Press "Enter" to skip to content

1 milyon işçinin əməkhaqqında ciddi artım qərarı

Prezident İlham Əliyev

Son yeniləmə: 17 Dekabr 2021 18:30

Bayraqdar.info – Dekabrın 17-də Prezident İlham Əliyev minimum əməkhaqqının artırılması haqqında Sərəncam imzalayıb. Xəbəri eyni gündə Prezidentin Mətbuat xidməti yayıb.

O da bildirilir ki, vahid tarif cədvəli üzrə işləyənlərin əməkhaqları da artırılıb.

Beləliklə, Sərəncamla 2022-ci ilin 1 yanvarından ölkədə minimum əməkhaqqı 250 manatdan 300 manata yüksəldilir.

Qeyd edilir ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə işləyənlərin maaşlarının minimum məbləğləri də bu Sərəncama uyğunlaşdırılacaq və artım VTC-nin bütün pillələri üzrə artımlara imkan verəcək.

Hər iki kateqoriyaya şamil ediləcək artım ümumilikdə 800 min nəfəri əhatə edəcək. Bunun üçün dövlət illik əlavə 460 milyon manat vəsait ayıracaq.

Nəzərə alaq ki, minimum əməkhaqqının artımı son üç il ərzində 2,3 dəfə təşkil edib. Yəni 2018-ci ildəki 130 manat 2022-ci ilin 1 yanvarına 300 manat təşkil edəcək.

Əlavə edək ki, minimum əməkhaqqının bu həddə qədər artırılması gələn il üçün 210 manatlıq yaşayış minimumunu da ciddi bir şəkildə aşacaq. Özü də düz 43 faiz.

Ümumiyyətlə, Prezidentin bu Sərəncamı vətəndaşın rifah halının yaxşılaşdırılması baxımından ciddi bir addımdır. Hələ nəzərə alsaq ki, dünyada COVID-19 üzündən pandemiya tüğyan edir və bir çox ölkələr fəlakət həddinə qədər yuvarlanıb, Azərbaycanın bu addımlarını yalnız təqdir etmək olar.

Onu da bildirək ki, Prezidentin başqa bir Sərəncamıyla dövlət büdcəsindən maliyyələşən bir sıra qurumların işçilərinin əməkhaqları da orta hesabla 20 faiz artırılıb.

Növbəti Sərəncamla Prezident ümumi təhsil müəssisələrində işləyənlərin əməkhaqlarının 20-40 faiz arası artırılmasını da gerçəkləşib. Eyni qaydada artım peşə təhsili müəssisələrinə də şamil edilir. Bu isə o deməkdir ki, daha 165 min nəfər işçi əməkhaqqı artımından faydalanacaq. Yeri gəlmişkən, bu sahədə artımlar üçün dövlət əlavə olaraq 273 milyon manat vəsait ayıracaq.

Və ən əsas məsələ: qeyd olunan artımlar ümumilikdə 1 milyona yaxın insanı əhatə edəcək ki, bu da ailə nisbətinə uyğunlaşdıranda əhalinin 50 faizə qədəri deməkdir. Yəni yeni artımlardan ölkə əhalisinin 50 faizi yararlana biləcək.

Mission News Theme by Compete Themes.