, müəllimlərin, psixoloqun, uşaq birliyi rəhbərinin, hərbi rəhbərin, laborantların, xadimələrin və katibənin – yəni bütün işçi heyətin işə qəbulu səlahiyyəti direktordan alınıb və üst qurumlara verilib) məktəbi və təhsili irəli aparmaq, buraxılmış məktəbi dirçəltmək və islahat etmək, təlim nəticələrini yüksəltmək 1 illik müddətinə təyin olunan direktor üçün mümkünsüz olur.

Direktor pedaqoji prosesdən uzaq tutulur

İş o yerə çatıb ki, qanunvericiliklə məktəb direktoruna və müavinlərinə 12 saat dərs aparmaq hüququnu da üst qurumlar öz əllərinə keçirərək direktorları 12 saatlıq dərsdən də məhrum edirlər. Beləliklə, onsuz da olmayan motivasiyanı daha da yox edirlər, direktoru pedaqoji və tədris prosesindən uzaqlaşdırırlar, tədrisi içdən duymağa, şagirdlərlə tədris təmasında olmasına qadağa qoyurlar, direktorun onsuz da acınacaqlı əməkhaqqına ciddi zərbə vururlar.

Bu absurd səlahiyyət “tamahkarlığı” (heç kəs məndən inciməsin, bunun başqa adı varsa, deyin bilək) sonda yalnız bir nəticəyə gətirib çıxarır: “təhsili unut və dolanışıq yollarını düşün”.

Beləliklə, indiki şəraitdə və müəyyən prosedurlarda, mexanizmlərdə məktəb direktoru gərək o qədər meqapeşəkar, təcrübəli, inadkar, iradəli və səriştəli olsun ki, işini, peşəsini gərək o qədər sevsin ki, kənar yerdə öz biznesi və gəlir mənbəyi olsun ki, (məhs bu səbəbdən əksər direktorlar kurslarda və hazırlıqlarda çalışırlar), bəlkə, hardasa məişət dili ilə desək, “hərif” olsun ki, əlverişsız bir şəraitdə məktəbi, ələlxüsus buraxılmış, geriləmiş məktəbi dirçəltsin.

Və, nəhayət, “bıçaq sümüyə dirəndiyi” üçün sonda bunu da qeyd edim ki, Azərbaycanın indiki məktəb menecmenti mexanizmində, bu sistemin, piramidanın qurulmasında, bu mexanizmin idarə olunmasında müşahidələrim göstərir ki, bu işdə təhsil “qoxusu” artıq çox cüzi hiss olunur və getdikcə bu “qoxu” sürətlə azalır…

ƏLAVƏ: Təhlil etdiyimiz ölkələrdə Ai-95 benzinin 1 litr üçün qiymətləri

1. Almaniya – 1.74 avro;
2. Böyük Britaniya – 1.65 avro;
3. Latviya – 1.54 avro;
4. Kanada – 1.15 avro;
5. Avstraliya – 1.09 avro;
6. Ukrayna – 1.02 avro;
7. Gürcüstan – 0.86 avro;
8. ABŞ – 0.84 avro;
9. Azərbaycan – 0.81 avro;
10.Türkiyə – 0.74 avro;
11. Belarus – 0.74 avro;
12. Rusiya – 0.63 avro;
13. Qazaxıstan – 0.35 avro.

Redaksiyadan

Bayraqdar.info: Əslində, sahəni yaxşı bilən, işinə vicdanla yanaşan və ölkədə aparılan islahatlara, o cümlədən təhsilə ürəkdən töhfə verməyə çalışan müəllifin bu yazısı bir həyəcan təbili olmalıdır. Bilirik, indi kimlərsə belə bir yazı dərc etdiyimizə görə hətta bizi də hədəfə alacaqlar. Prezidentə, dövlətə qarşı çıxdığımızı iddia edib adımızı öz sifətləri rəngində olan qara siyahılarda bir az da yuxarı çəkəcəklər. Olsun. Biz belə şeylərdən çəkinsəydik, yalnız özümüzü düşünsəydik cəmiyyəti narahat edən problemləri dilə gətirib özəlliklə də ölkə başçısının diqqətinə çatdırmaq üçün illərimizi verməzdik.

Ümumiyyətlə isə yaxşı olardı ki, bu yazıda qaldırılan məsələlər Təhsil Nazirliyində ayrıca diqqətə alınsın, dəyişikliklər üçün təkliflər hazırlansın, islahatların tərkib hissəsi kimi dövlət başçısına təqdim edilsin. Özü də ən qısa zamanda. Çünki müəllif burada doğrudan da çox ciddi və əsaslı məsələlərə yer verib. Ki, o məsələlər həll edilmədən təhsili irəli aparmaq çox çətin olacaq. Örnək üçün, 100 nəfər şagirdi olan məktəbin direktoru ilə 2 min nəfər şagirdi olan məktəbin direktoru da, yaxud bir növbəli məktəbin direktoru ilə iki növbəli məktəbin direktoru da niyə eyni məbləğdə əməkhaqqı almalıdır? Axı görülən işə – sərf edilən əməyə uyğun ödənməlidir əməkhaqqı. Yaxud da məktəbin idarə olunmasında niyə direktorların da qərar verib tətbiq etmə imkanı olmasın? Bu cür suallara müəllif ürək ağrısıyla yer verir və həllini də, əslində özü təklif edir…

Bu arada onu da əlavə edək ki, yəqin yazıya görə bəzi qara qüvvələr müəllifi də hədəfə alacaq. Bax, həmin qüvvələr həm təhsildə, həm də ölkədə aparılan islahatları bütün varlıqları ilə əngəlləyərək Prezidentin islahatlarını sabotaj edənlərdir. Düşünürük ki, islahat tərəfdarları, özəlliklə də rüşvət və korrupsiyadan uzaq olanlar bu yazıdan istifadə edib işlərini bir az daha möhkəmləndirə bilərlər. Biz də, əlbəttə ki, belə proseslərdə hər zamankı kimi dəstəyimizi əsirgəməyəcəyik.

Mission News Theme by Compete Themes.